Xeyli müddətdir Azərbaycan mediasının gündəminə çevrilmiş Lamiyə Quliyeva ANS telekanalına müsahibə verib.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsində həbs həyatı yaşayan L.Quliyeva necə hamilə qalmasından, eləcə də barəsindəki digər suallarla bağlı danışıb:
“Mənim uşağımın atası məhkumdur. Onunla könüllü şəkildə görüşmüşük, DNT testi də verilib, nəticələr də məlumdur. Dustaqçılıq aləmində belə bir şey var ki, əlaqə saxlaya bilirsən və görüşə bilirsən. Mən axırıncı dəfə Kürdəxanıya göndəriləndə onunla orada tanış olmuşdum”.
L.Quliyeva süni mayalandırma məsələsinə belə münasibət bildirib: “Bunlar boş sözlərdir. Elə bir şey mümkün olsaydı, bütün qadın məhkumlar ana olardı. Mən nə laborantam, nə də professoram ki, elə bir şeyə əl atım. Sadəcə olaraq biz danışdıq və görüşdük. Bizə şərait yaradıldı və görüşdük. Düzü, bilmirdim ki, ana olacağam. Amma o məqsədlə görüşdük ki, mən ana ola bilim. Bəlkə də o, ailəlidir, övladı var və ailəsini qorumaq üçün, ya da bizim görüşümüzə şərait yaradan adamı satmamaq üçün belə deyir. Bunlar iyrənc söhbətlərdir”.
L.Quliyeva ondan istifadə edilməsi ilə bağlı suala belə cavab verib: “Mən istəyərdim ki, məndən silah kimi istifadə etməsinlər. Bu məsələni nə mən, nə mənim ailəm ictimailəşdirib. Xahiş edirəm, insanlar, cəmiyyət məni qınamasın. Mən əxlaqsızlıq deyiləm, nə seksual çatışmazlığım yoxdur, nə də kefimdən belə etməmişəm. Sadəcə bunu etməkdə bir məqsədim olub ki, görsünlər ki, mən də varam”.
L.Quliyeva onun 4 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəisi ilə bağlı münasibətinin olması ilə bağlı iddialara rəy bildirib: “Mənim həmin insanla rəis-məhkum münasibətim olub. Onun vaxtında aldığım cəzaları heç vaxt almamışam”.
L.Quliyevanın uşağının atası olduğu deyilən məhkum Elnur Rəsulov isə öz növbəsində L.Quliyeva ilə canlı təmaslarını inkar edib.
E.Rəsulov telekanala müsahibəsində L.Quliyevanın intim münasibətlər barədə dediklərini təkzib edib. Bildirib ki, L.Quliyeva onu aldadıb: “Lamiyə məni aldatdı. Ailəmin dağılmasını istəmirəm. Ona görə də xahiş edirəm ki, mənim üzümü göstərməyəsəniz. Biz Lamiyə ilə ventilyasiya şaxtası vasitəsilə söhbət edirdik. Bir dəfə söhbət edəndə Lamiyə mənə dedi ki, ona təcili şəkildə kişi toxumu lazımdır. Məndən xahiş etdi ki, bunu ona verim. Növbəti gün o, mənə kəndirlə bir qab salladı. Mən də ona lazım olan şeyi yolladım. Və biz sağollaşdıq. Sonra Lamiyə söhbət zamanı mənə dedi ki, ona verdiyim toxumun köməyi ilə hamilə qalıb. Ona inanmadım. Elə bildim ki, zarafat edir. Mən ümumiyyətlə belə bir şeyin mümkün olduğunu bilmirdim”.
E.Rəsulov məhkum qadınlar və kişilər arasında hər hansı canlı təmasların mümkün olub-olmaması barədəki suala belə cavab verib ki, məhkumlar bunu heç yuxusunda da görə bilməzlər: “Kişi və qadın məhkumlar bir-birini heç məhkəməyə aparılıb-gətiriləndə də görə bilmirlər, o ki ola sevişmək. Belə şey ümumiyyətlə mümkün deyil”.
Həmin müsahibəni təqdim edirik: