Sentyabrın 27-də müharibə başlayanda xidmət etdiyimiz tabor qarşısında döyüş tapşırığı qoyuldu. Sentyabrın 29-da Cəbrayıl rayonunun Lələtəpə istiqamətində ön müdafiə xəttinin yarılması əməliyyatına qoşulduq. İlk səngərləri ələ keçirdikdən sonra düşmənin ikinci müdafiə səddinə doğru irəlilədik. Həmin xətti də yardıqdan sonra qarşımıza Cəbrayıl ərazisində "Vışqalar" adlandırılan yüksəkliyin azad edilməsi tapşırığı qoyuldu. Səhər saat 8-dək yüksəkliyin azad olunması barədə məruzə edilməli idi.
Bunu Oxu.Az-a müsahibəsində Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində iştirak edən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlısı, döyüşlərdə göstərdiyi şücaətə görə "Qarabağ" ordeni ilə təltif olunmuş baş çavuş Ələddin Hüseynli deyib.

- Ələddin bəy, həmin yüksəkliyin alınmasında hansı çətinliklər var idi?
- Hava şəraiti çox ağır idi. Yağış yağır, ətrafı sıx duman bürüyürdü. Görünüş məsafəsi o qədər zəif idi ki, gecəgörmə vasitələrindən istifadə etmək də çətinləşmişdi. Buna baxmayaraq, erməni silahlı qüvvələrinin mövqe tutduğu yüksəkliyə çatdıq. Hərbçilərimizin bir hissəsi qarşı tərəfdən atəş açaraq onların diqqətini öz üzərinə çəkdi. Mənim də olduğum qrup sağ cinahdan yüksəkliyə qalxdıq. O qədər səssiz hərəkət etmişdik ki, onların mövqelərinə yaxınlaşmağımızdan xəbərlər tuta bilməmişdilər.
- Bəs düşmən nə zaman sizdən xəbər tutdu?
- Yerə uzanıb səssizcə gözləyirdik. Dediyim kimi, mövqeyimizdən xəbərsiz idilər. Atışma zamanı əsgər yoldaşlarımızdan biri yaralandı və bundan sonra düşmən həmin ərazidə olduğumuzu anladı. Artıq gözləmək mümkün deyildi. Hücuma keçmək əmri aldıq və mövqelərə doğru irəliləyib postları aldıq.
- Cəbrayıldan sonra döyüş yolunuzu hansı istiqamətdə davam etdirdiniz?
- Növbəti tapşırığımız Xocavənd rayonunun Kiçik Tağlar kəndinin azad edilməsi olmuşdu. Əməliyyat planına əsasən taborlardan biri digər istiqamətdən gəlməli, bizim tabor isə müdafiə xəttini yararaq kəndə daxil olmalı idi. Qırmızı Bazar istiqamətindən Kiçik Tağlara doğru irəlilədik.
Kəndə daxil olanda snayper atəşi ilə üzləşməli olduq. Düşmən snayperi əlverişli mövqedə yerləşdiyi üçün onu görmək mümkün deyildi, yalnız atəşin səsini eşidirdik. Əsgər yoldaşlarımızdan biri snayper atəşi ilə vurulduqdan sonra onun mövqeyini müəyyənləşdirə bildik. Həmin nöqtəni qumbaraatanla atəşə tutduq və irəliləyişimizi davam etdirdik.
- Sonra qarşıda Şuşa vardı... Şəhərə doğru irəliləyiş necə başladı?
- Bizə Şuşanın azad edilməsi tapşırığı verildyi üçün Daşaltı istiqamətindən hərəkətə başladıq. Əməliyyatın məxfiliyi və qarşı tərəfin bizim Şuşaya hücuma hazırlaşdığımızı bilməməsi çox vacib idi. Yolumuzun üzərində düşmənin iki postu vardı. Hava dumanlı idi. Postların arasından səssizcə keçdik. Sağımızda və solumuzda erməni hərbçilərinin öz aralarında danışdıqlarını eşidirdik. Biz onları, onlar da bizi görmürdülər. Postların arasından keçdikdən sonra Laçın dəhlizi istiqamətində yüksəkliyə qalxdıq və İsa bulağının yaxınlığına çatdıq. Oradan Üzüktax kəndi istiqamətində irəlilədik. Şuşa ilə Xankəndi arasındakı yüksəkliklərdən birinə qalxaraq yolun kənarında mövqe tutduq.
