Külli miqdarda qanunsuz narkotik dövriyyəsində ittiham olunan cərrah Elşən Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, təqsirləndirilən həkimə verilmiş ittiham məhkəmə istintaqı ilə sübuta yetirilib.
İş materiallarından məlum olub ki, o, daha əvvəl də narkotik cinayəti ilə bağlı məhkum edilibmiş. Hətta həmin məhkumluğu tam ödənilməyib. Elşən Əliyev bu dəfə isə polis əməkdaşları tərəfindən hoteldə tutulub. Otağa baxış zamanı müxtəlif növ narkotik vasitələr aşkar edilib.
Cərrah məhkəmədə özünü təqsirli bilməyib. Elşən ifadəsində əvvəllər narkotik istifadə etdiyini etiraf edib, lakin həbsdən çıxdıqdan sonra vərdişindən aralandığını deyib. O, tutulan gün hoteldə olma səbəbini isə Səhiyyə Nazirliyinin təşkil etdiyi imtahanla əlaqələndirib. Dediyinə görə, üç-dörd gün ərzində hoteldə hazırlaşmalı imiş.
Yekunda toplanmış sübutlar və şahid ifadələri ilə Elşən mütəşəkkil dəstə halında narkotik satışı ilə məşğul olmaqda təqsirli bilinib. Hökmə əsasən, cərraha 9 il həbs cəzası verilib.