Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Hacıbala Abutalıbov dedi ki, baş memar da, rəis də, hakim də mənəm” - Elbay Qasımzadə ilə MÜSAHİBƏ + FOTO
“Hacıbala Abutalıbov elə düşündü ki, əgər o, icra başçısıdırsa, deməli, hər şeyi bilir və öz bildiyi kimi etməlidir. Mən ona bizim söhbətlərimizin birində dedim ki, Bakının baş memarı mənəm. O isə: “Bakının baş memarı da, polis rəisi də, hakimi də, ümumiyyətlə, hər şeyi mənəm”, - deyə cavab verdi. Bu hadisə mənim baş memarlıqdan getməyimə səbəb oldu. Mən ona: “Siz çox böyük adamsınız”, - deyərək çıxıb getmişəm. Bu insan düşünmədi ki, memarlıq böyük bir ixtisasdır və onu əvvəl öyrənmək, sonra ixtisas üzrə fəaliyyət göstərmək lazımdır”.
Bu sözləri Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib. Keçmiş baş memar Bakının bugünkü siması, memarlıqdakı nöqsanlar, tarixi binaların sökülməsi və s. haqda Oxu.Az-ın əməkdaşının suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Müasir Bakı memarlığının hansı cəhətləri daha çox diqqət cəlb edir və əvvəlki üslubla müqayisədə ən mühüm fərqi nədə görürsünüz?
- Bakının bugünkü durumu çox sevindiricidir, onu böyük diqqətlə əhatə ediblər. Şəhərlər insanlardan fərqli olaraq mütləq dəyişməlidir, Bakı da dəyişir. İnsanlar qocalır və ölürlər. Əgər şəhərlər qocalarkən simasını dəyişməsələr, onlar da ölərlər. Dünyada da belə təcrübə var.
Məsələn, köhnə Qahirəyə dəyişmə imkanı olmadığı, illər keçdikcə söndüyü üçün “ölü şəhər” deyirlər və Qahirənin özündən çox kənarda qalıb. Eyni talenin Bakıya qismət olmasını istəmərəm, ona görə də Bakının dəyişməsi məni çox sevindirir. Onun tarixi məhəllələrində aparılan abadlıq işləri, fasadların bərpası tərifəlayiq prosesdir. Bakının müasir tarixində pilot layihələr dövrü oldu. Bu ideya çox yaxşıydı. Məqsəd də o idi ki, yararsız binaların yerində müasir binalar tikilsin, iş adamları orada vaxtilə yaşamış sakinləri mənzillə təmin etsinlər. Hətta belə bir tapşırıq da verilmişdi ki, yeni tikililərdə insanlara yaşadıqları mənzil sahəsindən 20 faiz artıq sahə verilsin. Qalan mənzilləri isə satmalarına imkan tanındı ki, çəkdikləri xərci ödəsinlər, həm də müəyyən qədər qazanc əldə etsinlər. Ona görə də Bakı sakinlərinin yeni abad mənzillərlə təmin olunması önəmli addım idi. Çünki köhnə binalarda yaşayış şəraiti o qədər də ürəkaçan deyildi.
- Artan restoranlar, sıxlıq... Sizcə, İçərişəhər və Bakının memarlığı hansı səviyyədə qorunur?
- Haradasa 1970-80-ci illərin əvvəllərində Bakı Dövlət Layihə İnstitutu tərəfindən İçərişəhərin ilkin Baş Planı tərtib olunmuşdu. Belə bir ideya vardı ki, İçərişəhərdə ümumiyyətlə heç kim yaşamasın, orada olan binaların bir qismi muzey, sərgi salonu kimi saxlanılsın. Bu isə İçərişəhəri bir növ “ölü şəhər”ə çevirmək olardı. Məncə, yanlış fikir idi və yaxşı ki, qəbul edilmədi. Çünki İçərişəhərin ən böyük, ən qiymətli amillərindən biri oranın sakinləri və onların həyat tərzidir.
Mən İçərişəhərdə doğulmuşam və bir müddət orada yaşamışam. Uşaqlığımda İçərişəhər tamam başqa idi. Amma bu, təbiidir, çünki həyat inkişaf edir və tələblər dəyişir. Mənim yadımdadır, bizim evin tinində bir neft (ağ neft) dükanı vardı, nənəm bizi neft almağa göndərirdi və sadə bir plitədə yemək bişirirdi. Bu gün isə qaz anlayışı var. Evdə əşyalar dəyişib. Niyə həyat tərzi dəyişməsin?
