İyun ayının 24-də saat 20.30 radələrində Xəzər rayonundakı Qala qəsəbəsinin bələdiyyə sədri, 1960-cı il təvəllüdlü Babayev Talıb Baba oğlunu döyüblər.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, bu barədə Xəzər rayon Polis Bölməsindən bildiriblər.
Polis bölməsindən bildirilib ki, Babayevə iki nəfər kişi hücum edərək dəmir alətlərlə onu möhkəm döyüblər. İnsident torpaq sahəsinin qanunsuz zəbt edilməsi ilə bağlı olub.
Bələdiyyə sədri konkret ünvanda qanunsuz tikili aparıldığını eşidib, həmin yerə gəlib və iki nəfərin tikinti ilə məşğul olduğunu görüb. O, həmin şəxslərə tikintinin qanunsuz aparıldığını bildirəndə onlar “kefimiz harada istəyir, orada da tikirik” deyə cavab veriblər. Sonradan mübahisə davaya çevrilib.
Hələlik məhkəmə-tibbi ekspertizanın rəyi hazır deyil.
Polis isə söz verib ki, bələdiyyə sədrini döyənlərin kimliyini bu gün dəqiqləşdirəcək.
Fakt üzrə araşdırma aparılır.