Türkiyənin HAVELSAN şirkətinin "komandanlıq və idarəetmə" sahəsində mühüm proqram həllərindən biri olan Hərbi Hava Qüvvələrinin İnformasiya Sistemi ("HvBS") çərçivəsində hazırlanmış kritik imkanların bir hissəsi Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.
Oxu.Az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının əməliyyat ehtiyaclarına uyğun olaraq hazırlanan "HvBS" hava əməliyyatlarının planlaşdırılması, icrası, monitorinqi və qiymətləndirilməsi proseslərini vahid rəqəmsal mühitdə idarə etməyə imkan verən qabaqcıl komandanlıq və idarəetmə infrastrukturu təqdim edir.
Azərbaycan Hərbi Hava Qüvvələrinə təhvil verilmiş sistem əməliyyat mərkəzlərində çalışan heyətə vahid əməliyyat mənzərəsi əsasında fəaliyyət göstərməyə, tapşırıq və əməliyyatlarla bağlı məlumatları real vaxt rejimində idarə etməyə, kritik məlumatları vahid mərkəzdən izləməyə və qərar qəbuletmə proseslərini sürətləndirməyə imkan yaradır.
Beləliklə, planlaşdırma, koordinasiya və icra proseslərinin sürəti, dəqiqliyi və səmərəliliyi əhəmiyyətli dərəcədə artır.
Bütün bu komponentləri vahid mərkəzdə birləşdirən və dünyada hərbi hava qüvvələrinin ən kompleks informasiya sistemlərindən biri hesab olunan "HvBS" əməliyyat hazırlığı proseslərini daha sürətli həyata keçirməyə və hava əməliyyatlarında yüksək manevr imkanları yaratmağa şərait yaradır.
Sistem modulları müxtəlif komandanlıq səviyyələri arasında təhlükəsiz məlumat mübadiləsini təmin edir, hava əməliyyatları ilə bağlı kritik məlumatların eyni vaxtda izlənilməsinə və əməliyyatların real vaxt rejimində idarə olunmasına imkan verir.
Bu tədarük Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində proqram təminatı, idarəetmə və nəzarət texnologiyaları üzrə əməkdaşlığın səviyyəsini göstərməsi baxımından mühüm əhəmiyyət daşıyır.