Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İş adamı Qurban Piriyev yarım milyon İTİRDİ: Məsələdə adı hallanan qadın ÖZÜNÜ ÖLDÜRDÜ
Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım, onunla birgə ittiham olunan sayt rəhbəri Zaur Mirzəzadə və Qoşqar Məmmədovun məhkəmə araşdırması davam edir.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda zərərçəkmiş Qurban Piriyev ifadə verib.
Bu iş üzrə zərərçəkən Piriyev iş adamıdır. O, əvvəllər dövlət qurumlarında da işləyib. Təqsirləndirilən şəxslərlə onu istintaqın əvvəlində intihar edən həmyerlisi Hürü Əmiraslanova tanış edib.
Zərərçəkmiş hakim qarşısında da təsdiq edib ki, o, Bakıdaxili rayonlardan birinə icra başçısı düzəlməsi üçün pul verib. Amma təklif ondan deyil, qarşı tərəfdən gəlib:
"Hürü dedi ki, mənim yüksək vəzifələrdə əlim çatan adamlar var. Vəzifəli şəxslərin adını çəkirdilər. Sonradan gördüm ki, hamısı qurama imiş... Açığı, mən heç icra başçısı olmaq istəmirdim. Çünki səhhətim buna imkan vermirdi.
Bütün bu işlərin başında duran Qoşqardır. Məni o yola gətirdi. Onun göstərişi ilə Rasimə pul vermişəm".
Piriyev icra başçısı düzəlmək üçün R.İldırımın adamlarına ümumilikdə 510 min manat pul və 34 min manatlıq qızıl-zinət əşyaları verib:
"544 min manatlıq ziyanın bu günə kimi bir hissəsini geri qaytarıblar. Şikayətçiyəm, qalan hissənin də tam ödənilməsini tələb edirəm".
Proses martın 18-i davam edəcək.
Qeyd edək ki, bu işə görə təqsirləndirilən şəxslər üçü də əvvəl həbs olunublar, sonradan nəzarət şərti ilə sərbəst buraxılıblar.