Ukrayna böhranı keçmiş sovet respublikalarında vəziyyətin istənilən an gərginləşə biləcəyini göstərir. Rusiya-Ukrayna sərhəddində hərbi təhlükə, çox güman ki, hələ bir neçə il mövcud olacaq. Buna görə də yaxın dövr ərzində bu, hərbi mənada ən təhlükəli istiqamətdir.
Eləcə də Abxaziya və Cənubi Osetiyada da gərginliyin artması istisna deyil. Ekspertlərin fikrincə, Gürcüstan rəhbərliyinin Abxaziya və Cənubi Osetiyanı hərbi yol ilə geri qaytarmaq arzusunu hətta bu gün belə istisna etmək olmaz, Oxu.Az xəbər verir ki, bu barədə “Soverşenno sekretno” qəzeti yazıb.
Materialda qeyd edilib ki, bu gün üçün Gürcüstanın hərbi potensialı 2008-ci ilin avqustunda olduğundan daha aşağıdır.
“Bundan başqa, keçən ilin noyabr ayında Rusiya və Abxaziya 2008-ci il razılaşmasını əvəz edəcək əməkdaşlıq və strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıblar. Tərəflər xarici aqressiyanın qarşısını almaq üçün müştərək qoşun qruplaşmaları yaradırlar. Hal-hazırda Rusiya və Cənubi Osetiyanın müttəfiqlik və strateji tərəfdaşlığı barədə sənədlərin üzərində iş gedir.
2011-ci ildə Rusiya Federasiyası Baş qərargahının rəisi olan Nikolay Makarov deyirdi ki, Rusiya üçün əsas təhlükə sərhədlərdə toplanıb, o cümlədən də təhlükə Sovet İttifaqı respublikalarından gəlir”, - nəşrin jurnalisti Aleksandr Kruqlov xatırladır.
Hərbi Politoloqlar Assosiasiyasının eksperti Aleksandr Perenciyev, Minsk danışıqlarına baxmayaraq Donbasdakı vəziyyətin qeyri-sabit qaldığını hesab edir. İstənilən an bu gün rusiyalı sülhməramlıların olduğu Dnesteryanıda münaqişə yarana bilər. Cənubi Osetiya və Abxaziyada münaqişələr yalnız xaricdən həll olunmuş görünür.
Perenciyev qeyd edir ki, Rusiya zaman-zaman vəziyyətin gərginləşdiyi Dağlıq Qarabağ münaqişəsinə də sürüklənə bilər: Azərbaycan döyüşlə kəşfiyyat aparmaq istəyir və mütəmadi olaraq erməni ordusunun zəifliyini yoxlayır. Bu il Dağlıq Qarabağ ətrafında gərginliyin artması müşahidə edilib, bu isə ekspertlərin fikrincə, onun son bir neçə il ərzində hərbiləşdirilməsinin məntiqi nəticəsidir.
Erməni tərəfi öz növbəsində, zaman-zaman düşmənə hərbi qüvvəsini nümayiş etdirməyi lazım bilir.
Bu atəşkəs rejimini pozur və istənilən an genişmiqyaslı müharibəyə çevrilə bilər. Gümrüdə 5 minlik 102-ci Rusiya hərbi bazası yerləşir. 2010-cu ilin avqustunda onun respublika ərazisində yerləşməsinin müddəti 49 il müddətinə artırılıb və cavabdehliyinin coğrafi sferası genişləndirilib.
Bu gün Rusiya hərbçiləri Ermənistan Respublikasını xarici düşmənlərdən qorumaq barədə müqaviləyə malikdirlər, bu cavabdehlik Dağlıq Qarabağ ərazisinə aid deyil.
Rusiya eyni zamanda həm Ermənistan, həm də Azərbaycan ilə əməkdaşlıq etməyə çalışaraq, kifayət qədər çevik siyasət aparır. Ekspertlərin proqnozlarına görə əgər münaqişə yalnız bu iki ölkə arasında yaranarsa, Rusiya aşkar şəkildə Ermənistan tərəfindən çıxış etməyəcək.