Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan icması Fransa Senatının ermənipərəst qanun layihəsinə etiraz edib - FOTO/VİDEO
Fransada yaşayan Azərbaycan icması Fransa Senatının 6 üzvünün Azərbaycana qarşı təqdim etdiyi qətnamə layihəsini sərt şəkildə pisləyib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
İcmamızın Fransa Senatına və ictimaiyyətinə ünvanladığı müraciətdə bildirilib ki, Fransa azərbaycanlıları bu qətnamə layihəsini qətiyyətlə rədd edirlər.
Qeyd edilib ki, layihədə Azərbaycan icmasının tarixi Vətəninə qarşı yer alan əsassız ittihamları Fransa azərbaycanlıları öz ünvanlarına söylənmiş ittihamlar kimi qəbul edirlər: “Qətnamə layihəsi Cənubi Qafqaz regionundakı vəziyyətə tamamilə qərəzli və birtərəfli baxışdır. Qətnamə layihəsində qarşı tərəf – milyonlarla azərbaycanlı, onların verdikləri qurbanlar, ağrılı, kədərli və yaxınlarını itirmə hissləri tamamilə nəzərə alınmayıb. Və bu layihədə bizə yalnız təcavüzkar rolu ayrılıb. Bu cür qərəzli münasibət, bir millətə üstünlük vermək, digərinə ayrı-seçkiliklə yanaşmaq və kor-koranə pisləmək – bu, milli dözümsüzlüyün, irqçiliyin ictimai təzahürüdür!
Soydaşlarımız vurğulayıblar ki, Fransa Senatı qərəzli qətnamələr qəbul etmək əvəzinə, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olmalıdır, çünki məhz belə addım Fransanın maraqlarına uyğun ola və regionun davamlı inkişafına töhfə verə bilər.
Müraciətdə qətnamə layihəsinin 20-ci və 21-ci bəndlərinin, ümumiyyətlə, yolverilməz və qəbuledilməz olduğuna diqqət cəlb edilib. Azərbaycan icması Fransa Senatından qətnamənin bu bəndlərinin qərəzli yazılması ilə bağlı fikirlərinin nəzərə alınmasını xahiş edib.
Bildirilib ki, Azərbaycanın ünvanına 20-ci bəndə “köçkünlərin (ermənilərin) qayıtmaq hüququnu”, “erməni mədəni və dini irsinin qorunub saxlanmasını təmin etməlidir” tələbləri, 21-ci bənddə isə “kütləvi cinayətlər” törətmə ittihamı yer alıb. Üstəlik, Beynəlxalq Cinayət Məhkəməsində bu ittihamın araşdırılmasına çağırış edilib.
Nəzərə çatdırılıb ki, 2020-ci ilin oktyabr ayında məhz Ermənistan ölkəmizə qarşı kütləvi cinayətlər törədib: “Ermənistan silahlı qüvvələri ən böyük şəhərlərimizdən biri olan Gəncəni 5 dəfə raket atəşinə tutub. Həmin payızda Azərbaycanda 80-dən çox yaşayış məntəqəsi bombalanıb. İki il əvvəl soydaşlarımız hücumun qurbanı olublar. 50-si uşaq olmaqla 454 nəfər yaralanıb. 27 qadın və 12 uşaq olmaqla 93 nəfər həlak olub”.
İcmamız senatorları Gəncə cinayəti barədə düşünməyə dəvət edib: “Söhbət təkcə rəqəmlərdən getmir. Bunlar bədənləri parça-parça olmuş və ya dağılmış binaların dağıntıları altında həlak olan kiçik uşaqlardır. Məsələn, Narın Xalıqova cəmi 10 aylıq idi, Mədinə Çaxnəzərlinin 1 yaşı vardı, Məryəm Xəlillinin cəmi 6 yaşı var idi. Hamısı ermənilərin Gəncəni bombardman etməsi zamanı həlak olublar. Bu adlar yaddaşımıza həkk olunub!”
Ermənistanın Azərbaycanda törətdiyi müharibə cinayətlərinə, məsum uşaqları öldürməsinə Fransanın səssiz qalması hiddətlə pislənilib: “...sivil Fransa bu uşaqların öldürülməsini görməməyi üstün tutdu. Son iki ildə Fransa Senatının heç bir üzvü bu böyük cinayətə görə məsuliyyət daşıyanların araşdırılması və cəzalandırılması ilə bağlı hər hansı qınaq və çağırış etmədi”.
Soydaşlarımız senatorlara ritorik sual ünvanlayıblar: “Gecələr beşiklərində parça-parça olan, şikəst edilən azərbaycanlı uşaqlar Senat üzvlərinin diqqətinə layiq deyilmi?”
Senatorlara xatırladılıb ki, BMT Baş Assambleyasının 23 mart 1994-cü il tarixli qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1 milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin salınıb. Özü də azərbaycanlılar beynəlxalq birlik tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınan ərazilərdən qovulublar. BMT Baş Assambleyasının qətnaməsində hətta “qaçqınlar və köçkünlər çətin vəziyyətdədir, qida çatışmazlığı və xəstəlik riski altındadır” qeydinin yazıldığı vurğulanıb.
6 senatorun qətnamə layihəsində “Azərbaycandan olan qaçqın və məcburi köçkünlərə” səmərəli dəstək göstərmək üçün bütün dövlətlərə müraciətin olduğuna diqqəti cəlb edən soydaşlarımız 30 il ərzində Fransa Senatının heç vaxt azərbaycanlı qaçqın və köçkünlərin geri qaytarılma hüququnu tələb edən qətnaməyə baxmadığını yada salıblar. “Siz Qarabağı tərk etmiş sayca qat-qat az olan ermənilərdən fərqli olaraq, azərbaycanlı qaçqınları bu hüquqdan məhrum edirsiniz?”, - deyə haqlı sual verilib.
Sənəddə Senatın 30 il işğal altında olan Azərbaycanın suveren ərazilərində erməni tərəfinin Azərbaycanın mədəni və dini irsinin qorunub saxlanması ilə bağlı öhdəlikləri barədə heç vaxt belə bəyanatlarla çıxış etmədiyi də vurğulanıb: “Vətənimizin rəhbərləri bu məsələdə beynəlxalq ictimaiyyətə meydan oxudular. Lakin Senat 30 ildir ölü sukut nümayiş etdirir. Təkcə Şuşa şəhərində 215 tarix və mədəniyyət abidəsi zədələnib, bütün işğal olunmuş ərazilərdə 67 məsciddən yalnız 4-ü qismən salamat qalıb. Fransa Senatının üzvləri Azərbaycan tarixinin, mədəniyyətinin, dininin Qafqazın digər xalqlarınkından daha az dəyərli olduğunu düşünürlərmi?”
İcmamız Fransanın Azərbaycana qarşı qərəzinin nədən qaynaqlandığını soruşub: “Bu cür açıq ayrı-seçkiliyin səbəbi nədir? Hamıya məlumdur ki, Fransada dünyada ən böyük erməni diasporlarından biri yaşayır. Amma seçici çəkisi olan Fransa vətəndaşlarının böyük əksəriyyəti heç vaxt Ermənistanda olmayıb”.
Soydaşlarımız qətnamə layihəsinin müəlliflərini bölgədə gərginliyi artırmaq cəhdlərində ittiham ediblər. Bu mövqelərini qətnamə layihəsi müəlliflərinin sülhə nail olmaq üçün tərəfləri qarşılıqlı yaxınlaşmaya çağırmaq əvəzinə, Fransa dövlətini Ermənistanın müdafiə qabiliyyətini gücləndirməyə, yəni onu müasir Fransa silahları ilə təchiz etməyə çağırışı ilə izah ediblər. Bu cür siyasətçilərin toqquşmaların davam etməsinə görə məsuliyyətin yalnız Azərbaycanın üzərinə düşdüyü iddiasını absurd hesab ediblər.
İcmamız birmənalı şəkildə bəyan edib ki, bəzi siyasətçilərin irqçi baxışı və şəxsi ambisiyaları, eləcə də bəzi erməni əsilli fransızların köhnə inciklikləri Cənubi Qafqazda gələcək eskalasiya üçün ilkin şərtlər yaradır.
Fransa azərbaycanlıları həmin qüvvələrdən qərəzli ittihamlarla, sanksiyalarla danışıqlar prosesinə mane olmamağı tələb ediblər: “Bu cür hərəkətlər, şübhəsiz ki, sülh səylərinə kömək etmir”.
Xatırladaq ki, 3 oktyabr 2022-ci il tarixində Fransa Senata ölkəmizə qarşı qətnamə layihəsi təqdim edilib. Senatın 6 üzvünün hazırladığı və baxılması 15 noyabr tarixinə təyin edilən qətnamə layihəsində Fransa hakimiyyətinin və digər Avropa İttifaqı ölkələrinin “Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək” çağırışı yer alıb, ölkəmiz Beynəlxalq Cinayət Məhkəməsi ilə təhdid edilib.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edilib
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb