Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Problem məmurun məsuliyyətsizliyindən qaynaqlanırsa, niyə də çəkib göstərməyək?” - AzTV-dən REPORTAJ + FOTO
Vətən müharibəsinə qədər Azərbaycan tamaşaçısı mütəmadi olaraq efirlərdə bayağı verilişlərin yayımlanmasından gileylənərək, əsasən, xarici telekanallara baxmağa üstünlük verirdi. Xəbər üçün isə çoxları ya qəzetə, ya da onlayn xəbər platformalarına üz tuturdular. Müharibə həm də Azərbaycan teleməkanında bir çox şeyləri dəyişdi. Qarabağ savaşı insanları 7/24 televiziya qarşısında dayanmağa sövq etdi desək, yəqin ki, yanılmarıq. Prezidentin xalqa müraciətlərini, xarici jurnalistlərə verdiyi müsahibələri hamımız səbirsizliklə gözləməyə başladıq. Zəfərdən sonra isə televiziyaların işğaldan azad edilən ərazilərdən hazırladıqları reportajlar hesabına insanların 30 illik həsrəti, qismən də olsa, dindi. Beləliklə, Azərbaycan televiziya kanalları üçün yeni bir era başladı, çiyinlərində daha ağır yük daşımalı oldular. Çətinliklə qazandıqları intellektli Azərbaycan tamaşaçısını itirməmək üçün gözlə bərabər, beyini də oxşamağa məcbur qaldılar. Bu yeniliklərin isə sosial medianın çağlayan vaxtında telekanallarımıza böyük uğur gətirdiyini etiraf etməliyik. Bəli, artıq “Göstərir Bakı”, izləyir dünya azərbaycanlıları!
Oxu.Az baş verən bu dəyişiklikləri yaxından görmək və göstərmək üçün son dövrlər böyük tamaşaçı rəğbəti qazanan, ilk milli televiziya kanalımız olan 67 yaşlı Azərbaycan Televiziyasına baş çəkib. Burada bizi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı qarşılayır və gəzinti boyu bizə bələdçilik edir.
Televiziyanın iki mindən çox işçisi var. Bunu binaların uc-bucağının olmamasından da hiss etmək olur. İçəri keçməzdən əvvəl mühafizəçilər bizi 20 dəqiqə yoxlayır, qeydiyyata salırlar, biz də özümüzü Azərbaycandakı ABŞ və ya İsrail səfirliyinin binasına daxil olurmuş kimi hiss edirik. Daha sonra Xəbərlər departamentinin binasına keçirik. Qeyd edim ki, binaya iki yerdən giriş var. Əsas girişdən, adətən, nazirlər, millət vəkilləri, xarici qonaqlar və digər vəzifəli şəxslər daxil olurlar. Bu giriş birbaşa AzTV-nin muzeyinə açılır. Muzeyin isə öz tarixi var. Belə ki, əvvəl oradakı əşyalar üçün ayrıca bir otaq mövcud imiş, sadəcə istəyənlər oraya baş çəkirmişlər. Ancaq indi içəri daxil olan hər kəs muzeyin seyrinə dalır. Burada ümummilli lider Heydər Əliyevin büstü, onunla xatirələrin əks olunduğu fotolar, Azərbaycan Televiziyasının keçmiş rəhbərlərinin şəkillərindən ibarət lövhə, qədimi televizor və kameralar nümayiş etdirilir.
İnformasiya Proqramları şöbəsinə çatanadək bu köhnə binanın dəhlizində müxtəlif fiqurlarla rastlaşırıq. İlk dəfədir AzTV-nin binasında oluram. Gəlməzdən əvvəl elə təsəvvür edirdim ki, tikilinin şüşələrindən süzülən işığından gözlərim qamaşacaq, cah-calalında əziləcəyəm. Duyğularıma sirayət edən gözlərim kor olacaq və mən Bakıda bir-birinə bənzəyən lüks binaları görəndə heç bir hiss keçirmədiyim kimi, buradan da çıxanda nə yazacağımı bilməyəcəyəm. Amma elə deyil, burada divarlara hopan tarix var, görə və düşünə bilirsən. Sadəcə olaraq sanki yeni nəsil adamların hamısı bir-birinə yaddır. Çoxluq içərisində onu da təbii qəbul etməliyik. Nə isə, nəhayət, departamentə çatırıq.
