“Azərbaycan Ordusunun 10-15 il bundan öncəsi ilə bu gününü müqayisə etsək, nə qədər ciddi dəyişikliklər olduğunu görərik. Bu gün ən ucqar postlarımızda mobil kazarmalar quraşdırılıb və onların təchizatı təmin olunub. Əvvəllər bunların heç biri yox idi. Şəxsən mən özüm ön xətdə döyüş tapşırığı komandiri olarkən 5 ilə yaxın torpağın altında səngərdə yatmışam. Su üçün kilometrlərlə yol gedirdik. Ancaq indi bu problemlər həll olunub. Yəqin siz də mobil səhra kazarmalarını görmüsünüz. O vaxt şərait həddən artıq ağır idi. Bu gün isə o dövrlə müqayisə edilməyəcək qədər yaxşıdır”.
Bunu Oxu.Az-a müsahibəsində hərbi ekspert Azər Bayramov deyib. Müsahibəni təqdim edirik:
- Azərbaycan Ordusunun şərəfli tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Buna görə də əvvəlcə ordumuzun tarixi, baş verən proseslər, çətinliklər barədə danışaq.
- 26 iyunun Silahlı Qüvvələr Günü kimi təsdiq olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1918-ci ildə dövrün tələblərinə baxdığımız zaman yoxdan var olan ordunun yaradılmasının nə dərəcədə çətin və qeyri-mümkünlüyünü görə bilərik. Həmin dövr üçün Azərbaycan bunun öhdəsindən gəlib və ordunun yaradılmasında ilk addımları atıb. Burada ən başlıca məqam azərbaycanlılardan ibarət olan ordunun formalaşması idi. Həmin günə qədər bir çox Azərbaycan vətəndaşları Çar Rusiyasının qoşunlarının tərkibində vuruşmuş və öz qəhrəmanlıqlarını sübut etmişdilər. Çox təəssüf ki, həmin bu qəhrəmanlıq Çar Rusiyasının adına yazılmış və müəyyən mənada da onların maraqlarına xidmət etmişdi.
Nəhayət, 1918-ci ildə bütün bunlara son verildi və Azərbaycanın Milli Ordusu formalaşdırıldı. Bu, bir daha millət kimi özümüzü təsdiqimiz idi. İkincisi, Azərbaycan xalqının nə qədər qəhrəman olduğunun bariz sübutu oldu. O dövrdən indiyə qədər, eləcə də ikinci müstəqillik dövrümüzdə də orduda formalaşma prosesi davam etdi. 1990-cı illərdə müəyyən mənada vahid komandanlığın olmaması, peşəkar heyətin azlığı Birinci Qarabağ müharibəsində məğlubiyyətimizlə nəticələndi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra hərbi və ordu quruculuğu sahəsində müstəsna xidmətlərini xüsusi vurğulamaq lazımdır. Çünki bu, elə də asan iş deyildi.
- 70 il sovet imperiyasının tərkibində olmaq və müəyyən dərəcədə sovet rəhbərliyinin xüsusi yeritdiyi siyasəti dəyişmək doğrudan da çətin olmalı idi. Bu baxımdan ilk addımlar nələr oldu?
- Bəli, əlbəttə ki, asan olmadı. O dövrdə orduda döyüş hazırlığı olan həmvətənlilərimiz az idi. Bu da birmənalı olaraq Rusiya və sovet imperiyasının Azərbaycana qarşı yeritdiyi siyasətin nəticəsi idi. Heydər Əliyevin ilk növbədə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin təməlini qoyması azərbaycanlıların hərbi sahəyə axınına səbəb oldu. İnsanların bir çoxu kəndlərdə, rayonlarda yaşayırdılar. Onların Bakıda, əsasən də hərbi sahədə təhsil alması bir az çətin məsələ idi. Belə bir dövrdə bu addımın atılması həqiqətən də misilsiz idi. Növbəti mərhələdə əsas məsələ hərbi məktəbə axının təmin edilməsi oldu. Bu istiqamətdə maarifləndirmə işlərinin aparılması önəmli idi. Bunun nəticəsidir ki, ordumuzun ana özəyi olan Heydər Əliyev adına Hərbi İnstitutun əsas kadr mənbələrindən biri Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarıdır. Həmin liseyin bir filialı da Naxçıvanda açılmışdı. Artıq Azərbaycan Ordusunun kadr potensialı və peşəkar hərbçilərin yetişməsi ilə bağlı yetərincə resurs yaradılmışdı. Bura insan resursu və yeni silah-sursat, texnologiyaların təmini də daxildir.
- Ordu quruculuğunda dönüş nöqtəsinə diqqət çəksək, hansı məqamları sadalamaq olar?