- Həmin mövqedə düşmənin hərəkətini müşahidə edə bilirdinizmi?
- Erməni silahlı qüvvələri yolda patrul xidməti aparırdı. Xankəndidən Şuşaya, Şuşadan da Xankəndiyə zirehli texnikalar hərəkət edirdi. Bizim yaxınlıqda olduğumuzdan xəbərləri yox idi. PDM-lərdən biri mövqeyimizin yaxınlığından keçəndə tabor komandiri onun vurulması barədə tapşırıq verdi. Qumbaraatandan atəş açılandan sonra qarşı tərəfdə çaşqınlıq yarandı. Atəşin haradan açıldığını müəyyən edə bilmirdilər. Biz də mövqelərimizdən çıxaraq döyüşə qoşulduq. Ərazidəki hərbi texnikaları atəşə tutaraq sıradan çıxardıq.
- Şuşa qalasında mövqe tutduğunuz anları necə xatırlayırsınız?
- Xankəndi istiqamətində irəlilədik. Yanacaqdoldurma məntəqəsinin yaxınlığından sağa dönərək Şuşa qalasına doğru qalxdıq və qalanın üst hissəsində mövqe seçdik. Oradan aşağıdakı ərazi və Xankəndidən Şuşaya doğru gələn qüvvələr aydın görünürdü. Həmin istiqamətdən hərəkət edən hərbi texnikaları atəşə tuturduq. Döyüşlər getdikcə şiddətlənirdi. Xankəndi istiqamətindən Şuşaya əlavə qüvvələr göndərilirdi. Hücumların qarşısını alaraq tutduğumuz mövqeləri qoruyurduq. Noyabrın 7-də iriçaplı silahlar üçün sursat mövqelərimizə çatdırıldı. Xankəndi istiqamətindən hərəkət edən düşmən tankı da həmin döyüşlər zamanı məhv edildi.
- Şuşa qalasının döyüş zamanı sizə köməyi oldumu?
- Əlbəttə. Qala bizim üçün çox əlverişli mövqe idi. Çünki düşmən tanklarından atılan mərmilər qala divarlarına dəysə də, divarlar tab gətirirdi. Əsrlər boyu Şuşanın keşiyində dayanan qala həmin gün də bizim üçün səngərə çevrilmişdi. Onun möhkəm divarları bizi qoruyur, mövqelərimizi saxlamağımıza kömək edirdi.
- Bu qədər çətinliklərdən sonra o an yetişir və siz Şuşaya daxil olursunuz. Həmin an hansı hissləri keçirirdiniz?
- Şuşa əməliyyatı mənim yaddaşımda ən çox iz qoyan döyüşlərdəndir. Şəhərə yaxınlaşanda, yüksəklikdən Şuşanı görəndə keçirdiyim hissləri bu gün də unuda bilmirəm. İndi də həmin günləri düşünəndə bəzən inana bilmirəm ki, biz gedib Şuşanı azad etmişik. Şuşanın azad edilməsində iştirak etmək mənim üçün böyük qürurdur. Döyüşlərin ardınca şəhərə doğru irəlilədik və Şuşadakı inzibati binalardan birinin üzərində Azərbaycan bayrağını ucaltdıq...
- Ələddin bəy, 2023-cü ilin sentyabrında yenidən döyüş tapşırığı aldınız. Bu dəfə yolunuz haralardan keçdi?
- Sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri başlayanda yenidən döyüş tapşırığı aldıq. Bu dəfə Şuşadan Xankəndi istiqamətində hərəkətə başladıq. Qarşımıza qoyulan mövqelər uğrunda döyüşə-döyüşə mövqeləri bir-birinin ardınca nəzarətə götürdük və qələbəyə doğru irəlilədik.
- Vətən müharibəsindən üç il sonra yenidən həmin torpaqlardan döyüşçü kimi keçmək sizin üçün nə ifadə edir?
- 2020-ci ildə Şuşanın azad edilməsində iştirak etmişdik. Üç il sonra yenidən Qarabağda döyüş tapşırığını yerinə yetirirdik. Hər iki əməliyyatın iştirakçısı olmaq, başladığımız yolun davamını görmək bir hərbçi kimi mənim üçün böyük qürurdur.