Burada ilk olaraq səhər və günorta xəbərlərinin aparıcısı Könül Məmmədova ilə həmsöhbət oluruq. Aparıcı AzTV-də ilk dəfə 2009-2013-cü illər arasında çalışıb, ikinci gəlişi isə 2019-cu ilə təsadüf edir. AzTV-ni “ana televiziya” adlandıran Könül Məmmədova bütün xəbər buraxılışlarının onun üçün çox özəl və həyəcanverici olduğunu deyir:
“Həm radioda, həm də televiziyada aparıcı olaraq çalışmışam. Doğma məkan olduğuna görə ikinci dönüşümdə çətinlik çəkmədim. AzTV-nin müsbət təsirləri çoxdur. Televiziyanın başlandığı məkandır. Təbii ki, digər telekanallarda da xəbəri təqdim etmək məsuliyyətlidir, amma dövlət televiziyasında bu məsuliyyət ikiqatdır. Biz kadr arxasında olan bir çox insanın əməyini təqdim edirik. Bu gün xəbər aparıcısı sovet dönəmində olduğu kimi sırf diktor kimi çalışmır, aparıcı xəbəri dərk etməlidir. Tutaq ki, reportajı müxbir hazırlayır, amma onun bunu hazırlayarkən hansı mərhələlərdən keçdiyini aparıcı da bilməli, duymalıdır ki, informasiya inandırıcı olsun. Müxbirlər materialları hazırlayırlar, biz də həmin materialları blok şəklində yığırıq, blokdan xəbərdar olmaq mütləqdir”.
Bu gün dünyada müxtəlif televiziya kanalları var ki, onların xəbərləri istinad mənbəyi kimi götürülür. Bizdə də rəsmi xəbərlərə bağlı əsas istinad nöqtələrindən biri faktiki olaraq Azərbaycan Televiziyasıdır. Ona görə də AzTV-nin dezinformasiya, birbaşa mənbədən dəqiqləşdirilməmiş məlumat vermək kimi bir “lüks”ü yoxdur. Ona görə də hər səhər saat doqquzda planlama keçirilir, gündəmdə nələrin olduğuna baxılır.
Buradakı iş prinsipi barədə məlumat verən AzTV-nin İnformasiya Proqramları Studiyasının direktoru Vüsal Qaraca bildirir ki, onların informasiya sahəsində verdiyi hər bir xəbər bir çox hallarda Azərbaycan hökumətinin yanaşması kimi görülür. Bu isə məsuliyyətlərini daha da artırır. Ona görə də müzakirələr bir az uzun çəkir.
Həmkarımız deyir ki, qrup rəhbərlərini toplayıb tapşırıqlarını verir, onlar da o tapşırıqlara uyğun əməkdaşlarını istiqamətləndirirlər. “Ana xəbər”dən əvvəl efirə gedəcəklərlə bağlı planlama tutur. 17:00-da “ana xəbər”in iclası olur. Yekun qərar verilir.
AzTV-də yenilənmə prosesinə də toxunan Vüsal Qaraca onun müharibədən əvvələ dayandığını və birbaşa Rövşən Məmmədovun sədr təyin olunması ilə başlanıldığını deyir:
“2019-cu ilə qədərki və ondan sonrakı dövr çox fərqlənir. 2019-cu ilə qədərki AzTV-də mən də verilənləri xəbər yayımı, format olaraq bəyənmirdim və baxmırdım. Peşəm səbəbilə sadəcə rəsmi xəbərlərə, Prezidentin tədbirlərinə, çıxışlarına baxırdım. Amma 2019-cu ildən, demək olar ki, Azərbaycan Televiziyası intibah dövrünə keçid elədi, çünki rəhbərlik dəyişdi. Amma köhnə rəhbərliklə bağlı hansısa fikir bildirməyim doğru olmaz, çünki o dövrdə mən burada olmamışam. Sadəcə olaraq efirdə baxdığım qədərilə vəziyyəti bəyənmirdim. Rövşən Məmmədovun vəzifəsini icra etməyə başladıqdan sonra yeni komanda formalaşdırması, texniki yeniləmələr, müasir trendlərlə ayaqlaşma istiqamətində atdığı addımlar vəziyyəti dəyişdi. Dörd il ərzində xəbərlərdə baş verən dəyişiklikləri hamıdan eşidirik”.