- Ulu öndərin 1997-ci ildə artıq 70 il davam edən bir sistemi sonlandırmaq və yeni NATO sistemində Türkiyə modelinə keçidlə bağlı verdiyi qərar önəmli idi. İndiki Heydər Əliyev adına Hərbi İnstitut o vaxt Ali Hərbi Məktəb adlanırdı. Ali Hərbi Məktəbin formalaşdırılması çox önəmli idi. Qardaş Türkiyənin Milli Müdafiə Nazirliyinin zabit heyətinin Azərbaycana dəvət olunması xüsusilə qeyd edilməlidir. Kursantların yetişdirilməsinin tamamilə fərqli sistemlə aparılması orduda konkret dönüş nöqtəsi idi. Azərbaycan Ordusu sırf bu istiqamətdə yetərincə nailiyyət əldə etdi.
İkinci Qarabağ müharibəsində də Ali Baş Komandan İlham Əliyevin bununla bağlı tapşırığı oldu. Azərbaycan Ordusunun daha yeni modelə - Türkiyə modelinə keçirilməsi və eyni zamanda, komando birliklərinin yaradılması qərara alındı. Bu qərar ulu öndər Heydər Əliyevin vaxtında atdığı addımın davamı kimi qiymətləndirilməlidir. Heydər Əliyevin uzaqgörənliyinin ən prinsipial nümunələrindən biri onun sovet ordusunun müasir tələblərə cavab vermədiyini hələ o vaxt görməsi idi. Real vəziyyəti Ukrayna müharibəsində Rusiya ordusunun düşdüyü durumun timsalında görürük. Paralel olaraq da Ukrayna ordusunun çox qısa müddət ərzində hansı səviyyəyə qalxdığını müşahidə edirik. Ola bilsin ki, Rusiyanın əlində strateji silahlar, ballistik raketlər çoxdur, ancaq Ukraynanın quru qoşunlarının və komanda birliklərinin qrup şəklində asimmetrik vəziyyətdə müharibə aparması təqdirəlayiqdir. Bizim bu gün gördüyümüzü Heydər Əliyev hələ 1997-ci ildə görürdü və zəruri addımları atmışdı. İkinci Qarabağ müharibəsində Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğunun açıq-aşkar nəticəsini gördük. Sevindirici haldır ki, indi qalib xalq kimi Silahlı Qüvvələr Gününü qeyd edirik. Bu, gələcək nəsillər üçün böyük bir mirasdır.
- Bəs indiki geosiyasi vəziyyətə nəzər salsaq, necə?
- Azərbaycanın yerləşdiyi regiona, geosiyasi mənzərəyə nəzər salsaq, daim potensial təhlükələrin olduğunu deyə bilərik. Bunun öhdəsindən gəlmək üçün mütləq şəkildə güclü orduya ehtiyacımız var. Düzdür, əhali sayı və digər parametrlər baxımından qonşu dövlətlərdən kiçik ola bilərik. Bu da sadəcə müəyyən say, maliyyə resursu və texniki baxımdan ola bilər. Amma keyfiyyət baxımından birmənalı olaraq Azərbaycan Ordusu hazırda dünyanın aparıcı orduları ilə eyni sıradadır. Söhbət şəxsi heyətin döyüş hazırlığının səviyyəsindən gedir. Azərbaycan kəmiyyət yox, keyfiyyət baxımından üstündür. Azərbaycan əhali sayına görə bərabər olduğu ölkələr arasında ən yuxarı zirvədə durur. Əlbəttə, bu, elə-belə qazanılmayıb. Birinci növbədə, Ali Baş Komandan İlham Əliyevin orduya ayırdığı diqqətin nəticəsidir. İkinci, orduda daim təkmilləşdirmə aparılır.
Bu, həm də Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti və paralel olaraq dünyanın aparıcı ölkələri - Türkiyə, İsrail, Pakistanla bu sahədə əməkdaşlıqdan asılıdır. Bütün bunlar kompleks şəkildə ordumuzun gücünə güc qatır. Çünki Azərbaycan Ordusunun əsas təminatçısı Müdafiə Sənayesi Nazirliyidir.
- Azərbaycan Ordusu hansı silah-sursat və hərbi texnika baxımından ötən dövrlərlə müqayisədə qonşu dövlətlərdən irəlidədir?
- Bir çox mənada irəlidədir. Dünyanın ikinci hərbi gücü kimi göstərilən Rusiya artilleriya mərmilərini İrandan almağa çalışır. Ancaq Azərbaycan Qarabağ müharibəsində bu sursatla bağlı bütün problemlərini özü həll etdi. Bu da birmənalı olaraq Azərbaycanın gücünün göstəricisidir.
