Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Göyərçin saxlayan kişini məşhurlaşdıran Eyyub Yaqubov: "Uşaqlar lent yazısını buraxdılar şəhərə"
"Bizdə o vaxt çox gözəl musiqiçilər vardı. Mən onların yanında oxumağa utanırdım. Bir dəfə özüm üçün qıraqda oturub pianoda ifa edə-edə oxuyurdum, sən demə, Əlibaba Məmmədov da arxada gizlincə mənə qulaq asırmış. Mənim xəbərim olmayıb. Olsaydı, heç ifa edə bilməzdim ki. Qulaq asıb, mən bitirəndə yaxınlaşdı, dedi, halal olsun sənə, yaşa, sən, doğrudan da, musiqi üçün yaranmısan. Bu da mənə çox təsir etmişdi. Həm də mən dostlar arasında oxuyanda görürdüm ki, hamıya təsir edir və özüm də xoşhal oluram. Belə deyim, içimdə oxumağa bir ehtiyac var idi. Yəni oxumaq üçün plan qurmamışdım, amma içimdən gəlirdi".
Bunu Oxu.Az-a videomüsahibəsində Xalq artisti Eyyub Yaqubov deyib.
- Eyyub müəllim, çoxdandır, sizi mediada görmürük. Niyə görünmürsünüz?
- Niyə görünmürəm deyəndə ki, yaşayıram. (gülür) Həmişə də görünmək olmur axı. Gərək görünəndə deməyə sözün olsun, nəsə edəsən, nəsə bir iş görəsən. Elə-belə görünməyin, düşünürəm ki, mənası yoxdur.
- Qeyd etdiniz ki, görünmək üçün gərək yeni sözünüz olsun. Bu gün yaradıcılığınızda hansısa yeni sözünüz varmı?
- Şükür Allaha, yeniliklər var. Bəstəkar İlham Azmanlının bir neçə yeni mahnısını ifa etmişəm. İlham mənim uşaqlıq dostumdur, həm də simfonik musiqi istiqamətində bəstəkardır, Xəyyam Mirzəzadənin tələbəsi olub. Üzeyir Hacıbəyov bəstəkarlıq məktəbinin davamçısıdır.
Bizim ən gözəl klassik şairlərimizdən biri Məmməd Arazın "Azərbaycan" şeirinə yazdığı bir mahnını ifa etdim, sonra Zaur Vedilinin "Azərbaycan bayrağı" şeirinə, bir də Mikayıl Müşfiqin məşhur "Gecə düşüncəsi" şeirinə bəstələnən mahnıları ifa etdim. Düşünürəm ki, bunlar çox uğurlu işlərdir. Hələ ki son işlər bunlardır.
- Bəlkə, bu sualı sizə çox veriblər, amma maraqlıdır: sanki Eyyub Yaqubov şanson mahnılardan uzaqlaşıb.
- Yox, yox, uzaqlaşmamışam. Bilirsiniz, insanlar var ki, satirik mahnıları sevirlər, insanlar da var ki, daha çox lirik mahnıları. Amma mən həmişə düşünürəm ki, ümumiyyətlə, həyat özü ziddiyyətlərdən ibarət olduğu kimi, sənətdə, yaradıcılıqda da bu belədir.
Yəni bunlar bir-biri ilə vəhdətdədir. İstər satirik mahnılar, istər lirik mahnılar - hərəsinin öz yeri var. Mən sevinirəm ki, Allaha çox şükür ki, hər janrda ifa edirəm. Mən bunların hamısını vəhdətdə görürəm.
- Bəs özünüzü daha çox hansı janrda tapırsınız?
- Vallah, bunu deyə bilmərəm. Mən, əlbəttə ki, lirik mahnılarda bütün qəlbimi qoyuram. Yəni bütün duyğular, hisslər lirik mahnılarda üzə çıxır. Amma satirik mahnıları da çox sevirəm, ürəklə oxuyuram.
- Toy bazarı olmasaydı, ən çox lirik mahnılara yer verərdiniz, yoxsa şanson mahnılara?
- Mənə belə gəlir ki, hətta işin kommersiya tərəfi, yəni toy bazarı olmasaydı belə, mən şanson oxuyardım. Çünki o mahnılarda başqa bir gözəllik var. O da ondan ibarətdir ki, orada daha çox səmimiyyət var.
