Təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin bağlanması həmin ərazidə yaşayan sakinlərin hərəkətində problemlər yaradıb.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-ya müraciət edən paytaxt sakinləri küçə bağlandığı üçün Mərkəzi Neftçilər Xəstəxanasına, ərazidə yaşayanlar isə öz evlərinə girib-çıxa bilmədiklərini söyləyiblər.
Sürücülər bu istiqamətdə tək alternativ yolun Mehdi Mehdizadə küçəsi olduğunu, sözügedən küçədə isə hərəkətin təkistiqamətli olduğunu vurğulayıb.
“Azəravtoyol” ASC-nin mətbuat katibliyinin rəisi Anar Nəcəfli bildirib ki, Yusif Səfərov küçəsində təmir işləri hələ bir neçə gün davam edəcək.
Onun sözlərinə görə, təmir işlərinin bu həftənin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, “Azəravtoyol” ASC tərəfindən aparılan təmir işləri ilə əlaqədar aprel ayının 3-dən 4-nə keçən gecədən etibarən Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində, Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməyədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Babək prospekti - Fəzail Bayramov küçəsi - Xocalı prospekti - Afiyəddin Cəlilov küçəsi, həmçinin Babək prospekti – Nəcəfqulu Rəfiyev küçəsi - Afiyəddin Cəlilov küçəsi istiqamətlərindən istifadə etmələri tövsiyə olunur.
A.M.