Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Keçmiş arvadını və övladlarını qumbara ilə partladıb öldürmək istəyən şəxs hökmdən şikayət edib
12 il öncə boşandığı həyat yoldaşını, qayınanasını və övladlarını qumbara ilə partladıb öldürməyə cəhddə təqsirləndirilən İntizam Nəcəfovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar İbrahimovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası fevralın 8-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2022-ci ilin avqustunda Pirşağı qəsəbəsindəki evlərdən birində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü İntizam Nəcəfov ailəsi ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş tələb edib.
Partlayış səsinə qonşular gəliblər və dərhal polisə məlumat verilib. İntizam Nəcəfova ikinci qumbaranı partlatmağa imkan verilməyib, həmçinin onun keçmiş ailə üzvləri qapını açmayaraq evdə gizləniblər. Nəcəfovla Əhmədovanın birgə nikahından üç övladı var.
İ.Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Rəylər