- Ulu öndər Heydər Əliyev 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasına nail oldu. Qəbul meyarları o dövrdə necə idi? Nə kimi üstünlüklər yaradırdı?
-1971-ci ildə həmin məktəb məhdud çevrə üçün nəzərdə tutulmuşdu. Çünki regionlarda bununla bağlı yetərincə maarifləndirmə yox idi. Qəbul üçün müraciət edənlər Bakı şəhərində yaşayanlar olurdu. Həmin dövr üçün proseslər məhdud çərçivədə aparılırdı. Diqqət çəkməmək üçün həmin hərbi məktəb də digər mülki məktəblərlə uyğunlaşdırılmış şəkildə fəaliyyət göstərirdi. Mən son dörd ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə müəllim işləmişəm. Həmin dövrlə indiki vəziyyət arasında böyük fərq var. Müraciət edənlərin sayı və seçim çoxalıb.
Daha savadlı, fiziki göstəriciləri daha yüksək olan, müəyyən parametrlərə cavab verən şəxslər üstünlük təşkil edirlər. Əlbəttə, bu, savadlı zabit kadr heyətinin çoxluğu deməkdir. Azərbaycan Ordusunun pilotları, Hava Hücumundan Müdafiə Qüvvələri, digər qoşun növlərinin heyəti daha savadlı, peşəkar zabitlərdən ibarətdir.
Xüsusilə də artilleriya qüvvələrimizə baxın. İkinci Qarabağ müharibəsində qoşun növlərimizin hansı dərəcədə və nə qədər peşəkar olduğunu açıq-aşkar gördük. 10 il bundan öncə hansısa pilotsuz uçuş aparatının döyüşdə tətbiqini Amerika Birləşmiş Ştatlarının İraqda apardığı müharibədə mətbuata sızan xəbərlərdə görmüşdük. Ancaq bu gün Azərbaycan Ordusunun peşəkar zabit heyətində pilotsuz uçuş aparatlarının operatorları var. Bu, təkcə “Bayrakdar”a, “Akıncı”ya aid deyil. Yeni nəsil digər “Kızılelma” kim pilotsuz uçuş aparatlarının da istehsalına başlanıldıqdan sonra onu Azərbaycan Ordusunun arsenalında görəcəyik. Ukraynanın bu gün istifadə etdiyi sovet istehsalı olan Su-29, Su-25 döyüş təyyarələrini, “F-16”nı azərbaycanlı pilotlar illər öncə idarə ediblər. Bu gün ordumuz yüksək savadlılığın hesabına istənilən sahədə sürətli inkişaf edir.
- Dövlət İmtahan Mərkəzinin qəbulla bağlı məlumatlarında yüksək nəticə göstərən təhsil müəssisələri sırasında Cəmşid Naxçıvanski adına Hərbi Lisey də var.
- Bəli, bu, çox gözəl uğurdur. Ən yüksək nəticə göstərən məktəblərdən biri məhz elə hərbi lisey olub. Orada kursantların gündəlik rejimi var. Artıq təhsil müddəti üç ildən iki ilə endirilib. Doqquzuncu sinif buraxılış imtahanlarından sonra xüsusi imtahan verilir. Müvəffəqiyyət əldə edənlər liseyə qəbul olunduqdan sonra 1-2-ci kursu bitirib, Dövlət İmtahan Mərkəzinin müvafiq imtahanından keçməklə birbaşa Heydər Əliyev adına Hərbi İnstituta qəbul oluna bilirlər.
Hərbi İnstitutun özündə də artıq ciddi dəyişikliklər var. Prezident İlham Əliyevin tapşırığından sonra Türkiyə modelinə keçid təkcə komando birliklərinin yaradılması ilə yekunlaşmayıb. Bu məsələ kompleks şəkildə aparılır. Heydər Əliyev adına Hərbi İnstitutda nizam qaydalarında, tədrisin aparılmasında, tədris olunan fənlərdə də dəyişikliklər var. Türkiyənin “Kara Harb Okulu” kimi tanıdığımız, dünyanın aparıcı hərbi məktəbinin sistemi ölkəmizdə də tətbiq edilir. Bu sistem dünyanın ən aparıcı ölkələrinin təhsil sisteminə uyğun hazırlanıb. Son aylar ərzində işlər aparıldı və yeni tədris ilindən artıq konkret olaraq bu sistem üzərində işləyəcəklər. Bu sistem kursantların gündəlik həyatını bütünlüklə əhatə edəcək, onların peşəkar zabit kimi yetişməsinə müsbət təsir göstərəcək.
