Azərbaycanın premium kinoteatrı “CinemaPlus”da “ATV & İLK media” və “Bozbash Pictures” komandasının istehsalı olan “Axırıncı Yol” adlı çox maraqlı macəra komediyasının nümayişi başlayıb.
Oxu.Az xəbər verir ki, ötən ilin iyunundan başlayan layihə nəhayət martın 1-də tamaşaçılara təqdim olundu.
Bu filmin komediya janrlı filmlərin içərisində ən azından itməyəcəyini tam əminliklə demək olar. Çoxsaylı polis işçilərinin çəkilişlərə cəlb edilməsi, mərkəzi küçələrdə maşın ötüşmələri və ən əsası gözəl operator işi filmi çox baxımlı və yadda qalan edib.
“Axırıncı Yol” macəra komediyası “Bozbash Pictures” qəhramanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz vəziyyətə düşən qəhramanlar yerli bankların birindən içində 2.000.000 dollar olan inkasator avtomobilini qaçırırlar. Bundan xəbər tutan ölkə polisi cinayətkarları tapmaq üçün hər bir varianta əl atır. Şöşünün başçılığı ilə cinayətkar dəstə banka məxsus inkasator avtomobilinin görkəmini dəyişərək “SOSKA Uşaq Əyləncə Mərkəzi” adı ilə cinayət izini itirmək istəyirlər, lakin bu onları daha da çətin vəziyyətə salır.
Filmin baş prodüseri İlkin Həsəni, quruluşçu rejissoru Emil Abdullayev, ssenari müəllifləri Ənvər Abbasov, Samid Ağayev və Elnur Hüseynovdur.
Rollarda İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşəliyev, İlkin Misgərli, Cavidan Novruz, Tərlan Nur-Yaşar, Nigar Əliyeva, Yadigar Muradov, Məhərrəm Qurbanov və digərləri çəkiliblər.
