Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Saida Haqverdiyeva: "Tamaşa bileti bahadır deyənlər kafelərdə daha çox pul xərcləyirlər"
"Başqasının ideyasını, mizanını, fikrini, hissini təqlid etmək, kopyalamaq da bir oğurluqdur. Peşə ədəbi deyilən bir şey var. Onu tapdalamaq olmaz".
Bu sözləri Oxu.Az-a müsahibəsində Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru, Müstəqil "Oyuq" və "Küllücə" teatr-studiyalarının, "Oyun" inklüziv teatrının rəhbəri, rejissor Saida Haqverdiyeva bildirib. Onunla müsahibəni təqdim edirik.
- Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru və üç müstəqil teatrın rəhbərisiniz. Deməli, həm peşəkar aktyorlar, həm uşaqlar, həm də fiziki məhdudiyyəti olan uşaqlarla işləyirsiniz. Və bunlar bir-birindən fərqli yanaşmalar tələb edir. Bunu necə bacarırsınız?
- Bundan başlayım ki, teatra 2011-ci ildə inzibatçı kimi gəlmişəm. Konkret yaradıcı təşəbbüs kimi teatrda işə başladıqdan iki il sonra bu yöndə əməli işə keçdim, uşaqlarla işə başladım. Məlumat üçün deyim ki, o zamanlar "Azərbaycan teatrı 2009-19-cu illərdə" Dövlət Proqramı vardı və ona müvafiq olaraq, bu teatrın nəzdində böyüklər üçün "Oyuq" teatr-studiyası fəaliyyətdə idi. O dönəmdə kiçik uşaqlarla bağlı bir neçə sosial aksiyamız da oldu və balacaların səhnəyə böyük maraq göstərməsi diqqətimi cəlb etdi. Teatrın direktoru Rəşad Əhmədzadəyə müraciət etdim ki, gəlin uşaqlarla tamaşa qoyaq. O, razılıq verəndən sonra kastinqə başladıq, müxtəlif məktəb və liseylərdən istedadlı, səhnəyə marağı olan uşaqları seçdik, ardınca müxtəlif səhnə vərdişləri üzrə məşqlərə başladıq. Nəticədə 2013-cü ildə uşaqların iştirakı ilə ilk tamaşamızı hazırladıq. Tamaşa çox uğurla nümayiş olundu. Uşaqlar çox xoşbəxt idilər, biz onlardan da xoşbəxt idik. O gündən qərara aldıq ki, Kukla Teatrının nəzdində "Oyuq" uşaq teatr-studiyası yaradaq. Və uşaqlarla yeni-yeni tamaşalar qoymağa başladıq.
2016-cı ildə ilk dəfə UAFA (Azərbaycana Birgə Yardım) təşkilatı ilə birlikdə autizmli uşaqlarla birgə layihə hazırladıq. Onları səhnəyə çıxardıq. Autizmli uşaqlar çox həssasdırlar. Çalışırdım ki, onları incitməyim, onlara uyğun dildə danışım. Onlarla işləmək nə qədər məsuliyyətli, nə qədər çətin olsa da, bir o qədər mənəvi rahatlıq, sevinc verir. Bilirsiniz, indi danışıram, kiməsə asan görünə bilər. Amma belə deyil. Hər biri ilə uyğun ünsiyyət formasını tapmaq xeyli vaxt apardı. Amma mümkün oldu. Bunun əsasında sevgi və səbir dayanır. Onlarla işləməyin hər hansısa bir yolu var idi və biz o yolu belə tapdıq. Bu yol sevgidən keçirdi. Ondan sonra qərara aldıq ki, teatrımızda "Küllücə" ("Zoluşka") inklüziv teatr-studiyası yaradaq. Burada təkcə autizmli yox, həm də Daun sindromlu və digər həssas qruplardan olan uşaqlarla işləməyə başladıq. Sevinirəm ki, bu cəhdimiz də uğurlu alındı, cəmiyyətdə müsbət reaksiya yaratdı. Beləcə, az da olsa, o uşaqları, onların daxili dünyasını, bir növ ailələri ilə məhdudlaşan çevrələrini genişləndirib müstəqil cəmiyyət fərdi kimi ictimaiyyətə, yaşıdlarına təqdim etdik.
Görülən hər iş, atılan hər addım bizi bir-birimizə daha da yaxınlaşdırdı, doğmalaşdırdı. Beləcə, illərdir ürəyimdə saxladığım, daim həssas nöqtəyə çevrilən bu doğma çöhrələrin sevincini görmək nəsibimiz oldu. Çox istərdim ki, o həssas uşaqların səhnədə olduğu an onları zaldan seyr edən doğmalarının üz-gözlərindəki sevinc dolu, izahına çətinlik çəkdiyim ifadəni özünüz görüb hiss edəsiniz.
Mənim uşaqlarla işləməyim təsadüfi deyil. Həmişə arzum olub ki, uşaqlarla çalışım, onlarla nələrsə edim. Onlarla işləməkdən böyük zövq alıram. Bu, mənim üçün sanki bir terapiyadır. Bununla özüm-özümü sanki cənnətə aparıram, özümü cənnətlə müjdələyirəm. Onlara bir verdiyimi beş qaytarırlar. Elə böyük, elə məsum, elə təmənnasız sevirlər ki, sən istəyirsən bütün dünyanı qucağına alıb onlara bağışlayasan. Uşaqlarda minnətdarlıq hissi daha çoxdur. Onlar daha səmimi, daha düzgündürlər. Onlarla saatlarla işləyirəm, yorulmuram. Onlar hər şeyi düzgün dəyərləndirə bilirlər. Kukla Teatrının aktyorları ilə işə gəldikdə isə, onlar peşəkardırlar. Əlbəttə, bu işin də özünə uyğun çətinlikləri var. Amma düşünürəm ki, insan işini sevməlidir. Sevgi olan yerdə hər şey gözəl olur və nəticələr daim ürəkaçan olur.
- Uşaqlar üçün tamaşa göstərməyin çətinliyi nədədir?
- Bizim digər teatrlarda uşaqlar üçün oynanılan tamaşalarda (bu, əsasən, bayram tamaşalarında olur) kiçik uşaq rollarını da, heyvan rollarını da böyüklər oynayırlar. Kukla Teatrında bunun bir həll yolu var. Çünki aktyor kukla ilə çıxış edir və uşaqlar kuklanın arxasındakı aktyoru görmürlər. Ona görə də uşağı inandırmaq olur ki, bu məhz həmin obrazdır. Məsələn, bizim "Karlson" tamaşasındakı uşaq obrazını balaca tamaşaçımız kukla formasında görür, amma onun arxasında gizlənib canlandıran aktyorun özünü görmür. Ona görə artıq digər teatrlarda uşaq obrazları canlandırmağı uşaqlara həvalə etməyə başlayıblar. Bizə gəlincə, qeyd etdiyim kimi, səhnədə uşaqlar kuklaları görürlər. Ona da inanırlar. Ümumiyyətlə, uşaqlar eşitdiklərinə yox, gördüklərinə inanırlar, əsasən. Eşitdiyi hər şey uşağa nağıl, gördüyü hər şey isə real gəlir. Yəni görüntü çox vacibdir.
- Tamaşa üçün əsəri hansı meyarla seçirsiniz? Haradan bilirsiniz ki, bu tamaşa uşaqların xoşuna gələr?
- Biz tamaşa zamanı həmişə müşahidə aparırıq. Uşaqların təəssüratını öyrənir, hansı obraza necə yanaşdıqlarına diqqət edirik. Bundan başqa, sosial şəbəkələrdə bizə yazılanları da hər həftə iclasda müzakirə edirik. Teatrda onlara əsasən qərarlar verilir. Baxırıq tələb nəyədir, təklif nəyədir. Yəni hamısı nəzərə alınır. Ən çox sevilən, baxılan, həmçinin, o səpkidən olan digər tamaşaları repertuara daxil edirik. Amma tələbata uyğun olmayan tamaşalar da var. Məsələn, tamaşaçı daha çox "Tıq-tıq xanım"ı, "Cırtdan"ı, "Göyçək Fatma"nı görmək istəyir. Əlbəttə, bunlar həmişə aktualdır. Evdə bunları oxuyurlar, onlara tanış personajlardır deyə maraqlı gəlir.
