Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin 234 nəfərlik qrupu Vətənə qayıdıb.
Oxu.Az xəbər verir ki, xilasedicilər üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi keçirilib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin müşavirləri, FHN rəsmiləri və mətbuat nümayəndələri iştirak ediblər.
Daha çox şəkil burada: PhotoStock.az
15:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin bir hissəsi bu gün təyyarə ilə Adana hava limanından Bakı şəhərinə yola düşüb.
Bununla bağlı FHN məlumat yayıb.
Qüvvələri hava limanından Adana valisi Süleyman Elban, Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Mersin vilayəti Fövqəladə Halların İdarə olunması Bölməsinin rəhbəri Cenk Yıldız, fövqəladə və səlahiyyətli səfirlər Murat Salim Esenli və Ayşe Saraç və Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin idarə rəhbəri Hatice Tugba İkizler yola salıblar.
Türkiyəli rəsmilər Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin qardaş ölkədəki dağıdıcı zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarını yüksək peşəkarlıq və fədakarlıqla yerinə yetirdiklərini qeyd edərək, onların hər birinin bir qəhrəman olduğunu bildiriblər.
Rəsmilər göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər.
14:25
Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqələr qardaş ölkəyə gedən Azərbaycanın 760 nəfərlik axtarış-xilasetmə heyətindən 238 nəfəri Bakıya yola salınıb.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev agentliyə açıqlamasında bildirib ki, zəlzələdən dərhal sonra Azərbaycan Prezidentinin göstərişi ilə 760 nəfərdən ibarət xilasetmə qrupu yaradılıb.
Onun sözlərinə görə, zəlzələnin ilk günündən etibarən azərbaycanlı xilasedicilər üç növbəli şəkildə işlərini davam etdiriblər:
“Axtarış-xilasetmə işləri çərçivəsində qruplarımız 17-si uşaq olmaqla 53 nəfəri dağıntılar altından sağ çıxarıb, 174-ü uşaq olmaqla 755 meyit tapıblar. Bundan başqa, Kahramanmaraşda iki səhra xəstəxanamız var, 2 mindən çox insan orada müalicə olundu. Bura gələrkən qarşılaşdığımız mənzərə dəhşətli idi. Türkiyə xalqı qəhrəman xalqdır”.
Mənbə: “Anadolu”
14:05
Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə bu ölkəyə gedən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin bir hissəsi Azərbaycana qayıdır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qurumdan qeyd edilib ki, nazirliyin çevik xilasetmə dəstəsinin bir qisminin yaxın saatlarda ölkəmizə qayıtması gözlənilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin 760 nəfərdən ibarət çevik xilasedici qüvvələri oraya yollanıb.
Eyni zamanda, Azərbaycan tərəfindən Türkiyə humanitar yardımlar da göndərilib.
İlhamə Əbülfət