"Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər yalnız Azərbaycanın mineral ehtiyatlarının gələcək istismarı baxımından deyil, həm də işğal dövründə həmin resurslara münasibətin mahiyyətinin dərk edilməsi baxımından əhəmiyyətlidir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qızıl, mis və digər faydalı qazıntı yataqlarının mövcudluğu bu torpaqların iqtisadi potensialının mühüm hissəsini təşkil etməklə yanaşı, həmin sərvətlərin otuz ilə yaxın müddət ərzində hansı münasibətlə üzləşdiyini də xatırladır:

"Bu baxımdan Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsi ərəfəsində baş verən hadisələr işğalın mahiyyətini yalnız siyasi və hərbi müstəvidə deyil, ekoloji baxımdan da nümayiş etdirən faktlardır. 2020-ci ilin noyabrında Kəlbəcər və Laçından çıxmaq məcburiyyətində qalan Ermənistan silahlı qüvvələrinin həmin ərazilərdə meşələri yandırması işğalın son mərhələsinin ən ağır ekoloji epizodlarından biri kimi yadda qalıb. Prezident İlham Əliyev həmin dövrə dair çıxışlarında işğal illərində Azərbaycan meşələrinin kəsildiyini, talandığını və son mərhələdə yandırıldığını dəfələrlə qeyd edib. 2020-ci ilin dekabrında Laçının işğaldan azad edilməsi ilə bağlı müraciətində də dövlət başçısı rayonun geniş meşə fonduna diqqət çəkərək bu sərvətin otuz il ərzində məhv edilməsindən və son dövrdə yandırılmasından danışıb.
Burada mühüm məqam ondan ibarətdir ki, meşələrin yandırılması sadəcə Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırılan vandalların törətdiyi ayrı-ayrı dağıntı aktları kimi qiymətləndirilə bilməz. Meşə uzun illər ərzində formalaşan ekosistemdir və onun məhv edilməsi yalnız ağac örtüyünün itirilməsi ilə nəticələnmir. Bu proses torpağın, su ehtiyatlarının, biomüxtəlifliyin və bütövlükdə ərazinin ekoloji tarazlığının pozulmasına səbəb olur. Buna görə də Kəlbəcər və Laçın meşələrinin yandırılması işğalın təbiətə vurduğu zərərin miqyasını göstərən mühüm göstəricidir".
"Maraqlıdır ki, ərazidən çıxış zamanı nümayiş etdirilən münasibət işğalın ümumi məntiqi ilə də səsləşir. Bir tərəfdən, meşələr yandırılır, digər tərəfdən isə yaşayış məntəqələrindəki əşyalar, o cümlədən santexnika avadanlıqları sökülərək aparılırdı. Prezident İlham Əliyevin çıxışında bu faktın xüsusi ironik çalarla xatırladılması da təsadüfi deyil. Tarixi hadisənin içində belə bir detalın qalması, əslində, işğalçı davranışın ikrah doğuran mahiyyətini öz-özünə nümayiş etdirir. Sanki ərazidən çıxışın son mərhələsində belə "nəyi xilas etmək lazımdır?" sualına cavab verilərkən meşədən əvvəl santexnikanın yada düşməsi işğalın məntiqini izah edən kiçik, lakin olduqca ifadəli bir epizoda çevrilib.
İşğal yalnız torpağın üstündəki sərvətlərin məhv edilməsi ilə məhdudlaşmırdı. Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən qızıl, mis və digər metal filizləri də uzun illər ərzində qanunsuz iqtisadi fəaliyyətin predmetinə çevrilmişdi. Azərbaycan Baş Prokurorluğunun 2020-ci ildə yaydığı məlumatda işğal edilmiş ərazilərdə qızıl və digər metal filiz yataqlarının qanunsuz istismarı ilə məşğul olan fiziki və hüquqi şəxslərin müəyyən edildiyi bildirilirdi. Bu baxımdan Vejnəli qızıl yatağı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Zəngilan rayonunun Vejnəli kəndindəki yatağın qanunsuz istismarı ilə bağlı araşdırma zamanı İsveçrədə qeydiyyatdan keçmiş "Vallex Group" şirkətlər qrupunun filialı olan "Base Metals" QSC-nin 2009-2017-ci illərdə 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə etdiyi müəyyənləşdirilib. Eyni məlumatda "Vallex Group"un maliyyə investoru, İsveçrə vətəndaşı Vartan Sirmakesin və digər şəxslərin təqsirləndirilən şəxs qismində cəlb edildiyi və beynəlxalq axtarışa verildiyi bildirilir", - deputat vurğulayıb.
Onun sözlərinə görə, burada Sirmakesin biznes fəaliyyətinin başqa bir sahədəki tanınmışlığı da məsələnin diqqətçəkən tərəflərindən biridir:
"Franck Muller" saat brendi ilə əlaqələndirilən yüksək səviyyəli lüks sənaye ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qızıl yatağının taleyi arasında yaranan bu əlaqə işğal dövrünün iqtisadi mexanizmlərinin nə qədər geniş coğrafiyaya və müxtəlif biznes dairələrinə yayıldığını göstərən nümunələrdən biri kimi təqdim olunub. Lakin konkret şəxslərin hüquqi məsuliyyəti barədə qiymətləndirmə apararkən Azərbaycan hüquq-mühafizə orqanlarının açıqladığı faktlarla məhdudlaşmaq və məhkəmə qərarlarının hüquqi nəticələrini nəzərə almaq vacibdir".
"Məsələnin mahiyyəti isə ayrı-ayrı şəxslərin adlarından daha genişdir. İşğal olunmuş Azərbaycan ərazilərində mədənlərin istismarı həmin ərazilərin yalnız hərbi və siyasi nəzarətdə saxlanılmadığını, həm də onların iqtisadi resurslarının mənimsənilməsinə yönəlmiş fəaliyyətin həyata keçirildiyini göstərirdi. Prezident İlham Əliyev 2021-ci ildə BMT Baş Assambleyasındakı çıxışında Ermənistanın keçmişdə işğal altında saxladığı Azərbaycan ərazilərində qızıl və digər qiymətli metal və mineralları qanunsuz istismar etdiyini, müxtəlif xarici şirkətlərin də bu fəaliyyətə cəlb olunduğunun müəyyən edildiyini bildirmişdi.
Bu xüsusda 2022-ci ilin dekabrında Laçın-Xankəndi yolunda başlayan ekoloji aksiya da təsadüfi hadisə kimi qiymətləndirilə bilməz. Həmin aksiyanın gündəliyində Qarabağ ərazisində mineral yataqların istismarı və bunun ekoloji nəticələri ilə bağlı məsələlər dayanırdı. Başqa sözlə, aksiya yalnız yol üzərində baş verən ictimai etiraz kimi deyil, Azərbaycanın təbii sərvətlərindən istifadə məsələsinin beynəlxalq və ictimai gündəliyə çıxarılması kontekstində də nəzərdən keçirilə bilər", - müsahibimiz deyib.
E.Mirzəbəyli ekoaksiyanın mahiyyətini anlamaq üçün onun meydana gəldiyi şəraitə diqqət yetirməyin lazım olduğunu da deyib:
"Azərbaycanın mövqeyinə görə, Qarabağdakı qızıl və mis-molibden yataqlarının qanunsuz istismarı barədə məlumatlar mövcud idi və həmin fəaliyyətə ekoloji monitorinqin həyata keçirilməsinin vacibliyi də bununla əlaqələndirilirdi. Beləliklə, təbii sərvətlərin talanı məsələsi artıq yalnız işğal dövrünün keçmiş hadisəsi kimi deyil, suverenliyin bərpasından əvvəlki mərhələdə də davam edən problem kimi təqdim olunurdu. Burada Ruben Vardanyan və digər şəxslərlə bağlı məsələlər də həmin daha geniş kontekstdə nəzərdən keçirilir. Lakin bu məsələlərə yanaşarkən siyasi qiymətləndirmə ilə konkret hüquqi faktları bir-birindən ayırmaq zəruridir. Əsas məsələ ayrı-ayrı şəxslərin adlarının çəkilməsindən daha çox, Azərbaycanın ərazisində yerləşən mineral sərvətlərin uzun müddət ölkənin hüquqi və faktiki nəzarətindən kənarda istismar edilməsinin yaratdığı nəticələrdir. Kəlbəcər və Laçından çıxarkən meşələrin yandırılması ilə Vejnəli və digər yataqların qanunsuz istismarı zahirən bir-birindən fərqli hadisələr olsa da, eyni işğal reallığının müxtəlif nəticələridir. Birincidə təbii sərvətin məhv edilməsi, ikincidə isə mənimsənilməsi və iqtisadi gəlirə çevrilməsi müşahidə olunur. Meşənin yandırılması ilə mədənin talan edilməsi arasında bu mənada fundamental bir əlaqə var. Hər iki halda söhbət Azərbaycanın təbii sərvətlərinə onun hüquqi sahibinin iradəsindən kənar münasibətdən gedir.
Santexnika epizodu isə bu böyük mənzərənin kiçik, lakin yadda qalan detalıdır. Meşələri yandıranların evlərdəki santexnika avadanlıqlarını da özləri ilə aparması işğalın iqtisadi mahiyyətini bəzən uzun statistik hesabatlardan daha yığcam şəkildə ifadə edir. Tarixin bu qəribə detalında bir növ işğalın işğalçıya xas olan "maddi fəlsəfəsi" daha aydın görünür".
"Əslində, santexnikanı bağrına basan, başını içərisinə salıb "ətrini" nəfəsinə çəkən işğalçı, gözü daim özgələrinin torpağında, mal-mülkündə olan erməniliyi simvolizə edən toplumun klassik obrazıdır. Onun Azərbaycan torpağında olan ən gözəl xatirələri bu santexnika ilə bağlıdır. Bu səbəbdən də doğması, əzizi kimi sarılaraq özü ilə aparır. Kəlbəcərin saf, təmiz havasını udmağa layiq olmadığından santexnikanın "ətrini" çəkir içinə - içi də bağrına basdığı santexnika kimi olduğu üçün", - parlamentari fikrini yekunlaşdırıb.