Amma biz son illər yeni tamaşalar da qoyuruq. Məsələn, Sevinc Nuruqızının "Melisa" əsərini səhnəyə qoyduq. Mən əsəri Rəşad müəllimə təqdim edəndə soruşdu ki, bu tamaşanın uşaqlara maraqlı olacağına əminsiniz? Dedim ki, əminəm. O da razılıq verdi. "Melisa"nı səhnəyə qoyduq və artıq bir ildir ki, repertuarımızda olan sevilən tamaşalardandır. Bilirsinizmi, tamaşa üçün əsər seçmək çox çətindir. Ola bilər, əsər kimi gözəl əsər olsun, amma sadəcə, mütaliə üçün. Səhnə isə tamam başqadır. Hər gözəl əsəri səhnələşdirmək olmur. Gərək dramaturq səhnəni, onun imkanlarını, işin bədii və texniki tərəflərini az da olsa bilsin. Bunun üçün də onların teatrla təması, davamlı yaradıcı mübadiləsi vacibdir. Təsadüfi deyil ki, dramaturq teatrda yetişir deyilir daim. Digər tərəfdən, mütləq şəkildə hər bir rejissor tamaşaçısını tanımalıdır. Düzdür, bunu kütləvi edib, hər izləyici ilə bir-bir danışmaq olmur. Amma mütəmadi müzakirə, fikir mübadiləsi ümumi mənzərəni hasil etmək üçün yaxşı imkandır. Mən tamaşa bitəndən sonra onlarla danışıram, müzakirə edirəm, nə istədiklərini öyrənirəm, ondan sonra bir yola çıxıram. Bu mənim işimi asanlaşdırır. Bizim uşaq tamaşaçılarımız çox zövqlü, çox ağıllıdırlar. Onlar bəzən elə bir ideya verirlər ki, heç bizim ağlımıza gəlmir. Uşaqların dünyası başqadır. Əsl nağıl da, möcüzə də, sehr də oradadır. Ona əsaslanmaq lazımdır. Mən özüm də tamaşaya baxanda onu möcüzə kimi qavrayıram.
- Kuklaları uşaqlara necə bəyəndirirsiniz bəs?
- Milli nağıl personajlarımızdan biri də "Div"dir. Bir neçə tamaşamızda o kukla var. İri, vahiməli, bir növ həşəmətlidir. Sözsüz ki, uşaqların heç də hamısı onu eyni qarşılamırdı. Baxdıq ki, uşaqlar ondan möhkəm qorxurlar. Beləcə, biz onları teatra cəlb etmək əvəzinə, uzaqlaşdırmış oluruq. Qərara aldıq ki, bir-iki tamaşada bu tip kuklaların görünüşünə əl gəzdirək. Yaranan yeni "Div"imiz şirin bir obrazdır, balaca tamaşaçılarımız onu çox sevdilər. Qarınqulu yekəpər kimi onu şirin qəbul etdilər.
- Sizcə, teatr mədəniyyəti insanlarda necə formalaşır?
- Valideyn uşağını tamaşaya apardıqca bu artıq vərdişə çevrilir. Uşaq böyüdükcə içindəki teatr sevgisi də böyüyür. Artıq teatra yetkin adam kimi gedir. Daha sonra özü valideyn olur. O da öz uşağına teatr mədəniyyətini eyni prinsiplə aşılayır. Görürsünüz, çox sadə proses, adi vərdişdir. Baxın, teatra gələndə uşaq telefondan, internetdən ayrılır, pis vərdişlərdən uzaqlaşır, burada sosiallaşır. Bundan başqa, təzə dəb düşüb, hamı uşağını psixoloqa aparır, ondansa gətirin teatra. Onsuz da, psixoloqlar da uşaqlarınızı teatra yönəldəcəklər. Uşaq əvvəlcə səhnəyə baxır, sonra yanındakılara baxır, onlarla danışır, bölüşür, qaynayıb-qarışır. Bundan yaxşı nə ola bilər axı? Biz də öz növbəmizdə uşaqları teatra cəlb etmək üçün əlimizdən gələni edirik. Bayaq sadaladaqlarımla yanaşı, ayda iki dəfə teatrda "açıq qapı" günü elan edirik. Həssas təbəqədən olan ailələr, maddi imkanları məhdud, fiziki məhdudiyyəti olanlar, hərbçi ailələri, qazi və şəhid ailələri üçün giriş pulsuzdur. Yəni biz öz imkanlarımız daxilində hər bir şəraiti yaradırıq. Bundan başqa, bölgələrdə də səyyar tamaşalar göstəririk. Bəzən şikayət edirlər ki, tamaşaya biletlər bahadır. Amma inanın ki, bu, bəhanədir. Bu sözü deyən valideynlər həmin uşaqları ilə kafelərdə daha çox pul xərcləyirlər.
- Son illərdə klassik əsərləri, tamaşaları dekonstruksiya edir, müasirləşdirir və bəzən də dəyişirlər. Buna münasibətiniz necədir?
- 2019-cu ildə Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri əsasında "Solğun sevgilər" tamaşasını qoymuşdum. Bu inklüziv tamaşa mənim ilk işim idi. Mən əsərin motivlərini götürüb onu tamamilə müasirləşdirmişdim. Qalan hər şeyi olduğu kimi saxlamışdım. Yəni yeni dövrün geyimlərindən, müasir texnikadan istifadə etmişdim və dialoqlara toxunmadan bir balaca danışıq tərzini dəyişmişdim.
Düşünürəm ki, müasir gəncləri teatra cəlb etmək üçün bu fənddən istifadə edə bilərik. Amma bir rejissor kimi, mən bunu dəstəkləmirəm. Düşünürəm ki, klassika olduğu kimi qalmalıdır. Hər hansı bir əsərin motivləri əsasında tamaşa qoyulursa, olar. Amma əsəri götürüb özünün tamamilə müasirləşdirilməsi bağışlanan deyil. Çünki o əsərin də bir müəllifi var. Yenə də deyirəm, əsərin ideyasını götürüb, yeni bir əsər yaradırsansa, o, başqadır. Amma birə-bir əsəri müasir formada təqdim etmək doğru deyil mənim üçün. Mən belə tamaşaya bir dəfə baxaram, ikinci dəfə baxmaram. Amma məni narahat edən başqa bir məqam da var və istərdim ki, onu sizinlə bölüşüm. Bəzi rejissorlar həmkarlarının tamaşalarını təqlid edirlər. Geyimlərə qədər, obrazların danışıq tərzinə qədər, hətta səhnədəki işıqlara qədər birə-bir eyni olur. Mən o cür tamaşalara baxmaq istəmirəm. Özü də o tamaşanın orijinal müəllifinə, rejissoruna hörmət əlaməti olaraq. Başqasının ideyasını, mizanını, fikrini, hissini təqlid etmək, kopyalamaq da bir oğurluqdur. Peşə ədəbi deyilən bir şey var. Onu tapdalamaq olmaz.
- Siz həm də son dövrlərdə çox məşhur olan "Köhnə çamadanlar" filmini çəkmisiniz. Teatr və kino rejissorluğu eyni kökdən olsalar da, fərqli peşələrdir. Hər birinin özünün çəki-mizanı var. Tamaşalardan sonra film çəkmək fikrinə necə gəldiniz?
- Sankt-Peterburqda sənət təhsili alarkən həm teatr, həm də kino rejissorluğunun nəzəriyyəsini öyrənmişdim. Amma teatr rejissoru kimi Kukla Teatrında yetişmişəm. Bunu ilk dəfə deyirəm. Mənim burada müəllimim Rəşad Əhmədzadədir. O mənə səhnənin işıqlarından başlayaraq, kitablarda yazılmayan bütün texniki və yaradıcı xırdalıqları öyrədib. Amma kinoda müəllimim yoxdur. Mən düşünürəm, sonra addım atıram. İlk dəfə diplom işi olaraq "Ər quyusu" komediya filmini çəkdim. Buna tragikomediya da demək olar. Anamın xatirələrindən ibarət ssenari yazdım. Bir neçə rejissora müraciət etdim, böyük məbləğ istədilər. Düşündüm ki, bəlkə, bunu özüm çəkim? Dostlarım da həvəsləndirdilər. İlk tamaşaçım anam oldu. Baxdı, gülümsədi, heç nə demədi. Dostum kino tənqidçisi Sevda Sultanova baxdı, tənqidlərini və təriflərini də dedi. Onun təqdimatını da etdik. Bu film mənim kinoda ilk çiyin yüküm oldu. Sevda ilə məsləhətləşdim, bir çox şeyi öyrəndim. Dörd ildən sonra "Bu zonanın Məmmədağası" filmini, daha sonra "Köhnə çamadanlar"ı çəkdim. Hesab edirəm ki, "Köhnə çamadanlar" mənim ilk filmimdir. Ona qədər çəkilənlər mənim üçün bir təcrübə idi. Özüm çəkib, özüm öyrənirdim. Operator Şahmar Səfəroğlu bu işdə mənə yardımçı oldu. Daha sonra "Qırxdan sonra" adlı bir aktrisanın həyatından bəhs edən qısametrajlı film çəkdim. Bu günlərdə premyerası olacaq. Sözsüz ki, daha məhdud auditoriya üçün. Düşünürəm ki, yaradıcı insanlar və qadınlar bu filmdə özlərindən nə isə tapacaqlar.
Ümumiyyətlə, filmin çəkiliş meydançası mənim ruhən azad olduğum yerdir. Ora mənim məkanımdır. Düşüncələrimi, fikirlərimi, gördüklərimi rahat reallaşdıra biləcəyim, çəkəcəyim bir yerdir. Orada mənə heç bir maneə yoxdur. Amma özümü daha çox teatrda rahat hiss edirəm. Teatr mənim üçün, doğrudan da, məbəddir.
- Həm Bakıda, həm Ankarada təqdimatı keçirilən "Köhnə çamadanlar" necə ərsəyə gəldi?
- Nobel mükafatı almış Svetlana Aleksiyeviçin "Müharibənin qadın olmayan üzü" əsəri əsasında inklüziv bir tamaşa qoymaq istədik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik, onlar bu tamaşanı ərsəyə gətirmək üçün 30 000 manat pul ayırdılar. Sevda Sultanova ilə başladıq işə. Ssenarini hazırladıqca, müharibənin real qəhrəmanları ilə görüşüb danışdıqca düşündük ki, bu amansız, ağır həqiqətlərin, xatirələrin daha geniş auditoriyaya çıxması vacibdir. Sonra qısametrajlı film çəkmək qərarına gəldik. Yaza-yaza fikrimiz yenə də dəyişdi. Dedik, bu material qısametrajlı film üçün heyifdir. Gəlin bunu tammetrajlı film edək, amma necə sualı da bir yandan. Əlimizdə cəmi 30 000 manat pul var və biz tammetrajlı film çəkmək istəyirik.
