Bakıda "Minsk D4 50" markalı, 99-G-236 dövlət qeydiyyat nişanlı motosikletlə avtoxuliqanlıq edən sürücü saxlanılıb.
"Qaynarinfo"nun məlumatına görə, hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsində baş verib.
Xaricdə təhsil alıb Bakıya qayıdan 1998-ci il təvəllüdlü Toğrul (şərti) xanım tanışını sərnişin qismində motosikletə mindirərək şəhərdə sürətlə hərəkət edib.
O, Mikayıl Əliyev küçəsi ilə hərəkət edərkən Dövlət Yol Polisinin (DYP) əməkdaşları ona "saxla" əmri versələr də, sonuncu motosikleti saxlamayıb, əksinə, sürətlənərək ziqzaqvari manevrlər etməklə polislərdən yayınmağa çalışıb. DYP əməkdaşları Toğrulun qarşısına çıxaraq onun yolunu kəsə biliblər. Sürücü nəqliyyat vasitəsi saxlanıldıqdan sonra DYP əməkdaşlarına tabe olmayıb, aqressivlik göstərib, nalayiq ifadələr işlədib.
Bundan sonra hadisə yerinə Post-patrul Xidmətinin (PPX) əməkdaşları çağırılıblar və həmin sürücü polis bölməsinə aparılıb. Toğrul bölmədə olarkən də stolun üzərinə nalayiq ifadələr yazıb, söyüş söyüb.
Sürücü izahatında saxlanılarkən aqressiv olmasına səbəb kimi, gecə yatmamasını və yanında xanım olmasını göstərib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib və bir il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 15 gün müddətinə həbs olunub.
Rəylər