- Xaricdə yaşayan azərbaycanlılar həmin ölkələrin silahlı qüvvələrində peşəkar zabit kimi xidmət aparırlar və biz onlarla fəxr edirik. Amma Azərbaycanın Silahlı Qüvvələri sıralarında bir nəfər də əcnəbi zabit yoxdur. Bu, nə ilə bağlıdır?
- Azərbaycan Ordusunda əcnəbilərin xidmət etməsinə zərurət yoxdur. Azərbaycanın sırf səfərbərlik və ehtiyat sayılan canlı qüvvəsi kifayət qədərdir. Vətəndaşların çoxluğu və xüsusi olaraq kişilərin sayının artımı ehtiyat qruplarına bölünmə deməkdir. Onların hər biri siyahıya alınır. Azərbaycanın yetərincə canlı qüvvədən ibarət resursu olduğundan, əcnəbi zabitlərə qətiyyən ehtiyac yoxdur. Təcrübə baxımından isə bizə əcnəbilərin gəlməsi yox, azərbaycanlı zabitlərin xarici ölkələrdə təlim keçərək zəruri təcrübəni qazanması daha məqbul hesab edilir.
- Azərbaycanın bir neçə ölkə ilə birgə taktiki-təlim məşqlərinə dair müqavilələri var, elə deyilmi?
- Zabitlərimiz bir çox ölkələrdə təlimlərdə iştirak edirlər. Bunlara Amerika Birləşmiş Ştatları, Şərq ölkələri, qardaş Türkiyə, Macarıstan, Rumıniyanı aid etmək olar. Bizim peşəkar zabitlər orada kurs keçirlər. Yəni illərlə orada təhsil alır, təcrübə qazanır və qazandıqları təcrübəni də ordumuzda tətbiq edirlər.
Ukrayna ordusuna nəzər yetirək. Ən çox Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının hərbçiləri var. Onlar əsasən Ukraynanın Quru Qoşunlarında komanda heyətinin yetişdirilməsində dəstək verirlər. 1992-1993-cü illərdə də Azərbaycan kursantları Türkiyədə hərbi təhsil alıblar. Türkiyə hərbi təhsilinin Azərbaycandakı tətbiqi böyük uğurdur. İndi də hərbçilərimizin, zabitlərimizin təhsil aldığı ölkələr var. Belə bir zərurət yaranarsa, qardaş Türkiyə Azərbaycana öz dəstəyini göstərəcək. 1997-ci ildə türkiyəli zabitlərin müəllim olaraq ölkəmizdə fəaliyyət göstərməsi təcrübəsi olub. Təlim və müəyyən ixtisaslar üzrə tədris baxımından bu təcrübə var. Ancaq bununla bağlı artıq bizim özümüzün yetərincə böyük resursumuz da var.
- 44 günlük müharibədə tarixi qələbə əldə olundu, düşmən məğlub oldu və kapitulyasiya aktına imza atdı. Bu, Silahlı Qüvvələrin danılmaz gücüdür.
- 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin gücünü bir daha göstərdi. Azərbaycan Ordusu daha çox Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Quru Qoşunlarından ibarətdir. İkinci Qarabağ müharibəsində bu qoşun növləri üzrə Azərbaycan öz gücünü bütün dünyaya sübut etdi. Təxminən 10-20 il bundan qabaq hər hansı Aerokosmik Qüvvələrdən söhbət gedə bilməzdi. Onların hamısı zenit- raket artilleriya qoşunları və yaxud Hərbi Hava Qüvvələrinin tərkibində idi. Ancaq bu gün Aerokosmik Qüvvələr adlanır və daha geniş sferanı əhatə edir.
Ukraynadakı müharibəyə “peyklərin savaşı” da deyə bilərik. Ukraynanın peyki yoxdur, peyklərin 70-80 faizi NATO ölkələri və Amerika Birləşmiş Ştatlarınındır. Bu da o deməkdir ki, kəşfiyyat baxımından Ukraynaya yetərincə dəstək verirlər. Bunların heç biri elə-belə deyil. Yəni Rusiyanın müharibədə uğur qazanmamasının səbəblərindən biri kəşfiyyat məlumatının Ukrayna tərəfinə vaxtında ötürülməsi və bunun qarşısının alınması üçün düzgün addımların atılmasıdır. Hazırda müasir müharibələrin ayrılmaz hissəsi peyk müşahidə sistemləridir.
- Azərbaycan Silahlı Qüvvələrinin müharibəyə qədər olan və sonrakı dövrünə də toxunaq.
