Peruda jurnalist və regional seçkidə namizəd olan Syuzi Aponte bazar ərazisində seçkiqabağı kampaniya zamanı güllələnərək qətlə yetirilib.
Oxu.Az "Le Figaro" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkə hakimiyyəti məlumat yayıb.
44 yaşlı Aponte Ankaş regionunun Karas şəhərindəki bazarda tərəfdarları ilə birlikdə olarkən güllələnib. Hadisə nəticəsində daha beş nəfər yaralanıb. Polis Venesuela vətəndaşını saxlayıb.
Aponte oktyabrın 4-nə təyin edilmiş regional seçkidə namizədliyini irəli sürmüşdü və "China Polo Dominical" xəbər saytını idarə edirdi. O bu resursda polisdəki ehtimal olunan qanunsuzluqlar və korrupsiya halları barədə materiallar dərc edirdi. Qətldən bir neçə gün əvvəl jurnalist sosial şəbəkələrdə həbsxanalardan hədələr aldığını bildirmişdi.
Polisin məlumatına görə, 2025-ci ildə ölkədə dörd jurnalist qətlə yetirilib.
