19 oktyabr 2016-cı il tarixindən etibarən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz Frankfurt Kitab Sərgisində iştirak edir.
Sərgi çərçivəsində, 22 oktyabr tarixində milli stenddə “Azərbaycanda multikultural dəyərlər” adlı tədbir baş tutub.
Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Azərbaycanın Almaniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Ramin Həsənov tədbirin açılış nitqini səsləndirib, Azərbaycanda multikulturalizm ənənələri və hal-hazırda bu sahədə görülmüş işlər haqqında geniş məlumat verib.
Daha sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxışı zamanı multikultural dəyərlərin əsrlər boyunca ölkəmizdə mövcud olması, orada yaşayan azsaylı xalqların və etnik qrupların mədəniyyətinin hər zaman qorunması və inkişafından bəhs edib.
Ardınca Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə İsmayılova Patzer, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür, Almaniyanın Reynland Pfalts əyalətinin millət vəkili Rahim Şmitt və Şprenflingen Gensingen İcmalar Birliyinin rəhbəri Manfred Şerer çıxış edib və multikultural dəyərlərin Azərbaycandakı və dünyadakı hazırki vəziyyəti barədə məlumat veriblər.
Çoxsaylı ziyarətçilərin qatıldığı tədbirin sonunda qonaqlara multikulturalizmlə bağlı çap olunmuş kitablar hədiyyə edilib.