"Silahlı şəxsə müdaxilə edərkən əlim parçalandı, 7 tikiş qoyuldu".
Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin Qaziantep şəhərində silahlı şəxsi zərərsizləşdirərək gündəmə gələn taksi sürücüsü Ramazan Yıldırım İHA-ya açıqlamasında deyib.
Hadisə ilə bağlı danışan sürücü bildirib ki, onu girov götürən silahlı şəxs taksiyə əyləşən kimi ona "sür" əmri verib və təxminən 5 kilometr sonra polis maşınını görən kimi atəş açmağa başlayıb.
"Qırmızı işıqda belə dayanmağıma icazə vermirdi, mülki avtomobillərə silah çəkərək yolu açdırırdı. Polis qrupları barrikada qurmuşdular, onlara da atəş açmağa başladı. Biz avtomobilin içində olduğumuz üçün polislər yalnız havaya atəş açırdılar.
Yaxınlıqdakı polis əməkdaşlarından birinə atəş açmaq istəyəndə ön şüşədən onun silahından yapışaraq güllənin polisə dəyməsinin qarşısını aldım. Daha sonra silahı geri çəkdi, mən də çevrilib bütün gücümlə silahı əlindən almağa çalışdım. Sonra polisləri çağırdım və onlar dərhal müdaxilə etdilər.
Allaha şükür edirəm ki, heç bir polis əməkdaşına zərər dəymədi. Silahlı şəxsə müdaxilə edərkən əlim parçalandı, 7 tikiş qoyuldu. Yaralanmağımın heç bir əhəmiyyəti yoxdur, təki nə polislərə, nə də başqa insanlara zərər gəlməsin. Qalanı mənim üçün önəmli deyil", - deyə taksi sürücüsü bildirib.
Türkiyənin Qaziantep şəhərində girov götürülən taksi sürücüsünün cəsarəti gündəm olub.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Sevgilisi ilə birlikdə taksi sürücüsünü girov götürən şəxsin polis əməkdaşlarına atəş açaraq müqavimət göstərdiyi görüntülər ortaya çıxıb. Hadisə zamanı sürücünün soyuqqanlı reaksiyasını avtomobilin içindəki videokamera qeydə alıb.
Məlumata görə, Semih Ç. (31) və sevgilisi olduğu iddia edilən Gülbahar Y. (36) adlı şəxslər taksi sürücüsünü silah gücü ilə onların tapşırığının icra etməyə məcbur edərək, həmin nəqliyyat vasitəsilə qaçmağa çalışıblar. Polis qrupları içində şübhəlilərin olduğu taksini təqib etməyə başlayıblar. Proses Qaziantep şəhər mərkəzinə qədər davam edib.
Qaçış zamanı polis əməkdaşlarına atəş açan şübhəli təslim olmamaq üçün uzun müddət müqavimət göstərib. Nəhayət, şəhər mərkəzində avtomobil dayandırılıb və ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ətrafdakı vətəndaşlar tərəfindən və taksinin içindəki videokamera ilə anbaan qeydə alınıb. Görüntülərdə taksi sürücüsünün şübhəlini zərərsizləşdirmək üçün müdaxilə etdiyi, avtomobilin qapısını açaraq polisin onu maşından çıxarmasına dəstək verdiyi əks olunub.
Şübhəli saxlanılıb və hazırda müvafiq tədbirlər görülür.