Kubra Məhərrəmova yazır...
Hər məhəllənin öz "moşennik"i olur. Ona beş, buna on manat "atır". İndi deyəcəksiniz ki, Azərbaycan dilində dələduz sözü var. Var, amma dələduz sözü bu tipajların təsvirinə elə bil bir o qədər yaxşı oturmur. Tam ifadə üçün elə "moşennik" yaxşıdır.
Adi məhəllə dələduzu bir neçə nəfəri aldadır, böyük miqyaslı "moşennik" isə maliyyə, siyasət və imicdən istifadə edərək minlərlə insanın taleyinə təsir edir. Üç-beş nəfərə "əl tutub" manipulyasiya edərək özünü az qala İsa Məsih qədər müqəddəsləşdirir.
Ruben Vardanyan da "moşennik"dir. Sadəcə miqyası böyükdür. Ruben Vardanyan uzun illər Rusiyanın maliyyə sektorunda fəaliyyət göstərib. Onun adı investisiya bankçılığı, ofşor maliyyə sxemləri və beynəlxalq araşdırmalarda hallanıb. Şəxsən mənim oxuyub-yaza bilmədiyim rəqəmlərdə çirkli pullar yuyub. Allah tərəfi demək lazımdır ki, bunu əla bacarıb.
Əslində, Ruben daha böyük "moşennik" ola bilərdi, sadəcə həyatının ən böyük səhvini etməsəydi.
Yadınıza gəlirsə, Vardanyan günlərin bir günü özünü ermənilərin lideri, separatçıların "dövlət naziri" və ən böyük vətənpərvəri elan etdi. Köçüb gəldi Azərbaycana, Qarabağa. Bununla da, necə deyərlər, dizinə güllə vurdu.
Amma görünür, özü hesab edirdi ki, siyasi statusu və beynəlxalq əlaqələri onu hüquqi məsuliyyətdən qoruyacaq, Qarabağın "dövlət naziri" olacaq. Heç kim ona toxunmayacaq. Yadınıza gəlirsə, o ərəfədə beynəlxalq televiziya kanallarında xeyli müsahibələr, video görüntülər tirajlayırdı. Sanki "Böyük Ermənistan" layihəsini reallaşdıracaq göydəndüşmə "qəhrəman" idi. Bu mif o qədər tirajlandı ki, Ruben özü də öz böyüklüyünə, "qəhrəman"lığına inandı.
Sonra isə baş verənləri bilirsiniz. Azərbaycan dövləti bütün ərazilərini terrorçu, separatçılardan azad etdi, suverenliyi bərpa etdi. Nə "dövlət naziri" qaldı, nə də "moşennik" Ruben.
Ortalığın qarışdığını görən Vardanyan Azərbaycan ərazisindən Ermənistana qaçmağa cəhd edərkən 27 sentyabr 2023-cü ildə Laçın sərhəd-keçid məntəqəsində Dövlət Sərhəd Xidməti tərəfindən saxlanıldı və Bakıya gətirildi. Bu hadisəni əks etdirən foto-videolara indi də baxanda görünür ki, Vardanyan üçün bu, əsl sürpriz idi.
Görünür ki, Rubenə tamam başqa vədlər verilmişdi və hadisələrin gedişatı və sonluğu onun gözlərinin bərəlməsinə səbəb olmuşdu. Ruben Vardanyan artıq 2 il 10 aydan çoxdur ki, gözü bərəlmiş vəziyyətdə Bakıda həbsdədir.
Düşünürəm ki, hələ də inanmır ki, onun kimi "moşennik"i həbs edib məhkəməyə çıxarıblar. Özü də kim, Azərbaycan Dövləti!
Görünür, Rubenin əvvəlki "sxemlər"i burada işləmədi. Məhz bu nöqtədən sonra hadisələr onun planlaşdırdığı ssenaridən çıxdı. Elə Qarabağdan da sıyrılıb çıxmaq istəyirdi ki, qapılar bağlandı.
Bu məqam mənim üçün hələ də qaranlıq qalır.
Vardanyanın ssenarisini yazanlar niyə olduqca vacib məqamı diqqətə almamışdılar?
Ssenariyə əvvəldən baxaq.
Ruben dünyada xeyriyyəçi kimi təqdim olunur. Mesenat, filantrop, vətənpərvər və s. Daha sonra separatçı rejimdə yüksək vəzifəyə "təyin olunur". Ən maraqlısı da odur ki, Ruben kimi böyük miqyaslı "moşennik" buna razılaşır. Çünki şeytana ayaqqabını tərs geyindirən dələduzdan bu qədər "sadəlövhlük" ağıla batmır.
Buradan da iki fikir meydana çıxır. Ya Rubeni şantaj edib, Qarabağa göndərirlər (Böyük ehtimal ki, qanunsuz əməllərinə görə həbs oluna bilərdi), ya da Ruben və onun layihə rəhbəri Azərbaycanın suverenliyi tam bərpa etməsini gözləmirdilər.
Bəlkə də, Vardanyan Qarabağı siyasi investisiya kimi görürdü. Hesab edirdi ki, bu layihə onu gələcəkdə Ermənistan siyasətinin əsas fiqurlarından birinə çevirəcək, amma bu dəfə bütün aksiyaları yandırdı.
Tarix göstərir ki, böyük "moşennik"ləri məhv edən sonuncu ssenari olur.
Adətən Hollivud filmlərində görürük: "Coni, bu son işimizdir. Bundan sonra "biznes"dən çıxırıq və rahat həyat yaşayacağıq".
Bu ssenarini oynayan Ruben də özünü hamıdan ağıllı hesab etdiyi üçün geri dönüş yolunu belə hesablamadı. Elə bildi ki, "qara pullar"ı yumaq, investisiya bankçılığı, ofşor maliyyə sxemləri kimi dövlətlə də eyni oyunu oynaya bilər. Amma dövlətin də öz ssenarisi var. Dövlət bu ssenari ilə addım atanda nə pullar, nə əlaqələr, nə də illərlə qurduğun "filantrop" imici adamın köməyinə gəlmir. Final səhnələrdən biri isə Laçın sərhəd-keçid məntəqəsində çəkilir. Filmin ən yaddaqalan, epik məqamı isə budur.