Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin Milli Qurtuluş Gününə həsr olunmuş "Azərbaycanın Qurtuluş Salnaməsi" adlı hesabat konserti keçirilib.
Oxu.Az xəbər verir ki, konsert proqramı Azərbaycan xalqının müstəqillik və dövlətçilik yolunda keçdiyi şərəfli tarixin bədii təqdimatına həsr olunub.
Tədbirin əsas məqsədi 15 iyun - Milli Qurtuluş Gününün ölkəmizin ictimai-siyasi həyatındakı mühüm rolunu musiqi və incəsənət vasitəsilə tamaşaçılara çatdırmaq olub.
Gecədə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müxtəlif ixtisaslar üzrə təhsil alan istedadlı şagirdləri çıxış edərək Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər. Konsert Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə, dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında təqdim olunub.
Tədbirdən əvvəl məktəbin Xoreoqrafiya və Rəssamlıq şöbələrinin şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil edilib. Həmçinin Azərbaycan və dünya xalqlarının rəqslərindən seçilmiş nümunələr nümayiş etdirilib.
Konsertin əsas məğzi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin təbliği, Azərbaycan dövlətçiliyinin inkişaf yolunun incəsənət vasitəsilə nümayiş etdirilməsi və gənc istedadların yaradıcılıq potensialının geniş auditoriyaya təqdim olunmasından ibarət olub.
Qeyd edək ki, "Azərbaycanın Qurtuluş Salnaməsi" layihəsi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin ən mühüm hesabat tədbirlərindən biri hesab olunur və gənc nəslin milli tarixə, mədəni irsə və dövlətçilik ənənələrinə bağlılığının nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır.