Azərbaycanın opera müğənnisi, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı Fidan Qasımovanın bu gün 67 yaşı tamam olur.
Oxu.Az xəbər verir ki, Qasımova Fidan Əkrəm qızı iyunun 17-si 1947-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını (1971) və Moskva Konservatoriyasının aspiranturasını (1974) bitirib, İsveçrə (1973, Cenevrə) və Niderlandda (1975, Hertogenbos) keçirilən beynəlxalq müsabiqələrin iştirakçısı, musiqiçilərin C.Viotti ad. müsabiqəsinin (1977, Verçelli ş., İtaliya; birinci mükafat) laureatıdır.
Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərbaycanlı qadın müğənnidir. 1974-cü ildən Azərbaycan Opera və Balet Teatrının solistidir.
Onun yaradıcılığına gəlincə isə tamaşaçılar onu ifasında Nigar (“Koroğlu”, Ü.Hacıbəyli), Mikaela (“Karmen”, J.Bize), Marqarita (“Faust”, Ş.Quno), Mimi, Çio-Çio-san (“Bohema”, “Çio-Çio-san”, C.Puççini), Tatyana (“Yevgeni Onegin”, P.Çaykovski), Dezdemona, Aida (“Otello”, “Aida”, C.Verdi), Sevil (“Sevil”, F.Əmirov) və s. partiyaları dinləyiblər.
Repertuarına Azərbaycan (Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, A.Məlikov, Niyazi), rus (M.Qlinka, P.Çaykovski, S.Raxmaninov), Qərbi Avropa (A.Stradella, İ.S.Bax, G.F.Hendel və b.) bəstəkarlarının kamera-vokal əsərləri, eləcə də Azərbaycan xalq mahnıları (“Laçın”, “Qubanın ağ alması”, “Girdim yarın bağçasına”, “Evləri var xana-xana” və s.) daxildir. 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1990 ildən prof.). 1992-ci ildən İstanbul Dövlət Konservatoriyasının professorudur.
Xarici ölkələrdə (Çexoslovakiya, Almaniya, Danimarka, Portuqaliya, Belçika, Rumıniya, Hollandiya, Türkiyə və s.) qastrolda olub. Bir sıra filmlərdə çəkilib (“Torpaq. Dəniz. Od. Səma”). Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilib.