Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ramiz Həsənoğlu: "Bu gün Azərbaycan kinosunun hadisəyə çevriləcək bir nümunəsi ortada yoxdur"
"Bu gün ortasəviyyəli tamaşaçını maraqlandıran serial mənim diqqətimi çəkmir. Yəni onların hazırlanmasında iştirak etmək mənə maraqlı deyil. Bilirsiniz, necədir? Mən axı Caviddən yoluxmuşam, Anardan yoluxmuşam, Vaqif Səmədoğludan yoluxmuşam. Mən bunlarla yetişmişəm, ortaya çıxmışam. Bu o demək deyil ki, Azərbaycanda bugünkü yazıçılarla, ssenaristlərlə iş görə bilmərəm. Mən cavabdan heç vaxt qaçmıram, amma eyni zamanda həm tamaşaçı zövqünə, tamaşaçı istəyinə və ətrafımda məndən gənc olan professionalların da niyyətlərinə hörmətlə yanaşaraq deyirəm ki, kimin marağı varsa, görsün bu işi. Mənim marağım yoxdur".
Bunu Oxu.Az-a videomüsahibəsində Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu deyib.
- Ramiz müəllim, eşitdik, "Fatehlərin divanı"na ikinci nəfəs verməyə hazırlaşırsınız. Bu məlumat nə dərəcədə doğrudur?
- Əlbəttə ki, doğrudur. Mən sizə deyim ki, 1996-cı ildə biz başladıq onu çəkməyə. Həmin vaxt fikrimiz belə idi ki, o, dörd seriya ilə tamamlanmamalı idi. Əsərin müəllifi türk dramaturqu idi - Necdet Sevinç. O vaxt Türkiyədə dostlarım təklif etdilər ki, onun əsəri ilə tanış olum, əgər bəyənsəm, Türkiyədəki TGRT televiziyasında ona quruluş verim. Çünki o vaxt bizi kifayət qədər tanıyırdılar. Bizim "Topal Teymur"u və mənim çəkdiyim digər əsərləri də görmüşdülər.
Əsəri oxudum, bəyəndim. Bundan sonra ideya yarandı. "Fatehlərin divanı"nı biz Azərbaycandan gedən yaradıcı qrupla - rəssam, operator, bəstəkar və türk aktyorları ilə çəkməli idik. Sonra Türkiyədə iqtisadi böhran oldu və bu layihə dayandı. Amma mən içimdə gəzdirirdim bu mövzunu. O vaxt bizim sədrimiz Babək Məmmədov (AzTV-ni nəzərdə tutur - red.) idi. Yaxınlaşdım ona və dedim ki, belə bir ideya gəzir, yaradıcı qrup artıq bu ideyadan "xəstələnib" və biz bundan bir çıxış axtarırıq. Maketi, eskizləri göstərdik və dedi ki, edin.
Beləcə, başladıq. Deməli, Necdet Sevinçin əsərində iki tarixçə götürülmüşdü. Biri Topal Teymurla Sultan Bəyazidin qarşılaşması idi, ikincisi isə Türkiyə tarixinin məşhur bir siması vardı, Merzifonlu Qara Mustafa Paşa - hökmdarlardan birinin baş vəziri olub. Biz "Teymurləng"i çəkdik və ardınca bunu çəkməli idik. Amma elə oldu ki, rəhbərlik dəyişdi. Yeni rəhbərlik gəldi və onlar hesab etdilər ki, buna gərək yoxdur. Yeri gəlmişkən, biz təkcə onu çəkməməli idik. Məsələ burasındadır ki, biz Necdet Sevinçin əsərini adaptasiya etdik. Azərbaycan ədəbi mühitində onu adaptasiya edən də yazıçı Mövlud Süleymanlı oldu.
Biz düşündük ki, burada ancaq Osmanlı yox, həm də Azərbaycanın, türklüyün tarixi öz əksini tapmalıdır və özümüz üçün bir plan qurduq ki, biz ta ki gələcəyik Azərbaycanda Mircəfər Bağırov dövrünə kimi. Yəni "Fatehlərin divanı"nda mərhələ-mərhələ bütün bunlara baxılmalı idi, bütün bu "məhkəmə"lər getməli idi.
Nə isə, onda bu iş alınmadı, qismət olmadı - obyektiv və subyektiv səbəblər oldu. O vaxtdan iyirmi səkkiz il ötüb və bu illər ərində vaxtaşırı mənim ürəyimdən, beynimdən hər zaman keçir o.
Əsər də vaxtaşırı efirə getdikcə bu, rəhbərliyi də maraqlandırır ki, bəlkə, davamlı edək? Son bir ildə bu işin reallaşması istiqamətində kifayət qədər aktiv şəkildə işlər görülür - yaradıcı qrup yaranıb, yeni ssenari yazılıb - yeri gəlmişkən, İlqar Fəhmi yazıb yeni ssenarini. Daha çox Qarabağ mövzusu ilə bağlı. Hadisələrin bu şəkil almasında siyasi liderlərin, padşahların rolu necə olub və s. Qarabağ mövzusu xanlıq dövründə, Cümhuriyyət dövründə, daha sonra sovet dövründə, Mircəfər Bağırov dövründə və s. Kifayət qədər cəlbedici, maraqlı situasiyalardan ibarət olan bir serial olmalıdır. Düşünürük ki, bu, ən azı, yeddi-səkkiz seriya olmalıdır.
- Demək istəyirsiniz ki, fatehlər dəyişirlər.
- Bəli. Personajlar dəyişəcək. Ola bilsin ki, "Bilgə xaqan" artıq orada olmayacaq, "Oğuz xan" olmayacaq. Başqa personajlar gələcək və bir-biri ilə mübahisə edəcəklər. İndi bunun reallaşması yolunda, dediyim kimi, işlər gedir. Bu elə mürəkkəb prosesdir ki, onu bir istəklə əldə etmək çox çətindir. Bu işi görmək üçün xeyli təşkilati işlər görülməlidir və bu işlər gedir. Düzdür, ola bilsin ki, bu işlərin sürəti mənim ürəyimcə deyil, amma hər halda iş gedir və perspektivdə görünür ki, biz nə edəcəyik.
- Aktyorlar seçiliblərmi?
- Bəli, artıq kastinq olub. Personajları canlandırmaq üçün kimləri dəvət edəcəyimizi özümüz üçün aydınlaşdırmışıq. Düzdür, bəzi aktyorların xəbəri yoxdur ki, biz onları hansı rola çəkəcəyik, amma özümüz bilirik. Xəbərləri yoxdur, çünki tam əmin olandan sonra artıq aktyora deyirsən və ortada bir anlaşma olur.
- Ramiz müəllim, "Fatehlərin divanı"nın biz gördüyümüz versiyasında çox güclü aktyorlarımız yer alıblar. Maraqlıdır, bu gün sizin axtardığınız, həmin o obrazları canlandıracaq aktyorları tapmaq asan olur sizin üçün, yoxsa çətin?
- Çox vacib məqama toxunursunuz. Mən həmişə etiraf etmişəm bunu - hər bir rejissorun uğurunun iki mənbəyi, istiqaməti var - bir seçdiyi əsər, bir də təyin etdiyi aktyor. Əgər bunlar üst-üstə düşürsə, orada uğurun əldə olunmağı daha tezdir, daha mümkündür. Yox, əgər səhv olursa, o zaman uğurla iş görmək söhbətindən danışmaq hələ tezdir (gülümsəyir - red).
"Fatehlərin divanı"nda mənim həmrejissorum Elnur Məmmədov olacaq. Gənc adamdır, oğlum yerindədir. Bu iş kifayət qədər əziyyətlidir, çünki təkcə pavilyonluq deyil, eyni zamanda, Qarabağda, Naxçıvanda, Azərbaycanın müxtəlif zonalarında çəkilişlər nəzərdə tutulub. Bu da bir adamın yükü deyil. Ona görə də Elnuru dəvət etdim ki, yanbayan, çiyin-çiyinə işləyək. Quruluşçu rəssam Rafael Əsədovu düşünürük, quruluşçu operator Eldar Məmmədovdur.
- Bəs aktyor kəsiminə keçsək?
- Mənə elə gəlir ki, aktyor problemi olmamalıdır. Yoxdur o problem.
- Məsələn, birinci "Divan"da Fuad Poladovun oynadığı obrazı götürək. Onu o şəkildə canlandıra biləcək aktyor var bu gün bizdə?
- Əvəzolunmaz aktyorlar yoxdur, təkrarolunmaz aktyorlar var. Fuad Poladov təkrarolunmaz aktyordur. Əgər o vaxt Fuad Poladov yox, tutaq ki, başqa bir aktyor "Teymurləng" roluna çəkilsəydi, bu o demək deyil ki, bu iş uğursuz olacaqdı, sadəcə, başqa bir şey olacaqdı. Yəni rejissor aktyoru dəqiq seçməlidir. Yeri gəlmişkən, sizə Fuad Poladovla bağlı bir xatirəni danışım.
1980-ci illərin əvvəllərində mən "Topal Temur"u hazırlayırdım və kastinqdən sonra Fuad Poladova da rol vermişdim - "Orxan" rolu, baş rollardan biridir. Sonradan onu Rafael Dadaşov oynadı. Həmin vaxt Fuad mənə "yox" demədi, amma müxtəlif səbəblər göstərdi, axırda məlum oldu ki, gələ bilmir. Üstündən bir xeyli vaxt keçdi, əsər çəkildi, hazırlandı, efirə getdi və Fuad mənə zəng etdi... rəhmətlik... təbrik etdi və dedi ki, mənim gözüm "İldırım Bəyazid" rolunda idi, amma nə yaxşı ki, sən Hamlet Qurbanovu çəkdin.
Yəni bu fakt aktyorun böyüklüyündən danışır. Mən o vaxt Fuadı "İldırım Bəyazid" rolunda görmədim, Hamlet Qurbanovu gördüm. Amma sonradan da fikirləşdim ki, bəli, ola bilsin ki, Fuad mənim ağlıma gəlsəydi, mən Fuada təklif edərdim o rolu. Yəni yenə də o fikrə qayıdıram ki, təkrarolunmaz aktyorlar var, əzəvolunmaz aktyor yoxdur.
- "Topal Teymur"da Hamlet Xanızadə yaratdı "Teymur" obrazını, "Fatehlərin divanı"nda da Fuad Poladov. Rejissor kimi baxışınız maraqlıdır - hansı Ramiz Həsənoğluya daha yaxın "Teymur" idi?
- Hər birinin öz yeri var. Cavidin yazdığı "Topal Teymur"da Hamlet Xanızadə olmalı idi, Necdet Sevinçin yazdığı "Fatehlərin divanı"nda isə Fuad Poladov. Yəni burada başqa "Teymurləng" - düşünən "Teymurləng" lazım idi.
Bu o demək deyil ki, Hamlet hay-küy salan aktyordur. Hamletin fakturasında o rol daha dəqiq oldu. Əgər o vaxt ağlıma gəlsəydi o rolu Fuada təklif etmək, Fuad, ola bilsin ki, o konsepsiyaya uyğun gəlməzdi. Yəni rejissorun baxışı var. Bir az böyük çıxmasın, amma rejissorluq belə bir peşədir ki, bir çox qohum olan peşələri birləşdirir, amma heç birinə daxil olmur. Yəni rejissor rəssam deyil, rejissor dramaturq da deyil, aktyor da deyil, bəstəkar da deyil, amma bütün bunların hamısının dilini bilən, onlarla qanıbir, ürəyi bir vuran yaradıcı şəxsiyyətdir. Ona görə də rejissorun rolu burada çox əhəmiyyətlidir.
- Ramiz müəllim, "Yaşıl eynəkli adam 2" birinci qədər uğurlu olmadı sanki. Yəni yer edə bilmədi özünə. Səbəbi nə idi, sizcə?
- Bilmirəm. Yəqin ki, prioriteti var da birincilərin həmişə. Mən sizə Vaqif Səmədoğlunun bir sözünü çatdıracağam bu məqamda, çünki yerinə düşür. Deməli, mən "Yaşıl eynəkli adam"ı çəkəndən sonra ikincisini də, üçüncüsünü də çəkdim. Hər dəfə də əvvəl Vaqif baxırdı və hər dəfə də deyirdi ki, Ramiz, bağışla, amma bu, daha maraqlıdır birincisindən və yaxud ikincisindən.
Bax, görürsünüz, müəllifin yanaşması ilə geniş tamaşaçı kütləsinin yanaşması çox fərqli ola bilər. Ola bilər ki, o sevilən qəhrəmanların o situasiyaları o vaxt üçün tamaşaçıya daha xoş gəldi, nəinki sonradan yarananlar, amma hər halda, hər üçünə çox ciddi həm dramaturq, həm yaradıcı heyət tərəfindən yanaşma var idi və mənə elə gəlir ki, yerdə qalan artıq zövq məsələsidir.
- Məsələn, belə bir fikir keçdimi sonralar ağlınızdan ki, birinci artıq yerini tutub. İkinci və ya üçüncünün yeri yox idi?
- Remeyk söhbəti həmişə olub. Tutaq ki, elə bizim özümüzdən götürək. Hər halda, Tofiq Tağızadənin də haqqı var idi "Arşın mal alan"ın o variantını çəkməyə. Birincini Rza Təhmasib çəkmişdi, ikincini o çəkdi. Azərbaycan kinematoqrafiyasında, vizual mədəniyyətində elə hallar olub və biz də ona əl atmışıq. Düzdür, biz süjeti tam təkrar etməmişik, davamını çəkmişik.
- Son vaxtlar istər sosial şəbəkələrdə, istər mediada kino ilə bağlı xeyli polemikalar, mübahisələr olur. Bir tərəf deyir, "kino var", bir tərəf deyir, "kino yoxdur". Bəs uzun illərdir bu yolu gələn Ramiz Həsənoğlu bugünkü kinonun taleyi ilə bağlı nə düşünür?
- Narahatlıq hissi keçirirəm. Ola bilsin ki, mən bu situasiyada obyektiv olmayım, ola bilsin, hansısa məsələdə onu yaradan motivləri bilməyim, amma mənə təsir edən odur ki, Azərbaycan kinosu yerində sayır. Demirəm, dala gedir. Cavanlar çəkirlər, maraqlı adamlar görünürlər, amma hələ ki Azərbaycan kinosunun hadisəyə çevriləcək bir nümunəsi ortada yoxdur.
- Nə ilə bağlayırsınız bunu?
- Məncə, faktorlar çoxdur. İctimai, siyasi, iqtisadi situasiya ilə bağlıdır bu. Kino elə bir sahədir ki, bəzi ölkələrdə, məsələn, Hindistanda, dövlət büdcəsinin tərkib hissəsinə daxil olan bir etapdır - gəlir gətirir. Azərbaycanda kino, sovet dövrünü çıxsaq, yerində sayır.
O dövr elə idi ki, ən aşağı, üçüncü kateqoriyalı film ikinci, üçüncü klublarla bütün SSRİ-də göstəriləndən sonra özünü doğruldurdu və gəlir də gətirirdi. İndi SSRİ yoxdur, o boyda ölkə yoxdur. Azərbaycan kiçik bir dövlətdir.
- Demək istəyirsiniz ki, bazar balacadır?
- Bazar yoxdur... Amma axı təcrübə, keçmiş var, ənənə qalıb, tamaşaçı gözləntisi var. Bəs necə olacaq kinonun sabahı? Mən bilmirəm... Bilmirəm, amma çox nigaranam.
- Bu gün televiziyalarda ən çox seriallara yer verilir. Sizcə, ümumiyyətlə, bu serial bazarımı deyim, serial sahəsimi deyim, kinoya qatqısı varmı? Məsələn, Ramiz Həsənoğlu niyə serial çəkmir?
- Ramiz Həsənoğlu, əslində, serial çəkib - "Fatehlərin divanı" serial idi.
- Bugünkü seriallardan söhbət gedir...
- Bu, prioritetlərdən asılıdır. Tutaq ki, indiki ortasəviyyəli tamaşaçını maraqlandıran serial mənim diqqətimi çəkmir. Yəni onların hazırlanmasında iştirak etmək mənə maraqlı deyil. Bilirsiniz, necədir? Mən axı Caviddən (Hüseyn Cavid – red.) yoluxmuşam, Anardan yoluxmuşam, Vaqif Səmədoğludan yoluxmuşam. Mən bunlarla yetişmişəm, ortaya çıxmışam.
Bu o demək deyil ki, Azərbaycanda bugünkü yazıçılarla, ssenaristlərlə iş görə bilmərəm. Mən cavabdan heç vaxt qaçmıram, amma eyni zamanda həm tamaşaçı zövqünə, tamaşaçı istəyinə və ətrafımda məndən gənc olan professionalların da niyyətlərinə hörmətlə yanaşaraq deyirəm ki, kimin marağı varsa, görsün bu işi. Mənim marağım yoxdur.
Cavab verə bildim?
- Verdiniz. Ramiz müəllim, əlbəttə, siz serial çəkmisiniz. Bir məsələ var. Ramiz Həsənoğlunun yaradıcılığının ən pik dövrlərində...
- Çətin dövrlərində...
- Yaxşı, ən çətin dövrlərində, tamaşaçı ona təqdim olunan tamaşalarla, telemuzikllərlə, filmlərlə qidalanırdı. Belə desək, tamaşaçıda fikir formalaşdırılırdı. Tamaşaçı bunu qəbul edə bilər, ya bilməz - düşünülmürdü. Yəni tamaşaçını çəkirdi yuxarı ki, sən bunu bilməlisən, öyrənməlisən. Bu gün isə təqdimatına getdiyimiz hər hansı film olsun, yaxud televiziya ekranından izlədiyimiz seriallar olsun, sadəcə, bu gün üçün mövcud olur və sabah yaddan çıxır. Bir rejissor kimi baxışınız maraqlıdır, kütləyə işləmək professional baxımdan necə dəyərləndirilir?
- Mənim bu suala münasibətim birmənalı deyil. Mən, ümumiyyətlə, "kütlə" ifadəsi ilə o qədər də razı deyiləm. Kütlə, yəni cəm halında olanların içində təbəqələr var, maraqlar var.
Təbii ki, hamının marağını ödəmək mümkün deyil, heç lazım da deyil. Çünki onlar avtoritar sovet dövrünün ən xoşagəlməz nümunələrindən biridir - yəni hər şey gözəldir, filan. Elə deyil axı. Heç də hər şey gözəl deyil.
Yeri gəlmişkən, mən burada bir məsələyə toxunmaq istəyirəm: müxtəlif komissiyalar var reytinqi müəyyənləşdirmək üçün və Azərbaycan teleməkanında kanalların reytinqi var. O kanalların reytinqinə görə reklamçılar öz reklamlarını orada yerləşdirirlər. Çox zaman görürsən ki, çox bayağı verilişlərlə efirə çıxan bir kanal böyük reytinq qazanır və reklamdan yaxşı gəlir əldə edir. Eyni reklamdan, tutaq ki, bir kanal alır beş manat, reytinqi yüksək olan alır 25 manat. Yəni bu, artıq reallıqdır və bu reallıqdan heç yana qaçmaq olmaz.
- Bu reallıq sənəti öldürmür ki?
- Reytinqdən söhbət düşəndə həmişə deyirəm ki, mən və mənim ətrafımda hesablaşdığım adamlar üçün üç kanal prioritetdir - AzTV, "Mədəniyyət" və İTV. Hesab edirəm ki, bu üç kanal tamaşaçıların zövqünü oxşaya bilən proqramlarla efirə çıxa bilir.
Yenə də rəqabətdə olan kanalların və onların hazırladıqları proqramların adını çəkmək istəmirəm, çünki onları da mənim tanıdığım adamlar hazırlayırlar və onların arasında elələri var ki, əslində, o qədər də ürəkdən o işə yanaşmırlar, amma məcburdurlar o işlə məşğul olmağa. Ya mənim tələbələrimdəndir kimsə, ya mənim həmkarlarımdandır kimsə. Mən heç kimin könlünə toxunmaq istəmirəm. Reallıq var və bu reallıqdan qaçmaq olmaz.
Sadəcə, heç şübhəsiz ki, televiziyanın, telekanalların tamaşaçı zövqünün inkişafında və ya korşalmasında çox böyük rolu olur. Cavabdan qaçmıram, amma konkret fakt da demək istəmirəm...
Adam var ki, bütün çıxışlarını konkret faktlar üzərində qurur və bütün dünya ilə düşmən olur. Mən heç kimlə düşmən olmaq istəmirəm. Çünki bu gün mənim bəyənmədiyim hansısa situasiya, ola bilsin ki, sabah mənimlə qol-qola getsin ki, bir yerdə bir işi görə bilək. O da var. Yəni mən real adamam və reallıqdan çıxış edirəm.
- Ramiz müəllim, Kinematoqrafçılar İttifaqının yaradılması, Rasim Balayevin sədr seçilməsi çox böyük söz-söhbətə səbəb oldu. Sizin bu ittifaqdan bu gün hansısa gözləntiniz varmı? O, nəyisə dəyişə bilərmi?
Ardı videomüsahibədə:
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova
Rəylər