Amerika Birləşmiş Ştatlarının hərbçiləri İran ərazisinə yönəlmiş növbəti hücum dalğasını yekunlaşdırıblar.
Oxu.Az xəbər verir ki, müvafiq açıqlama ilə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) çıxış edib.
"Ali baş komandanın göstərişinə əsasən, CENTCOM bölmələri iyunun 10-da İran daxilindəki bir sıra obyektlərə əlavə zərbələrin endirilməsini tamamlayıb", - deyə komandanlığın "X" platformasında dərc etdiyi bəyanatda bildirilir.
Əlavə olaraq vurğulanıb ki, həyata keçirilən hücumlar zamanı əsas hədəf kimi İranın rabitə şəbəkələri, hava hücumundan müdafiə qurğuları və kəşfiyyat sistemləri seçilib.
ABŞ Silahlı Qüvvələri İrandakı hədəflərə qarşı yeni zərbələr endirməyə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" platformasında məlumat yayıb.
"ABŞ Mərkəzi Komandanlığının qüvvələri ali baş komandanın göstərişi ilə İrandakı bir neçə hədəfə qarşı özünümüdafiə məqsədilə əlavə zərbələr endirməyə başlayıb. Bu zərbələr İranın əsassız və davam edən təcavüzünə cavab xarakteri daşıyır", - deyə rəsmi açıqlamada vurğulanır.
Digər tərəfdən, İranın müxtəlif bölgələrində partlayışların baş verdiyi və hava hücumundan müdafiə (HHM) sistemlərinin işə düşdüyü bildirilir. Bu barədə "Mehr" agentliyi məlumat yayıb.
İlkin məlumatlara əsasən, HHM sistemləri Tehran bölgəsində aktivləşib. Eyni zamanda, Keşm adası, eləcə də Sirik və Minab yaşayış məntəqələrində də partlayış səslərinin eşidildiyi barədə xəbərlər daxil olmaqdadır.
Qeyd edək ki, ABŞ-nin Hörmüz boğazı ətrafındakı adalara və paytaxt Tehrana endirdiyi zərbələrlə yanaşı, İranın İraq Kürdüstanına vurduğu cavab zərbələri barədə də iddialar yayılmaqdadır.