Vüsal Qaraca AzTV-nin artıq daha aktiv şəkildə problemləri işıqlandırma məsələsinə də diqqət çəkir:
“Biz xalqın xidmətçisiyik, hansısa bir yerdə əgər problem varsa, o problem hansısa bir məmurun işinə məsuliyyətsiz yanaşmasından qaynaqlanırsa, niyə də çəkib göstərməyək, tənqid etməyək? Tamaşaçı da baxır ki, AzTV xalqın problemlərini göstərir və nəticədə rəğbəti artır. Əsasən də reportajlarımız bəyənilir. Bir dövrlər Azərbaycanda 5-6 dəqiqəlik materiallar efirə verilirdisə, avtomatik tamaşaçı kanalı dəyişirdi. Çünki xarici kanallarda dinamika vardı, kadrlar tez-tez dəyişirdi, orijinal səslərdən istifadə olunurdu. Bizim sistem isə onlara sıxıcı gəlirdi. Audiovizual Şuranın yaxınlarda hesabatı açıqlandı. Bu günədək Azərbaycan tamaşaçısı daha çox Türkiyə və Rusiya kanallarına baxırdısa, artıq sevindirici haldır ki, Azərbaycan televiziyaları 50 faizin üzərində baxış qazanıb”.
Əvvəldə də qeyd etdiyimiz kimi, AzTV-nin fəaliyyətinin ən parlaq dövrü Vətən müharibəsi dövrünə təsadüf edir. Burada müsahibimiz də bizimlə razılaşır. Çünki müharibə soyuqqanlılıq və hazırlıq tələb edir. O ərazilərə istənilən jurnalist gedə bilmir. Bəzən bir xəbər onlarla insanın ölümü ilə nəticələnə bilər. Ona görə də savaş bölgəsinə ancaq hərbi jurnalistlər yollanırlar.
Azərbaycan Televiziyasının da bu istiqamətdə yetişdirilən kifayət qədər xüsusi müxbirləri var. Üstəlik, reallıq da var ki, özəl televiziyalarla müqayisədə AzTV-yə münasibət daha adekvatdır. Elə bu status hesabına Azərbaycan Televiziyasının jurnalistləri ən qaynar nöqtələrdən bizə son dəqiqə xəbərləri çatdırdılar və reytinq bumu yaşandı. Vüsal Qaracanın sözlərinə görə, Prezident İlham Əliyevə olan rəğbət də onlara izləyici qazandırıb:
“Biz mütəmadi olaraq Prezidentlə bağlı materiallar yayımlayırdıq. Qısa bir altyazı verirdik ki, “Ölkə başçısının xalqa müraciəti olacaq” və yarım saat sonra müraciət olurdu. Həmin yarım saat ərzində reytinq qalxırdı. Prezidentin media ilə iş qurması, xüsusilə xarici mediaya açıq şəkildə müsahibələr verməsi tamaşaçını ekrana cəlb edirdi. Mən görməmişəm ki, hansısa prezident müharibə gedən vaxt istənilən media ilə informasiya müharibəsində belə ön planda mübarizə aparsın”.
Tamaşaçı tələbindən ruhlanan AzTV rəhbərliyi elə həmin vaxtdan ardıcıl dəyişikliklərə imza atıb, texniki avadanlıqlar sürətlə yenilənib və kadr islahatlarına start verilib. Vüsal Qaraca deyir ki, islahat o vaxt aparılır ki, hansısa işlər doğru getmir və ya yenilik istənilir:
- Harada dəyişiklik varsa, inkişaf var. Bizim tamaşaçılarımız kifayət qədər intellektli, dünyagörüşlüdürlər. Ona görə də dəyişikliyə gedilməliydi. Həm texniki baza yenilənməliydi, həm buna uyğun mütəxəssislər tapılmalıydı. Təsəvvür edin ki, sizin əlinizdə böyük bir heyət, kifayət qədər işçi var, amma əksəriyyətinin dünyada baş verən yeniliklərdən xəbəri yoxdur.
2022-ci il ərzində böyük zəhmət verərək kasetdən xilas olduq. Hərçənd bu, 10-15 il əvvəl olmalıydı. Niyə, nə səbəbə olmadığı isə artıq mənim cavab verə biləcəyim bir sual deyil. Texniki dəyişikliklərdən sonra gənclər dəvət olundular, çünki biz istəyirik ki, gələcək gəncliyin üzərində qurulsun. Təcrübəli əməkdaşlarla artıq gəncliyin inteqrasiyası baş verir. Peşəkarın təcrübəsi və gəncin dinamikası ortaya yaxşı işlər çıxarır. Televiziya sürətli kadr dəyişikliyi, dinamika və qısa informasiya istəyir. Saytda oxucu onu geri qayıdıb da oxuya bilər, amma televiziyada avtomatik kanal dəyişir. Kanal dəyişdisə, batdıq.