Düzdür, razıyam ki, İçərişəhərdəki dəyişiklik prosesində yararsız binalarla bərabər, bəzi yaxşı binalar da qeyb olub. Buna heyfsilənirəm. Amma ümumilikdə İçərişəhərin bugünkü durumu məni sevindirir.
Dünyanın heç bir yerində tarixi irs dövlətin himayəsində deyil. Hər yerdə bununla məşğul olanlar səhmdarlar, müxtəlif iş adamlarıdır. Bizdə isə belə bir düşüncə var ki, tarixi abidələrin qayğısına yalnız dövlət qalmalıdır, dövlət vəsait ayırmalı və qorumalıdır. Bəs vətəndaşlar, iş adamları? Bax, bayaq dediyiniz kafe-restoranlar buna xidmət edir. Oradan əldə olunmuş gəlirlərin bir qismi İçərişəhərdə aparılan abadlıq işlərinə, hətta arxeoloji qazıntılara belə sərf olunur. Bu yaxınlarda Bakı xanlarının sarayı, ərazidə olan başqa binalar bərpa olundu. Onlar bu gün çoxsaylı turistlərin cəlb olunmasına xidmət edir. Azərbaycanda olan tarixi irs və təbiət turizm üçün çox cəlbedicidir.
- Bakıda daim abadlıq işləri aparılır. Bəs digər şəhərlərin ümumi memarlıq mənzərəsi sizi qane edir?
- Məgər Gəncədə abadlıq işləri görülmür, o cümlədən Sumqayıtda? Şuşada görün nə miqyasda işlər aparılır. Şəkidə abadlıq yoxdur? Mən digər ərazilərdə aparılan memarlıq işlərindən razıyam. UNESCO belə şeylərə çox böyük həssaslıqla yanaşır. Bir əraziyə bir neçə dəfə gəlib baxdıqdan sonra onu siyahılarına daxil edirlər. İçərişəhərin UNESCO-ya daxil edilməsində nə qədər mübahisələr yaşandı. Ancaq bu gün nəticə kifayət qədər müsbətdir. Lakin hazırkı vəziyyətlə kifayətlənmək olmaz.
- Necə düşünürsünüz, memarlıq sırf müasir olmalıdır, yoxsa klassik izlər yeni tikililərdə görünməlidir?
- Gəlin tarixə dönək. Eramızdan üç min il öncə Misirdə piramidalar quruldu. O dövr üçün bu, yeni və ağlasığmaz bir şey idi. Düşünürəm ki, orada yaşayan insanlar bu piramidaları görəndə təəccüb içində qalıblar. İki min il bundan öncə isə Bakı ərazisində Qız Qalası inşa edilib. O ətrafda yaşayan insanlar bu nəhəng tikilini necə qəbul edirdilər? Onlar da, yəqin ki, dəhşətə gəliblər, çünki həmin dövr üçün bu, müasirlik idi. Memarlıq insanların həyat tərzi dəyişdikcə dəyişir. Biz çox vaxt düşünürük ki, memarlıq hansısa klassik formaları özündə saxlamalıdır, amma doğru yanaşma belə olmamalıdır. Bu gün bizim geyimimizdə tarixin izi varmı? Nə mən əynimə əba geyinmişəm, nə siz ayağınıza çarıq.
- Axı insan tarixi sənətdə görəndə ondan estetik zövq alır.
- Sizinlə razı deyiləm. İnsan tarixi görəndə öz qədim mədəniyyətini bir daha daxilinə həkk edir və “Bəli, biz qədim bir millətik, tariximizə güvənərək bu inkişafa sahib olmuşuq” deyir. Bu gün heç kim evində samovar qaynatmır, hamının elektrikli çayniki var, çayı onda qaynadır. Amma nədənsə memarlığın orta əsrlərdə olan kimi qalması arzulanır, niyə? Ədalətsizlikdir, bununla heç vaxt razılaşmaram.
Memarlıq yaradılan dövrə məxsus olmalıdır, o dövrün həm texniki, həm estetik tələblərinə cavab verməlidir. Bu gün biz taxta-şalbanla bina tikməyə başlasaq, bütün dünya bizə gülər. “Bu ölkədə heç bir texniki inkişaf yoxdur”, - deyərlər. Bakıda belə binalar tikilib. Tam qədim üslubda, fasadlarda kapitellər və s. Gəlin etiraf edək ki, o kapitellərin Azərbaycan memarlığına heç bir aidiyyəti yoxdur. Onlar klassik Roma orderlərindən götürülmüş kapitellərdir. Azərbaycan kapitellərinin klassik forması İçərişəhərdə, Xan sarayında, Divanxanada var.
Bizim ustad memarlarımız olan Mikayıl Hüseynov, Sadıq Dadaşov, atam Ənvər Qasımzadə bunlardan çox böyük ustalıqla istifadə ediblər və müasir formada əsərlərində əks etdiriblər. Məndə hərdən elə təsəvvür yaranır ki, bugünkü binaların müəllifi sadəcə olaraq dünya memarlıq tarixi haqqında kitabı qabağına qoyub, onu vərəqləyərək hansı element xoşuna gəlibsə, götürüb öz binasının fasadına yerləşdirib. Bu, eklektikadır, qeyri-peşəkarlıqdır və qəti əleyhinəyəm.
Lakin bu gün İçərişəhərdə tikilmiş binalara baxsaq, onların içərisində bir qədər postmodern formada yaxşı binaların da olduğunu görərik. Bu məni sevindirir. Binaların milliliyi onların formasından deyil, daxili quruluşundan asılıdır. Fasadda tağ (arka) şəklinin olması millilik deyil. Tağ İngiltərədə də, Fransada da var. Çünki tağ konstruktiv elementdir. Memarlıqda millilik incə bir mövzudur. Müasir memarlıq müasir dövrün tələblərinə cavab verməlidir.
- Paytaxtda görmək istəmədiyiniz hansı tikililər var?
- Nə qədər desəniz, var. Elə bizim son illərdə tikilən yaşayış evlərimizə baxanda görürsən ki, bunların hamısının müəllifi bir adamdır, çünki hamısı bir-birinə oxşayır. Bunun səbəbi ondan ibarətdir ki, uzun illərdir memarlıq yaradıcılığı memar düşüncəsindən, əl qabiliyyətindən kənarlaşıb, kompüter qrafikasına dönüb. Kompüter isə alətdir, onun yaddaşı var və orada hansısa insan tərəfindən tətbiq edilən elementlər mövcuddur.
Memarın əlində qələm olmalıdır, əgər yoxdursa, o, texnikdir. Memarlarımızın bir çoxu qələmi əllərində saxlaya bilmir, o bacarığa sahib deyil. Onlar kompüterin yaddaşında olan elementlərə müraciət edirlər. Həmin elementlər məhduddur və bundan bir çoxları istifadə edirlər. Nəticədə bina tikiləndə hamısı bir-birinə oxşayır. Ümumi qiymət verəndə isə onların simasız olduğunu rahatlıqla deyə bilirsən.
- Bir neçə dəfə tarixi binaların sökülməsinin, yerinin dəyişdirilməsinin şahidi olmuşuq, xüsusilə “Sovetski”də. Onların sökülməsini doğru hesab edirsiniz, yoxsa restavrasiya olunmasını üstün tutardınız?
- Bu, birmənalı olaraq cinayətdir. Çünki Azərbaycan Respublikasının tarixi irsin qorunub-saxlanması haqqında qanunu var. O qanun 1990-cı illərin ortalarında hazırlanmışdı. Mən də onun hazırlanmasında müəyyən qədər iştirak etmişəm. Orada açıq şəkildə yazılıb ki, dövlət tərəfindən mühafizəyə götürülmüş tarixi binaya hər hansı xələl gətirilərsə, bu, cinayət məsuliyyəti daşıyır. Amma təəssüf ki, belə addımlar atılır. Mənə bir nəfər göstərsinlər ki, bu cinayətə görə məsuliyyət daşıyıb. Belə adam yoxdur. Müxtəlif şeylər üçün həbslər olub, kimsə korrupsiyaya görə saxlanılıb, amma binanı sökdüyünə görə heç kim həbs olunmayıb. Atlantlarla olan bina ətrafında nə qədər müzakirə aparıldı. Onu sındıran adam haradadır? Özü üçün gəzir, amma yeri içəridə olmalıydı.
- Elə bir şəxs varmı ki, siz onun memarlığa ciddi zərər vurduğu düşüncəsindəsiniz?
- Yox. Çünki zərər dəyən binaların taleyində heç vaxt konkret bir adam iştirak etməyib.
- Xatırlayıram ki, Hacıbala Abutalıbovla anlaşa bilmədiyinizi demişdiniz. O məsələdə səbəb nə idi?
- Bizdə belə bir praktika var ki, bir insan ömrü boyu nə iləsə məşğul olur. Sonra birdən bacarığı, hansısa spesifik xüsusiyyəti nəzərə alınaraq ona vəzifə verilir. Məsələn, siz Hacıbala Abutalıbovun adını çəkdiyiniz üçün onu nümunə götürək. Hacıbala Abutalıbov yaxşı alimdir, fizikdir, özü də optik fizikdir. Bu, çox nadir bir ixtisasdır. Amma birdən-birə Suraxanı Rayon İcra Hakimiyyətinə başçı təyin olundu, sonra baş nazirin müavini işlədi, daha sonra da Bakı Şəhər İcra Hakimiyyətinin başçısı oldu.
Mənim onun şəxsiyyəti ilə bağlı heç bir problemim yoxdur. Amma Hacıbala Abutalıbov elə düşündü ki, əgər o, icra başçısıdırsa, deməli, hər şeyi bilir və öz bildiyi kimi etməlidir. Mən ona bizim söhbətlərimizin birində dedim ki, Bakının baş memarı mənəm. O isə qayıdıb: “Bakının baş memarı da, polis rəisi də, hakimi də, ümumiyyətlə hər şeyi mənəm”, - dedi. Bu hadisə mənim baş memarlıqdan getməyimə səbəb oldu. Mən ona: “Siz çox böyük adamsınız”, - deyərək çıxıb getmişəm. Bu insan düşünmədi ki, memarlıq böyük bir ixtisasdır və onu əvvəl öyrənmək, sonra ixtisas üzrə fəaliyyət göstərmək lazımdır.
- Eldar Əzizovla münasibətiniz necədir?
- Çox yaxşıdır. Çünki o da həmin dövrdə işləyib və bunları görüb (gülür). Sadəcə olaraq onun bəxti gətirdi, tezliklə Gəncəyə icra başçısı göndərdilər. Mən isə Bakıda qaldım və belə anlaşılmazlıqlara görə vəzifəmi tərk etdim. Hesab edirəm ki, doğru addım atmışam, çünki sonrakı illərdə baş verənlər göstərdi ki, mən o proseslərə təsir edə bilməyəcəkdim.
- Nizami Kino Mərkəzinin üst hissəsinin restorana çevrilməsi barədə Mədəniyyət Nazirliyinə müraciət etmisiniz. Verilən cavablar sizi qane edibmi?
- Nizami Kino Mərkəzi Bakı üçün çox böyük əhəmiyyət kəsb edən binalardan biridir. Çünki o, dahi memarlar olan Sadıq Dadaşov və Mikayıl Hüseynovun əsəridir. Dövlət tərəfindən mühafizə olunur. Bir neçə il bundan əvvəl onun bərpası aparılanda orada bəzi dəyişikliklər edildi. Lap yuxarı hissəsində böyük yay zalı vardı, onu bağlayıb restoran etdilər, ikinci mərtəbədə estrada vardı, kino seanslarından əvvəl konsertlər verilirdi və Azərbaycanın sonradan çox məşhur olan müğənniləri fəaliyyətlərinə orada başlamışdılar. Seansdan qabaq 15 dəqiqəlik konsert olurdu. Oranı da restoran etdilər.
Anlayıram, bu gün hər şey kommersiya gücünə inkişaf etməlidir. Həqiqətən də, dövlətin boynundan asılı olan çox məsələlər var. Ona görə də belə obyektlər özünü dolandırmalıdır. Amma o restoranın qarşısındakı terrasın bağlanmasının əleyhinəyəm, bu, görməmişlikdir. Orada daxildə kifayət qədər sahə var. Heç kim deyə bilməz ki, həmin restoran Bakı sakinləri və qonaqları tərəfindən o qədər istənilən bir yerdir ki, orada yer çatmadığına görə terrası şüşəbənd ediblər.
Mədəniyyət Nazirliyi ilə bu barədə dəfələrlə danışmışam. Bu restoran azmış kimi, birinci mərtəbədə kiçik zalın kassaları vardı, oranı da bir ara bağladılar. Bir gün gördüm ki, artıq orada sütunların arasını bağlayıb nəsə iş görürlər, bu, məni çox narahat elədi. Dərhal Mədəniyyət Nazirliyinə zəng elədim. Nazir Anar müəllim çox tez reaksiya verdi, oraya yoxlanış üçün adam göndərildi və məlum oldu ki, içəridə restoranda təmir işləri görülür deyə ora müvəqqəti bağlanıb. İndi isə ərazidəki əlavə şeyləri yığışdırıblar. Kiçik kassanın qarşısı da təmizlənib, məncə, gün çatacaq, şüşəbəndi də yığışdıracaqlar. Çünki Mədəniyyət Nazirliyinin rəhbərliyi bu məsələdə mənimlə tam razıdır.
(Ardı var)
Sayad Həsənli
Daha çox foto burada: Photostock.az
Rəylər