Dekabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyinin yaranmasının 40 illik yubileyi münasibətilə tədbir keçirilib.
Mədəniyyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən xəbərə görə, tədbiri muzeyin direktoru, Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov açaraq qeyd edbi ki, bu gün mədəniyyət və sənət ocağı kimi fəaliyyət göstərən bu evdə Üzeyir bəy ömrünün 27 ilini yaşayıb. Dahi bəstəkar 1915-1942-ci illərdə bu evdə bir çox əsərlərini, o cümlədən ölməz “Koroğlu” operasını yaradıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək bildirib ki, dahi bəstəkar, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin ev-muzeyinin 40 illik yubileyinin qeyd edilməsi mədəniyyət tariximizdə əlamətdar hadisədir. Bu ev-muzeyinin yaradılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Nazir müavini qeyd edib ki, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Üzeyir Hacıbəylinin şəxsiyyətinə və yaradıcılığına yüksək dəyər verməsi hər bir azərbaycanlının qəlbində gözəl hisslər doğurur, “Üzeyir dünyası” layihəsi çərçivəsində görülən nəhəng işlər təqdir olunur, alqışlanır.
Bəstəkarın heç vaxt çap olunmayan əsərlərinin nəşri, həyat və yaradıcılığına həsr olunmuş yeni kitabların işıq üzü görməsi, dünyaya səs salan Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalları Heydər Əliyev Fondunun ölməz sənətkarın xatirəsinə ən gözəl töhfəsidir.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxışında qeyd edib ki, biz hər dəfə bu ev-muzeyinə gələndə mənən rahatlıq tapırıq, bizi dahi bəstəkarla mənəvi tellər bağlayır.
AMEA-nın Tarix İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Solmaz Tohidi qeyd edib ki, mədəniyyət tariximizdə Üzeyir Hacıbəyli qədər şöhrət qazanan, adı və xatirəsi onun qədər əziz tutulan ikinci bir şəxs təsəvvür etmək olmur.
Xalq artistləri Canəli Əkbərov, Ramiz Quliyev, şair Ənvər Əhməd, Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, professor Telman Ağdamski və başqaları çıxış edərək dahi bəstəkar haqqında öz ürək sözlərini dedilər.
Professor Zemfira Səfərovanın Üzeyir Hacıbəyli ilə bağlı iki kitabının, rəssam Hüseyn Hacıyevin “Sənsiz” əsərinin muzeyə hədiyyə edildiyi bildirilib.
Sonra söz musiqiyə verilib. Rauf Hacıyev adına 15 saylı musiqi məktəbi, Niyazi adına 22 saylı musiqi məktəbi, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin və Şuşa Dövlət Musiqili Dram Teatrının əməkdaşlarının ifasında bəstəkarın “Cəngi”, “Sevgili canan”, “Sənsiz” və s. əsrləri səsləndirilib.
Sonda tədbir iştirakçıları muzeyin 40 illik fəaliyyətini əks etdirən fotoşəkillər, eksponatlar və muzeyin nəşrlərindən təşkil edilən sərgiyə baxıblar.