“Avrora Qrup” və “Azərsun Holdinq”in birgə təşkilatçılığı ilə Füzuli rayonunun təmas xəttində yerləşən kəndlərində yaşayan 200 ailəyə ərzaq yardımı paylanılıb.
“Güc birlikdədir” şüarı ilə keçirilən layihə çərçivəsində “Avrora Qrup” və “Azərsun Holdinq”in nümayəndələri Şükürbəyli və Alxanlı kəndlərinə baş çəkərək, sakinlərlərlə görüşüb, gündəlik tələbatlarını ödəyəcək müxtəlif ərzaq məhsullarından ibarət sovqat bağlamalarını onlara çatdırıb.
Mənfur düşmənin sözügedən kəndləri mütəmadi olaraq ağır artilleriya və top atəşləri ilə hədəf almasına baxmayaraq, əhalidə böyük ruh yüksəkliyi mövcuddur.
“Güc birlikdədir” aksiyasının keçirilməsində əsas məqsədlərdən biri də rəşadətli ordumuzun Qarabağı azad etmək uğrunda apardığı uğurlu əməliyyatlar dövründə atəşə tutulan kənd sakinlərinə yalnız olmadıqlarını, eyni zamanda, milli həmrəyliyin güclənməsinin növbəti təzahürünü göstərməkdən ibarətdir.
Həmçinin, qida sənayesi sahəsində rəqib olan “Avrora Qrup” və “Azərsun Holdinq” bu aksiyasını həyata keçirməklə mövzu Vətən olduqda hər kəsin çiyin-çiyinə dayanaraq, Ali Baş Komandanın əsgəri olduğunu nümayiş etdirmək olub.
Füzuli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan görüşdə kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə həm ölkə başçısına, həm də “Avrora Qrup” və “Azərsun Holdinq” rəhbərlərinə dərin təşəkkürlərini bildiriblər.