Studio Roosegaarde dizayner şirkəti Niderlandda gələcəyin “şüurlu” yolları üzrə eksperimental layihə realizə edib. Bu yollar hərəkətin təhlükəsizliyini yüksəldəcək və görmənin problemli olduğu hava şəraitində nəqliyyat vasitələrinin idarəsini asanlaşdıracaq.
Oxu.Az 3dnews.ru-ya istinadən bildirir ki, ideya standart yol işarələrini intellektualları ilə əvəz etməkdən ibarətdir. Söhbət yolun işarələnməsi üçün istifadə edilən xüsusi boyadan gedir. Günün işıqlı saatlarında enerji toplayacaq, gecə isə işıq saçacaq.
Hələ ki, “şüurlu” yol işarələnmə yalnız Ossa şəhərinin (Niderland əyaləti Şimali Brabant) N329 trasında 500 metrlik hissəsinə vurulub. Şahidlərin sözlərinə görə bu yolda maşın sürmək nağıllar aləminə səyahəti xatırladır.
Qeyd etmək lazımdır ki, Studio Roosegaarde yalnız işarələnmə ilə kifayətlənmək fikrində deyil. Şirkətin gələcək planlarına yalnız müəyyən şəraitdə meydana çıxan “şüurlu” xəbərdaredici yol işarələrinin yaradılması da daxildir. Məsələn, temperaturun müəyyən həddə çatdığı zaman qar dənəcikli işarə görünərək, yollarda mümkün buzlaşma barədə xəbərdar edəcək.
Studio Roosegaarde eləcə də yollarda “şüurlu” işıqlandırma sisteminin quraşdırılmasını təklif edir.
Nəhayət, akkumulyator batareyalarının naqilsiz yüklənməsini təmin edən modullu elektromobillər üçün xüsusi hərəkət zolaqları yaradıla bilər.