Sonra yenə də fikirləşdik. Dedik ki, biz müharibədən film çəkmək niyyətindəyik. Bəs niyə 1941-45-ci il - Böyük Vətən müharibəsində şücaət göstərən qadınlara həsr edək onu? Bizim Qarabağ savaşının öz qəhrəman qadınları var. Kitablar oxuduq, əsərləri gözdən keçirdik. Altı ay müddətində müharibəni görmüş qadınlarla daha çox görüşdük, danışdıq. Səkkiz qadının taleyini əks etdirən filmin ssenarisini hazırlayaraq, 30 000 manatla yola çıxdıq. İlk dəfə filmin büdcəsini açıqlayıram. Filmi çəkmək üçün 250 000 manat xərclədik. Filmin prodüseri Pərvinə İsmayılova bir şirkət vasitəsilə 15 000 manat köməklik etdi. Bütün dostlarım, həmçinin Sevda xanımın özü, mən də bankdan kredit götürdük. Zülfüqar Əhmədzadə, Rəşad Əhmədzadə də mənə maddi dəstək oldular. Hissə-hissə borcları qaytarmağa başladım. Heç bir yerə müraciət etmədik. Amma film ərsəyə gəldi. Burada - Bakıda tamaşaçılara təqdim olundu. Ankaraya isə bizi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Sanem Arıkan dəvət etdi. Sanem xanım Azərbaycanı, Qarabağı çox sevir, haqq savaşımızla bağlı həqiqətləri illərdir ki, insanlara çatdırmağı özünə müqəddəs borc, yol seçib. Orada filmin nümayişini o təşkil etdi.
Film, həmçinin, professor Aygün xanım Attarın da dəstəyilə Ankara Cumhurbaşkanlığı Senfoni Orkestrası binasında göstərildi. 700 nəfərlik zal türk tamaşaçısı ilə tam dolu idi. İki saat müddətində film izlənildi, çıxışlar oldu. Heç bir tamaşaçı durub zalı yarımçıq tərk etmədi. İnandırım sizi, çoxunun Qarabağ savaşından, Xocalı faciəsindən xəbəri yox idi. Yaxınlaşıb soruşanlar oldu ki, bunları doğrudanmı yaşamısınız? Dedim, biz daha çoxunu, daha ağır ağrıları yaşamışıq. Sözsüz ki, təsirlidir. Baxın, bizim qazancımız bu oldu. Film vasitəsilə olanları az da olsa insanlara çatdırdıq, qadınlarımızın, uşaqlarımızın savaş qurbanı olmağına bir də bu filmin imkanlarında baxdıq, gördük, göstərdik.
- Filmin adının anlamı nədir?
- İnsanlar öz dərdlərini, yaşadıqlarını ürəklərində saxlayırlar. Ağız açılmadıqca, danışılmadıqca onu heç kim bilmir. Ürək də sanki bir çamadandır. 30 il əvvəl baş verənlərin hamısı həmin o çamadanda idi. İndi onlar açıldı. Filmin adı - "Köhnə çamadanlar" məhz buradan götürülüb.
- Mütaliə ilə aranız necədir?
- Əvvəllər oxumağı sevmirdim. 2014-cü ildə ağır bir xəstəliklə mübarizə aparmalı oldum. Kitablar oxumaqla özümü sakitləşdirməyə, yaxşı olmağa çalışırdım. İlk dəfə onda Kafkanın əsərlərini oxudum. Çox da bəyəndim. O vaxtdan mütaliəyə aludə olmuşam. Həm də mən sürətli oxuyuram. Bəzən böyük bir romanı iki, bəzən də bir günə oxuyuram. Mopassan, Çexov ən çox sevdiyim müəlliflərdir. Təkrar-təkrar oxumaqdan zövq alıram.
- Hansı teatrın tamaşaçısınız?
- Opera və Balet Teatrının. Çünki baleti çox sevirəm. Mənə çox dəbdəbəli, rəngli gəlir.
Xanım Aydın
"Azərbaycan Dövlət Kukla Teatrı" teqi üzrə xəbərlər
- Bu həftə - 16-22 dekabr tarixlərində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA
- Bu həftə - 11-17 noyabr tarixlərində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA
- Bu həftə - 4-10 noyabr tarixlərində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA
- Bu həftə - 28 oktyabrdan 3 noyabradək Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA
- Oktyabrın son həftəsində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA
Rəylər