55 gün erməni əsirliyində olan Şahruz Əliyev Xocavəndin Şəhər Günündə Dövlət Himninin sədaları altında yuxudan oyanıb qürurlandığını bildirib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Ş.Əliyev 20 sentyabrda Xocavəndin işğaldan azad olunduğu xatırladıb.
"Mən bu gün səhər Dövlət Himninin səsinə oyandım. Bir anlıq 55 gün erməni əsirliyində olduğum anları xatırladım. Orada hər saniyə ölümü real yaşadıq, amma Allahım bizə bu xoş günün sevincini də yaşatdı", - o bildirib.
Onun sözlərinə görə, bir vaxt güllə səsi gələn, indi isə üçrəngli bayrağımız dalğalanan Azərbaycanın işğaldan azad olunan torpaqlarında Dövlət Himni səsləndirilir:
"Olduqca duyğulu bir anları hiss etdim. Bir vaxtlar burada güllə səsləri, ah-nalə, qadınlarımızın, qızlarımızın fəryadı eşidilirdi. İndi Dövlət Himnimiz səslənir. Şəxsən mənim üçün bundan dəyərli və qiymətli heç nə ola bilməz. Bütün xalqımızı bu sevincli gün münasibətilə ürəkdən təbrik edirəm".