- Yenilik həm də ixtisarlar tələb edir. Bu proses çox insanın işdən çıxmasına səbəb oldu?
- İnkişafa hesablanmış islahat aparılırsa, mütləq ki, işini itirən kimlərsə olacaq. Amma Azərbaycan Televiziyası elə bir məktəbdir ki, ömrünü ona sərf edən adamlar var. Onların hamısını birdən-birə işindən azad etmək doğru yanaşma hesab oluna bilməz. Doğrudur, yenilənməliyik, amma bu proses də müəyyən çərçivədə aparılmalıdır. İnsanlara bir gün içində: “Filan tələbə cavab vermirsən, əlvida”, - demək olmaz. Çünki onların dövründə tələblər başqaydı. Ona görə də birbaşa kütləvi işdən çıxarma halları olmadı, mən şahidi olmadım. İş görən adamlar vəzifələrində saxlanıldılar. Əgər sahəsinə artıq tələbat yoxdursa, başqa istiqamətə yönəldildilər. Müəyyən ixtisarlar isə hər dövrdə hər idarədə ola bilər. Ölkənin təməli iqtisadiyyata dayanır. Yaxşı insandır deyə dövlətin büdcəsindən götürüb əlavə maaş yazmaq o deməkdir ki, hansısa uşağın gələcəyini əlindən alıram.
- Bəs yeni kadrlar seçərkən nələrə diqqət edildi?
- Televiziyanın sədri peşəkar telejurnalist və pedaqoqdur. Rövşən Məmmədovun bütün televiziyalarda kifayət qədər tələbəsi var. Müəllim həm tələbələri arasından peşəkarlığına əmin olduğu aparıcı simaları, həm də digər televiziyalardan bəyəndiyi jurnalistləri dəvət edib, bunun üçün xeyli monitorinq aparıb. Yaxud çəkiliş yerlərindən tanıdığı jurnalistlər olub ki, ilkin vaxtlardan dəvət olunublar. İndi isə sistem qurulub, inkişaf var və nəticədə bizə müraciətlər var, onlara baxırıq, təcrübə dövrü üçün şərait yaradırıq. Sonra da uyğundursa, işə alınırlar. Bu gün universitetlərdən gələn Jurnalistika fakültəsi məzunları arasında çox az hallarda təhsilli, savadlı, peşəkar kadr ola biləcək potensialda uşaqlara rast gəlmək olur. Praktiki cəhətdən universitetlərdə yetərli qədər resurslar yoxdur. Yalnız hansısa bir məruzəylə, yazılı vəsaitlə uşaqlar öyrədilməməlidir. BDU-nu qismən ayırıram.
Azərbaycan Televiziyasında 2010-cu ildən etibarən Teleradio Akademiyası fəaliyyət göstərir. Müsahibimizin sözlərinə görə, müraciət edən gənclər üç ay burada təhsil aldıqdan sonra üç aylıq təcrübə mərhələsi başlayır ki, onlar televiziyanın tələb etdiyi bacarıqlara burada tam yiyələnirlər.
İnformasiya Proqramları şöbəsinin iş mexanizmi ilə tam tanış olduqdan sonra studiyaya baş çəkirik. AzTV-də xəbərlər səhər saat 10-dan başlayaraq hər iki saatdan bir, gün ərzində doqquz dəfə efirə verilir. Müddət isə xəbərlərin sayına, gündəmə görə dəyişir. Əgər səhər saat 10-12 arası yenilik baş verməyibsə, xəbərlər eyni qalır. Səhər, günorta və axşam xəbərlərini ayrı-ayrı aparıcılar aparırlar. Axşam saat 8-də əsas xəbər buraxılışı olur. Lakin ekstrim hallar yaşandıqda sistem dəyişə, iş saatları uzana bilir. Hazırda Azərbaycan Televiziyasında ikinövbəli iş qrafikidir. Lakin yaxın dövrdə qrafikin dəyişdirilməsi və üçüncü növbənin artırılması gözlənilir. Burada məqsəd elə həmin ekstrim hallarda işçilərə çox yük düşməməsini təmin etməkdir.
Bu studiyadan da deyildiyi kimi, hələlik çatdıracaqlarımız bu qədər, salamat qalın!
Daha çox foto burada: PhotoStock.az
Sayad Həsənli