11 
Dek
2023
19:16
26
88
814
Virtual karabakh

Olimpiya qalmaqalları ilə çalxalanan Paris: Çirkli şəhər, qovulan miqrantlar və korrupsioner mer - ŞƏRH + FOTO

11 Dek, 2023
19:16
814

Olimpiya qalmaqalları ilə çalxalanan Paris: Çirkli şəhər, qovulan miqrantlar və korrupsioner mer - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa gələn il iyulun 26-dan avqustun 11-dək keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Dünyanın ən nüfuzlu idman yarışı ərəfəsində ölkədə bir-birinin ardınca qalmaqallı hadisələr yaşanır. Qərb mediasında yer alan xəbərlərdə paytaxt Parisin meri Ann İdalqonun adının korrupsiya qalmaqalında hallanmasından tutmuş, şəhərin oyunlara hazır olmaması, çirklənməsi və s. məsələlər əks olunur. Çirkli şəhər, miqrantlar, idman obyektlərinin hazır olmaması və bir çox digər məsələlər - bütün bunlar ölkədə ciddi problemlərə yol açıb.

Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən merin erməni lobbisinin ciddi təsiri altında olduğu, hətta ondan maliyyələşdiyi bəllidir. Dəfələrlə anti-Azərbaycan bəyanatlar səsləndirən bu xanım hər dəfə qərəzli mövqeyi ilə seçilib. Paris kimi şəhərin yığılıb qalan problemlərini həll etmək əvəzinə, o, Ermənistanı su yoluna çevirib.

“Ermənidən artıq erməni” rolunda çıxış etmək isə indi ona baha başa gəlir. Parisdə merə qarşı korrupsiya ittihamları pik həddə çatıb. Xəbərlərə görə, Haitiyə səfər edən İdalqo orada keçirilən sörfinq yarışına qatılıb. Bəhanəsi də o olub ki, adaya Olimpiya oyunlarına sinxronlaşma işləri aparmaq üçün gedib. Əslində isə media araşdırıb ki, onun Haitiyə və Fransa Polineziyasına səfəri Fransanın vergi ödəyicilərinə oktyabr ayında 60 min avroya başa gəlib. Qeyd edilib ki, İdalqo iş yerində təxminən bir ay olmayıb. O, Haitidə yaşayan qızına da baş çəkib. Mer isə iddia edib ki, istirahət etmək hüququndan yararlanıb və büdcə pullarından şəxsi məqsədləri üçün istifadə etməyib. Lakin insanlar ona inanmırlar. Sosial şəbəkələrdə Paris merini təhqir və söyüşlərə qərq ediblər. Etirazlar və təhqirlərin geniş miqyas alması İdalqonun sosial şəbəkələrdən çıxmasına səbəb olub. Ardınca da onları “demokratiyanı dağıdan, təhqir və dezinformasiya yayan qlobal kanalizasiya adlandırıb”.

Merin tənqidləri ilə yanaşı, paytaxtın beynəlxalq oyunlara hazır olmadığı xüsusi vurğulanır. Şəhəri gənələrin, bitlərin basdığını dünya mediası, məsələn, məşhur “The Guardian” nəşri də yazıb. “Ah Paris - bitlər şəhəri”, - deyə qəzet qeyd edib. Hətta iş o yerə çatıb ki, sosial şəbəkələr kinoteatrlarda bərbad vəziyyətlə bağlı statuslar və onlara yazılan şərhlərlə dolub.

“Daily Mail” isə Paris metrosunun oturacaqlarında, sürətli qatarlarda və Şarl de Qol hava limanında sürünən gənələrin görüntülərini dərc edib. Eyni zamanda, Fransanın səhiyyə naziri Orellan Russo Paris sakinlərini gənələrə görə təşvişə düşməməyə çağırıb.

“Panika yaratmağa ehtiyac yoxdur, bizdə yataq böcəkləri yoxdur, bunun immiqrasiya ilə heç bir əlaqəsi yoxdur, əgər bunu ayrıca söyləmək lazımdırsa. Bunun səyahətlə əlaqəsi var: səyahət edərkən onu xaricə özünüzlə apara bilərsiniz”, - Russo bildirib.

Amma bu, ən böyük problem deyil. Parisdə, sadəcə olaraq, Olimpiya obyektlərini, eləcə də gələcək nəqliyyat infrastrukturunun obyektlərini vaxtında başa çatdırmağa vaxt yoxdur. Həddindən artıq güclü inflyasiya səbəbindən fəlakətli maliyyə çatışmazlığı var. İş o yerə çatıb ki, təşkilatçılar birbaşa deyirlər: Olimpiya obyektlərini şəhərin mərkəzi ilə birləşdirməli olan iki metro xətti, sadəcə olaraq, tamamlanmağa vaxt tapmayacaq. İnsanların oraya necə gedəcəkləri bəlli deyil. “Gənəsiz, bitsiz Paris Paris deyil. Həşəratlar artıq Fransa paytaxtının əsas “uğurlarından” biridir”, - deyə vurğulanır.

Bu azmış kimi, ölkədə oyunlar ərəfəsi terror qorxusunun olduğu da vurğulanır. Fransa Nəqliyyat Nazirliyinə istinadən “BFM Business” telekanalı məlumat yayıb ki, Parisdə keçiriləcək Olimpiya Oyunlarının açılış mərasimi zamanı təhlükəsizlik səbəbilə şəhərin səması bağlanacaq. “Daimi istifadəçilərdən, aviaşirkətlərdən, mütəxəssislərdən və fiziki şəxslərdən nəzərdən keçirilən müddət ərzində fəaliyyətlərini təxirə salmaq və ya bu ərazini keçmək istəniləcək”, - deyə nəqliyyat naziri Klement Beaune bəyan edib.

“Euronews” isə Fransa hakimiyyətinin Olimpiya Oyunları ərəfəsində Parisi miqrantlardan “təmizləməyə” çalışması və evsiz insanları paytaxt küçələrindən əyalətlərdəki xüsusi sığınacaqlara köçürməsinin narazılıq doğurduğunu yazıb. Ötən ilin yazından bəri ölkə daxilində, Tuluza, Bordo və Strasburq kimi şəhərlərdə evsiz insanları paytaxt küçələrindən çıxarmaq üçün 10 müvəqqəti sığınacaq yaradılıb. Altmışdan çox fransız assosiasiyası Olimpiya Təşkilat Komitəsinə məktub göndərərək bu köçürmə strategiyasını “sosial təmizləmə” üsulu kimi pisləyib.

Yeri gəlmişkən, parislilərin 44%-i Olimpiya Oyunlarının şəhərdə keçirilməsini pis qərar adlandırıb. Paytaxt sakinləri Olimpiada ilə bağlı əsas problemlər kimi nəqliyyat və təhlükəsizlik məsələlərini qeyd ediblər.

Beləliklə, Fransa növbəti ciddi sınaqla üz-üzə qalıb. Mötəbər beynəlxalq yarışa ev sahibliyi edəcək ölkənin bu sınaqdan üzüağ çıxacağı çoxlarında şübhə doğurur. Ölkənin nəqliyyat sektoru problemlər içindədir. Parisin nəqliyyat sistemi gələcək turist axını üçün yüksək tələblərə cavab vermir. Şəhərin nəqliyyat infrastrukturu artıq ciddi gərginlik altındadır. Olimpiadaya isə bir ildən də az vaxt qalıb. Xarici və daxili problemlər arasında çabalayan ölkəni indi daha bir məsələ düşündürür - çirkli və gənələrlə dolu Paris.

“Report” İnformasiya Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri