1992-ci il fevralın 26-da yüzlərlə silahsız insan Ermənistanın işğalçılıq siyasətinin qurbanı oldu. Həmin gecə ailələrini itirən insanlar nə vaxt, nə də başsağlığı ilə təskinlik tapa bilməz. Bu haqda danışmaq çətindir, amma lazımdır.
Zərərçəkmişlərdən biri Sevil Əzimova Media.Az-a müsahibəsində həmin müdhiş gecədə valideynlərini, evini və uşaqlığını necə itirdiyindən danışıb:
- Döyüşlər soyqırımından xeyli əvvəl başlamışdı, lakin buna baxmayaraq, Xocalı sakinləri bunu gözləmirdilər. Biz ermənilərlə heç vaxt yaxın olmamışıq, amma onları düşmən də hesab etməmişik.
Amma qeyd etmək istəyirəm ki, bu hadisələr başlayandan Ağdama getmək artıq təhlükəli idi. Yolda maşınınızı daşlaya, sizi döyə, hətta azərbaycanlısınızsa, öldürə də bilərdilər. Get-gedə vəziyyət daha da pisləşdi. Atəş altında olmağımıza baxmayaraq, heç kim nələri yaşayacağımızı təsəvvür belə edə bilməzdi. Səhərdən axşama kimi mərmi partlayışları dayanmırdı. Bir dəfə biz məktəbdə olanda atışma başlamışdı. Müəllimlər bütün uşaqları zirzəmidə gizlətdilər. O günü heç vaxt unuda bilməyəcəm. Onda düşünə bildiyim tək şey ətrafımda olmayan valideynlərim idi.
- Onda hələ məktəbli idiniz...
- Bəli. Bu hadisələrdən əvvəl mənim çox gözəl uşaqlığım olub. Hər şey əla idi, valideynlərim sağ idi və yeddi uşaq böyüdürdülər: beş oğlan və iki qız. Ən kiçikləri mən idim. Bizim mehriban qonşularımız var idi. Uşaq vaxtı onların həyətində birlikdə oynamağı çox sevirdik. Bu günə kimi məktəbimi xatırlayıram. Çalışqan böyüdüyüm üçün yaxşı oxuyurdum. Sizə danışdıqca, yenə o gözəl dövrə qayıtmağı xəyal edirəm. Çox heyif...
- Xocalı faciəsi baş verəndə neçə yaşınız var idi?
- 12 yaşım var idi. Ailənin ən kiçiyi idim. Böyük qardaşım o vaxt artıq evli idi, bacım isə yenicə ər evinə köçmüşdü. Beləliklə, o gecə evdə 7 nəfər idik.
Fevralın 25-də axşam saatlarında yenidən partlayış səslərinin necə eşidildiyini xatırlayıram. Onların dayanmasını gözləyirdik, amma birdən gördük ki, insanlar qışqıraraq evlərini tərk edirlər. Dedilər ki, ermənilər hava limanını yandırıblar və məlum oldu ki, çox yaxında şəhərə daxil olacaqlar.
- Xocalıdan hansı yolla qaçdınız?
- Valideynlərim şəhərdə qalmağın mümkün olmadığını anlayıb, heç bir sənəd və paltar götürmədən bizi götürüb qaçdılar. Yalın vəziyyətdə Ağdama tərəf yollandıq, Qarqar çayına çatdıq. İnsanlar xilas olmaq ümidi ilə özlərini buzlu suya atdılar. Fevral şaxtasından islanmışdıq, tərpənmək belə mümkün deyildi. Amma ermənilər bizə çatırdılar... Atışma başladı, camaatın arasına çaxnaşma düşdü. İnsanlar yerə yıxıldılar, bəziləri yaralandı, bəziləri öldü. Hara qaçdığımı heç anlamırdım, amma meşədən çıxanda qardaşlarımı gördüm. Valideynlərimizi tapa bilmədik, onları axtarmağa başladıq, insanlar bizə qışqırdılar: “Nə durursunuz? Qaçın!”.
- Bəs siz nə etdiniz?
- Biz azmışdıq. Anamız və atamız yanımızda deyildi, ona görə də biz qaçanların arxasınca getdik. Ermənilər atəşi dayandırmadı, zirehli texnikadan istifadə edirdilər. Ağdam yaxınlığındakı Şelli kəndinin sakinləri köməyə gəldilər.
Ağdamda qohumların evində qaldıq, sonra tanışlarımız bizi Oğuz kəndinə apardılar.
- Bəs valideynləriniz necə oldu?
- Onlar öldülər. Böyük qardaşım Xocalıda döyüşürdü. Səngərlərdən birini ermənilərdən geri alanda o, valideynlərimizin meyitlərini tapa bildi. Onları adyala büküb Ağdama gətirdi və orada dəfn etdi. Mənə qalan anamın və atamın birgə fotoşəkili, bir də jurnalistlərin çəkdiyi meyitlərin fotoları qaldı. Hara getsəm, onları da özümlə götürürəm, çünki bunlar əlimdə qalan yeganə şeydir. Bu soyqırımı məndən 45 qohumumu aldı. Qohumlarımız ermənilərə əsir düşdü. Onların başına gələnlərdən hələ də xəbərsizik: bilmədik girov götürülüblər, yoxsa ölüblər, hələ də bəlli deyil.

Fevralın 26-da yetim qaldıq, amma böyük qardaşım bizim qayğımıza qalırdı, əlindən gələni etdi ki, özümüzü yalnız hiss etməyək. Köçkün kimi yetkinlik yaşına qədər müavinət almaq hüququmuz var idi, amma qardaşım bundan imtina etdi və bir neçə müəssisədə işləyərək özünü təmin etdi. Bizi heç vaxt incitmədi, həyat yoldaşı bizə ana oldu.
- Yaşadıqlarınızdan sonra 44 günlük Vətən Müharibəsindəki qələbədə hansı hissləri yaşadığınızı soruşmaya bilmirəm
- Ucsuz-bucaqsız qürur hiss edirdim. Xalqımızın oğulları, qəhrəmanlarımız şahidi olduğum əzabın qisasını aldılar. 2021-ci ilin oktyabrında Xocalı şəhər rəhbərliyi ilə birlikdə Ağdama səfər edəndə az qalırdı ürəyim yerindən çıxa.
- Bu qədər kədər yaşadığınız yerə qayıtmaq çətin olardı?
- 1992-ci ilin bütün xatirələri yenidən yaddaşımda canlandı. Amma sevindim ki, 30 ildən sonra yenidən valideynlərimin dəfn olunduğu yerdəyəm...
