Azərbaycan və Bolqarıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, "Orduda daxili təhlükəsizliyin təmin edilməsi üzrə işçi görüşü" keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi, general-mayor Azər İbrahimovla görüşüb.
Görüş zamanı Azərbaycan Ordusunda daxili təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işlər, həyata keçirilən tədbirlər və bu istiqamətdə mövcud əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib və qurumun rəisi, general-mayor Elgün Əliyevlə görüşüb. Qonaqlara Hərbi Polis İdarəsinin tarixi, fəaliyyət istiqamətləri, əsas vəzifələri və icra etdiyi funksiyalar barədə ətraflı məlumat verilib.
Görüşdə hər iki ölkənin hərbi polis heyətlərinin qarşıdakı illərdə müştərək təlimlərdə iştirak imkanları müzakirə olunub, tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.