- Maraqlıdır ki, Eyyub Yaqubov "qaqaş" tipində bir obraz deyil. Məsələn, "Ağabala Çaykovski". Eyyuba baxanda bu tip, bu sima deyil. Bir də var, "Yamanca yorulmuşam mən". Yəni bu keçid maraqlıdır, "Ağabala Çaykovski"dən "Yamanca yorulmuşam mən"ə, ya da "Mənə dəniz verin"ə necə keçirsiniz, Eyyub necə haçalanır, bu iki fərqli obrazı necə yarada bilir?
- Bilirsiniz, niyə? Çünki o şəxsləri görmüşəm. Bakıda böyümüşəm. Bakıda da maraqlı personajlar, Ağabala Çaykovski kimi, Qarabala kimi çox olub. Mən də onları sevmişəm.
- Eyyub müəllim, həmişə düşünürdüm ki, nə vaxtsa sizinlə üz-üzə gəlsəm, iki mahnı haqqında soruşacağam: "Ağabala Çaykovski" və "Bakılı balasıyam". Niyə Ağabala Çaykovski? Niyə, məsələn, Moskovski yox, məhz Çaykovski?
- Bilirsiniz, Bakının satirasında, yumorunda təzadlı şeylər çoxdur. Əsl yumor da elə buradan yaranır. Yəni təzad məsələsindən. Məsələn, baxırsan ki, Ağabala hara, Çaykovski hara? (gülür)
Mən o vaxt uşaq idim, amma yadıma gəlir ki, bizim məhəllədə bir yaşlı kişi var idi, göyərçin saxlayan. Deməli, o, quşları uçurdanda necə fit çalırdısa, göyərçinlər elə bil onu başa düşürdülər. Uşaqlar da zarafatla deyirdilər ki, bu Ağabala elə bil Çaykovskidir. Beləcə, olmuşdu Ağabala Çaykovski. (gülür) Sonra Elçin İmanov ona o mahnını bəstələdi.
- Bəs "Bakılı balasıyam"?
- "Bakılı balasıyam", deyirlər ki, bir meyxana deyən olub, ləqəbi, təxəllüsü "Molla Maştağalı". Mən belə bilirəm, səhv edirəmsə, Allah bağışlasın məni. Deyilənə görə, onun bəstəsidir. O vaxt eşidəndə çox təsir eləmişdi mənə, ona görə də ifa etdim.
- Siz ilk dəfə "Humayun" instrumental ansamblında pianoçu kimi fəaliyyət göstərmisiniz, sonra müğənniliyə gəlmisiniz. Sizi buraya təsadüf gətirdi, yoxsa sizin seçiminiz idi?
- Mən ixtisasca pianoçuyam. Asəf Zeynallı adına musiqi məktəbini bitirəndən sonra məni dəvət etdilər Əlibaba Məmmədovun "Humayun" ansamblına. O vaxt 15 yaşım var idi və orada da xalq musiqisinə - muğamlarımıza, təsniflərimizə yiyələndim.
Müğənniliyə qalanda, heç düşünmürdüm o barədə. Yəni heç vaxt düşünmürdüm ki, nə vaxtsa müğənni olacağam. Sadəcə olaraq, içimdən gəlirdi, oxumaq eşqi, həvəs var idi, ona görə öz yaxınlarımın, dostlarımın yanında, ad günlərində-filan oxuyurdum. Sonra belə oldu ki, 1996-cı ildə Bilgəhdə istirahət mərkəzində canlı ifa edərkən cavan uşaqlar gəldilər, dedilər ki, biz sizi lentə yazmaq istəyirik. Dedik, yazmaq istəyirsiniz, yazın. (gülür) Onlar da lentə yazıb buraxdılar şəhərə. O kaset yayıldı, populyar olmağa başladı. Yəni belə...
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova
"Azərbaycan Respublikasının Xalq artisti" teqi üzrə xəbərlər
- Natiq Şirinovun oğlu təcili əməliyyat olundu
- Şəhid atası olan Xalq artisti: "Müharibə başlayanda könüllü olaraq döyüşlərə yollandı"
- Elza Seyidcahan: "İlhamə Quliyeva üçün ağlamağa dəyməz"
- Ağadadaş Ağayev məhkəmədə iştirak etmədi, həbsi tələb olundu
- Azərbaycanın Xalq artisti Şahlar Quliyev dəfn edildi
Rəylər