- Müharibəyə qədər və müharibədən sonrakı dövrü müqayisə etsək, ordumuz arxayınlaşa bilməz. Əldə edilən qələbə heç bir şəkildə arxayınlıq yaratmadı. Müasir döyüşün tələblərinə uyğun olaraq ordunun formalaşdırılması qaçılmazdır. Bu, tək Azərbaycana aid deyil. Bütün dünyada proses belə gedir. Rusiya da artıq bu prosesə başlamaq istəyir, ancaq çox gecdir. Ola bilsin ki, Ukrayna müharibəsindən sonra bununla bağlı ciddi islahatlara gedəcək, başqa alternativi yoxdur.
Çünki köhnə sovet doktrinasından imtinanın vaxtı ötüb. İraqda Səddam Hüseyn bu doktrinadan istifadə etmişdi, nəticəsi göz qabağındadır. Rusiya da köhnə sistemlə gedirdi, nəticəsi bəllidir. Ancaq Azərbaycan bununla bağlı vaxtında addım atıb. Söhbət təkcə şəxsi heyətin döyüş hazırlığından getmir. Eyni zamanda, müasir texnologiyaların təminatı da mütləqdir. Mütləq şəkildə texnoloji üstünlük olmalıdır və yeni alınmış texnologiyaların öyrənilməsi, döyüşdə peşəkar, səmərəli tətbiqi də əsasdır. Silahlar bahalı ola bilər, amma effektiv şəkildə istifadə edilmirsə, onlar dəmir parçasından başqa bir şey deyil.
Quru Qoşunlarının motoatıcı bölmələri ilə Hərbi Hava Qüvvələri arasında koordinasiya olmasa, hədəflərin vurulması məsələsində çox ciddi problemlər yarana bilər. Bu balansı qorumaq böyük peşəkarlıqdır.
Azərbaycan və Türkiyə ordularının birlikdə tək bir qoşun növü üzrə deyil - artilleriya qüvvələri, motoatıcı piyada qoşunları, Hərbi Hava Qüvvələrinin birgə taktiki-döyüş tapşırıqlarını yerinə yetirməsi artıq üç addım irəlidə olmağımız deməkdir. Azərbaycan və Türkiyə qoşunlarının birlikdə hərəkət etmək bacarığı önəmlidir. Dünyanın bir çox ölkəsində ordunun öz bölmələri arasında belə bu koordinasiyanı təmin etmək çətin olur. Sırf bu baxımdan Azərbaycan və Türkiyə çox yüksək pillədədir.
- Gələcəkdə hərbi-təhlükəsizlik baxımından hansı yeni tədbirlər gözlənilir?
- Son bir ayda bu istiqamətdə yeni qərar verildi. 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklə Azərbaycanın müdafiə və təhlükəsizlik qabiliyyətinin gücləndirilməsi üçün xərclərin 1 milyard 105 milyon manat artımı nəzərdə tutulur. Yeni silah-sursat, texnikanın alınması ilə bağlı ciddi addımlar atılacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan Ordusunun yenilənməsi, daimi inkişafı və çağdaş dövrə uyğun irəliləməsi qaçılmazdır. Yeni çıxan texnologiyalar, onun alınması, peşəkar heyətin hazırlanması, onun istifadəsi və orduya inteqrasiya edilməsi bir çarxdır. Azərbaycan Ordusu elə bu çarx üzərində daim hərəkət edir. Hər ay orduda müəyyən dərəcədə yenilik görürük.
Azərbaycan Ordusunun 10-15 il bundan öncəsi ilə bu günü müqayisə etsək, nə qədər ciddi dəyişikliklər olduğunu görərik. Bu gün ən ucqar postlarımızda mobil kazarmalar quraşdırılıb və onların təchizatı təmin olunub. Əvvəllər bunların heç biri yox idi. Şəxsən mən özüm ön xətdə döyüş tapşırığı komandiri olarkən 5 ilə yaxın torpağın altında səngərdə yatmışam. Su üçün kilometrlərlə yol gedirdik. Ancaq indi bu problemlər həll olunub. Yəqin siz də mobil səhra kazarmalarını görmüsünüz. O vaxt şərait həddən artıq ağır idi. Bu gün isə o dövrlə müqayisə edilməyəcək qədər yaxşıdır.
Hesab edirəm ki, Ermənistanla sülh müqaviləsi istiqamətində müəyyən addımlar atıldıqdan sonra ordumuzun yenilənməsi, daha da peşəkarlaşması üçün münbit şərait yaranacaq. Azərbaycan Ordusu daim təyin olunan xətt üzrə öz inkişafını davam etdirəcək.
Daha çox foto burada: PhotoStock.Az
Könül Cəfərli
Rəylər