Parisdə fırıldaqçılar süni şəkildə şişirdilmiş məbləği ödəməkdən imtina edən sərnişinlərə qarşı güc tətbiq etməklə hədə-qorxu gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Cinayətkarlar saxta terminallardan istifadə edib və ödənişin real məbləğini gizlədiblər. Avtomobil nömrələrini saxtalaşdıran fırıldaqçılar əsasən Eyfel qülləsi, Monparnas dəmiryol vağzalı və böyük ticarət mərkəzlərinin ətrafında sərnişin axtarışına çıxıblar. Dörd nəfərdən ibarət sürücü qrupu gediş haqqını gizli şəkildə artırıb, ödəniş terminalının ekranını isə qəsdən korlayıblar ki, insanlar kartdan çıxılan real məbləği fərq etməsinlər. Nəticədə, məsələn, 19 avroya başa gəlməli olan bir gediş 1900 avro kimi hesablanıb.
Zərçəkənlərdən biri - David adlı şəxs Trokadero sahilindən gediş üçün 38,6 avro ödədiyini düşünürmüş. Sonradan çıxarışda 2500 avro silindiyini aşkar edib. Kişi dərhal kartı bloklayıb, banka müraciət edib və şikayət verib. Hazırda təxminən 80 turist pullarını geri qaytarmağa çalışır.
Prokurorluq iddia edir ki, dəstə qiymət üstündə mübahisə edənlərə qarşı zorakılıq tətbiq edib. Bir sərnişin sürücü ilə münaqişədən sonra xəsarət alıb və iki ay işləyə bilməyib.
Polis fırıldağı telefon danışıqlarının qeydləri vasitəsilə üzə çıxarıb, iyunun 3-də isə Parisin ətraf qəsəbələrində axtarışlar aparılıb. Təşkilatçı kimi 27 yaşlı Bubaker göstərilir - onun yanında 53 min avro nağd pul, Kalaşnikov avtomatı və patronlar tapılıb.