Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan “körfəzdən” NATO-ya alternativ çıxış qazanır – TƏHLİL
Bu günlərdə Müdafiə Nazirliyinin yaydığı bir məlumata rəsmi xəbərin standart, şablon təqdimatı kimi baxıla bilərdi, ancaq bəzi məqamları incələdikcə, burada Bakının hərbi üfüqləri genişləndirmək niyyətini oxumaq mümkündür.
Təbii ki, rəsmi məlumatda bu məqamlar yer almayıb, ancaq xarici siyasətin bir qanadı olan hərbi əməkdaşlıq sferası dövlətin perspektiv üçün strateji xəttinə baxışı aktual hala gətirir.
Söhbət ondan gedir ki, dekabrın 10-da Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.
Azərbaycan-Bəhreyn hərbi əməkdaşlığı iki sənəd əsasında inkişaf etdirilir, daha doğrusu, Qarabağ işğalda olan müddətdə əməkdaşlığın sferası bəlkə də daha çox nəzəri xarakterdə idi.
Azərbaycan Ermənistan üzərində qələbə qazandıqdan sonra isə yaranan yeni reallıqlar bir sıra riskləri də yedəyində gətirir. Bu da Bakı qarşısında alternativlərə baş vurmaq, ya da nəzəri qalan məsələlərin praktiki icrası üçün səyləri gücləndirmək kimi çağırışlar qoyur.
Azərbaycan-Bəhreyn hərbi əməkdaşlığının çərçivələrini müəyyən edən sənədlər:
1. 2008-ci il martın 10-da Manama şəhərində imzalanmış hərbi əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
2. 2014-cü ilin dekabrında Bakıda iki ölkə arasında imzalanan əməkdaşlıq planı.
Azərbaycan NATO məkanına inteqrasiyanı hərbi hədəfləri sırasına daxil edib, ölkədə NATO standartlı ordu quruculuğu gedir.
Bu məsələdə NATO üzvü olmayan, ancaq NATO-nun “vuran əli” ilə əməkdaşlıqları gücləndirən öllkələrlə də əməkdaşlığın dərinləşdirilməsi prioritetlər siyahısındadır.
Bəhreynlə bağlı bəzi məlumatları diqqətinizə çatdıraq:
1. Bəhreyndə Britaniyanın dəniz qüvvələrinin hərbi bazası fəaliyyət göstərir;
2. ABŞ Bəhreyni əsas təhlükəsizlik tərəfdaşı kimi tanıyır;
3. ABŞ istehsalı olan silahları Bəhreyn ordusunun arsenalına daxil edilib. Bəhreyn ordusundakı silahların 85 faizi ABŞ istehsalı olan silahlardır;
4. ABŞ hərbçiləri Bəhreyndə təlimlər keçir;
5. Bəhreynin Türkiyə ilə də əlaqələri genişlənir.
Bu yaxınlarda Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov müsahibəsində Bakı ilə Londonun prioritetlərinin üst-üstə düşməsini deməsi fonunda Bakı-Manama əməkdaşlığının yeni fazaya daxil olması diqqət çəkir.
Azərbaycan qlobal strateji lövhədə elə xanalarda mövqelənmək istəyir ki, bu, gələcəkdə Bakının təhdidlərə qarşı duruş gətirmək qabiliyyətini şaxələndirsin.
Düşünmək olar ki, Bəhreynlə əməkdaşlıq daha çox Azərbaycanın Körfəz ölkələri üzərindən də NATO-ya alternativ çıxış imkanı qazanmağa hədəflənib.
Bəhreyn dünya hərbi reytinqində Azərbaycandan çox geridədir, buna görə düşünmək üçün güclü əsaslar yaranır ki, Bəhreyn özü də Azərbaycan silahlarına yiyələnmək niyyətindədir.
Aqşin Kərimov