14 
Dek
2023
17:16
7
55
711
Virtual karabakh

Populistləşən Qərb və erməni revanşizmi

14 Dek, 2023
17:16
711

Populistləşən Qərb və erməni revanşizmi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konfliktoloq Rüstəm Qaraxanlı yazır...

Qərb ölkələrində keçirilən sorğuların nəticələri göstərir ki, respondentlərin əksəriyyəti demokratiyanın hazırkı vəziyyətindən narazıdır. “Politico”ya görə, ABŞ-də hər on nəfərdən yeddisi son beş ildə demokratiyanın xeyli zəiflədiyi qənaətindədir. Fransada bu göstərici 73 faiz həddindədir. “Ipsos”un Britaniyada keçirdiyi sorğu da analoji mənzərəni əks etdirir: hər on nəfərdən altısı. Bu ölkələrin, demək olar, hamısında mövcud olan rəy budur ki, “sistem varlıların xeyrinə saxtalaşdırılıb” və “radikal dəyişikliklərə ehtiyac var”.

ABŞ, Böyük Britaniya və Avropa Birliyində gözlənilən seçkilər ərəfəsində bu reallığı ciddi təhlükə hesab edənlər az deyil. Elektorat ənənəvi simalardan yorulanda, adətən, radikal qərarlar qəbul etməyi sevir və əksər hallarda populistlərə üz tutur. Argentinada populist Xavyer Mileyin hakimiyyətə gəlişi və ABŞ-nin sabiq və mümkün gələcək prezidenti Donald Tramp tərəfindən təbrik edilməsi Qərb praqmatizmi üçün bir həyəcan siqnalıdır. Tramp bir sıra əlamətlərinin klassifikasiyasına görə, populist siyasətçidir və bunun özü göstərir ki, populizm ABŞ kimi fövqəldövlətlərdə də hakimiyyət dəhlizlərinə sirayət edə bilər. O cümlədən Boris Consonun timsalında Böyük Britaniyada. Hər iki siyasətçinin hakimiyyət Olimpinə geri dönüş etmək şansları yetərincədir.

Populizmdən danışarkən gözlər önünə ilk olaraq əhalinin savadlı qisminin azlığı, çoxluğun təhsilli olmadığı, sosial durumun aşağı səviyyədə olduğu ölkələr gəlir. Latın Amerikası, Afrika, Cənubi-Şərqi Asiyada siyasi sistemlərin toqquşması, bərbad iqtisadi durum, səfalət və sosial böhran nəticəsində meydana çıxan siyasətçiləri fərqləndirən və ümumiləşdirən cəhət siyasi populizmdir. Hərçənd, əks sosial qütbün təmsilçiləri olan Skandinaviya ölkələrində populizm tam fərqli əhvali-ruhiyyə və ehtiyaclardan qaynaqlanır. İsveç yazıçısı Osa Eriksdotterin 2021-ci ildə qələmə aldığı vahiməli və realistik cəhalətlə bol “Qəssabxana” bestselleri hakimiyyətə gələn qüvvənin başlıca şüarı olan “kökəlmə və piylənmə ilə mübarizə” tədbirlərindən bəhs edir. Göründüyü kimi, əgər üçüncü dünya ölkələrində populistlər hakimiyyətə aclıq və səfilliklə mübarizə dalğasında gəlirlərsə, qabaqcıl və rəqəmsal cəmiyyətlərin bu məzmunda gündəliyi tam fərqlidir. Yeri gəlmişkən, “Politico”nun istinad etdiyi sorğuda yalnız İsveç əhalisinin demokratiyadan və hökumətin iş sistemindən razılığı (58%) üzə çıxıb.

Noyabrın son günündə Qərb mətbuatında kifayət qədər tanınmış sima olan Maykl Lindin “Populizm hiyləgərliyə çevrilir” (Populism has become a gimmick) adlı yazısı çıxıb. “Tablet”in və “New America”nın kifayət qədər nüfuzlu yazarının populizm mövzusuna toxunması bu cərəyanın Qərb cəmiyyətindəki aktuallığından xəbər verir. Lind yazır ki, 2010-cu illərdə populist namizədlər milli seçkilərdə qalib gələndə Atlantikanın hər iki üzündəki isteblişment nümayəndələri onların birləşib demokratiyanı məhv edəcəklərini deyirdilər. Müasir populizm ideoloji əsasdan məhrumdur və xüsusilə Qərbdəki sağ populizm hakimiyyətə gəlmək üçün əlverişli platformaya çevrilib.

Lindin sözünə qüvvət, götürək Niderlandın Baş naziri Gert Vildersi. Onun müsəlmanlara və ələlxüsus da türklərə qarşı aqressiv şüarları Fransada “Milli cəbhə”, “Almaniya üçün Alternativ”, yaxud “Avstriya Azadlıq Partiyası” kimi insanları irqi və milli əlamətlərə görə ayıran siyasi axınların ideologiyasından fərqlənmir. Problem budur ki, belə siyasətçilər və onların rəhbərlik etdiyi siyasi qüvvələrin təmsilçiləri Avropa Parlamenti kimi strukturlarda oturub Azərbaycanı “erməni azlığına qarşı genosid”də ittiham edirlər. AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Komissarı Jozep Borrel və ya Avroparlamentin sədri Roberta Metsola Qərb strukturlarındakı tribunalardan lazım gələndə “Şərq tərəfdaşları”na “siyasi etika”dan mühazirə oxuyan klassik populistlərdir. Birincisi İspaniya sosialistlərini təmsil edirsə, ikincisi Maltanın Milliyyətçi Partiyasının üzvüdür. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də bu günlərdə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda Borreli və Metsolanı populist siyasətçilər kimi xarakterizə etdi.

“Populizmin qlobal yüksəlişi” adlı araşdırmanın müəllifi Bencamin Moffit yazır ki, tipik populist siyasətçini adi siyasətçidən fərqləndirən bir sıra xarakterik xüsusiyyətlər var. Məsələn, aşkar kobudluq və ya publik hədə-qorxu. Nəticə etibarilə bir çox hallarda populizm avtoritar idarəetmə üsullarına güvənir.

Məntiqlə, daxili siyasətdə izlənən bu tərz mütləq halda özünü xarici siyasətdə də büruzə verməlidir. Xüsusilə, son üç ildə biz bir sıra avropalı siyasətçilərin, Fransa senatorlarının, yaxud şəhərlərin populist merlərinin Azərbaycana qarşı təhdid, böhtan xarakterli bəyanatlarına şahidlik edirik. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə indiki və sabiq köməkçiləri Ceyms O`Brayen və Yuri Kimin də o cümlədən. M.Lind son məqaləsində yazır ki, Qərb siyasətçilərinin populizmə yuvarlanmalarını populist seçicilərin çoxluğu şərtləndirir. Qərbi Avropanın, əsasən, Fransanın dövlət və siyasət adamlarının anti-Azərbaycan ritorikası bizim üçün bunun sübutudur. Bu baxımdan, “Politico”nun dərc etdiyi sorğunun nəticələri bu tendensiyanın qarşıdakı illərdə daha da güclənəcəyindən xəbər verir. Məsələn, Ermənistan tərəfi Qarabağdan 100 min erməninin köçdüyünü bildirdiyi halda, AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı kimi ciddi vəzifənin daşıyıcısı, populizm damarı tutan kataloniyalı Borrel “150 min erməni köçkün”dən danışır. İspaniyadan müstəqilliyə can atan Kataloniya təmsilçisinin erməni separatçılara bu isti münasibətinin populist seçicinin gözləntisindən qaynaqlandığı şübhə doğurmamalıdır. Borrel, Metsola, Vilders, İdalqo və onlar kimi Qərbi avropalı populistlərin Ermənistanın populizmdən hali olmayan lideri Paşinyanla dostluqları erməni revanşizminin mənbələrindəndir. Qərb cəmiyyətində siyasi populizmin aktuallığı reallığında tarixi miflərə aludə olan erməni cəmiyyətinin revanş arzuları həm də bu səbəbdən daim nəzarətdə saxlanılmalıdır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri