29 
Yan
2024
17:08
31
62
1964
Virtual karabakh

Maykl Vasyura: “ABŞ-lilər xəritədə heç Fransanı tapa bilmirlər, qalsın Azərbaycan, ya Ermənistanı” - MÜSAHİBƏ

29 Yan, 2024
17:08
1964

Maykl Vasyura: “ABŞ-lilər xəritədə heç Fransanı tapa bilmirlər, qalsın Azərbaycan, ya Ermənistanı” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-də aktiv seçki kampaniyası fonunda (prezident seçkisi noyabrda keçiriləcək) federal və yerli hakimiyyət orqanları arasında qarşıdurma ilə müşayiət olunan miqrasiya böhranı başlayıb.

Texas ştatının qubernatoru Qreq Ebbott ABŞ Ali Məhkəməsinin ABŞ-Meksika sərhədi boyunca tikanlı məftillərinin çıxarılmasına dair qərarını yerinə yetirməkdən imtina edib. Texas hakimiyyətinin qeyri-qanuni miqrantların ölkəyə daxil olmasının qarşısını almaq üçün hərəkətləri 20-dən çox başqa ştat tərəfindən dəstəklənib.

Qarşıdan gələn seçki və ABŞ-də miqrasiya böhranına səbəb olan hazırkı daxili siyasi gərginlik bir-biri ilə əlaqəlidirmi? Oxu.Az-ın bu sualını cavablandıran ABŞ-li analitik və jurnalist Maykl Vasyura qarşılıqlı əlaqə olduğunu qeyd edib:

- Miqrasiya ilə bağlı vəziyyət dəyişməyib, təxminən bir neçə il əvvəl olduğu kimidir. Mərkəzi Amerikadan bir çox insan ABŞ-yə köçür. Cəmi 10-15 il əvvəl bunlar ənənəvi olaraq ABŞ-də iş axtaran gənclər idi. Amma indi bu miqrant axınında uşaqlı qadınlar daha çox olur. Onlar sərhədi gizli keçməyə çalışmırlar, əksinə, sərhədçilərin onları görməsini istəyirlər. Bu insanlar daha sonra qaçqın kimi hakimiyyətə dəstək üçün müraciət edirlər. Onların taleyinə məhkəmə qərar verənə qədər ABŞ-də qalmaq hüquqları var. Çox vaxt miqrantlar təyin olunmuş tarixdə məhkəməyə gəlmir, sadəcə olaraq ABŞ-də (qeyri-qanuni olaraq - red.) yaşayırlar.

Ancaq yenə də son aylarda vəziyyət nə pisləşdi, nə də yaxşılaşdı. Fakt budur ki, siyasətçilər rəngarəng məsələlərdən öz xeyirlərinə istifadə edirlər. Bir qrup respublikaçı miqrasiya məsələsini Ukraynaya yardımın genişləndirilməsi ilə əlaqələndirərək fəal şəkildə istifadə etməyə başladı. Bu, Ukraynaya yardımın dayandırılması üçün səbəbdir. Donald Tramp (keçmiş prezident və Respublikaçılar Partiyasından seçkidə ən çox ehtimal olunan namizəd - red.) bu qrupu tam dəstəkləyir.

- Bəs məsələ nə qədər ciddidir? Çünki bəzi ştatlar milli ordusunu Texasa kömək üçün göndərirlər. Bu, vətəndaş qarşıdurmasına, federal hökumətlə yerli hakimiyyət orqanları arasında şiddətli toqquşmaya səbəb ola bilərmi?

- Yox. Müxtəlif ştatlar əvvəllər milli ordularını cənub sərhədlərinə göndəriblər. Yenə deyirəm, siyasətçilər, sadəcə olaraq, vəziyyətdən öz xeyirlərinə istifadə edirlər.

- Prezidentliyə namizədlər Co Bayden (indiki dövlət başçısı) və eks-prezident Donald Trampın populyarlığı haqqında nə düşünürsünüz? Sorğular göstərir ki, Tramp ümumi ABŞ reytinqində Baydeni 4% qabaqlayır və ekspertlər bunu ciddi liderlik hesab edirlər.

- Təbii ki, Baydeni populyar prezident adlandırmaq olmaz. ABŞ-lilər üçün bu, xüsusilə son illərdə az-çox adi haldır. Donald Trampdan əvvəl, respublikaçı prezidentimiz olanda, bir çox respublikaçılar tez-tez onun əleyhinə səs verirdilər. Bundan əlavə, 2009-cu ildə bəzi respublikaçılar demokrat prezident Barak Obamanın ölkəni kifayət qədər normal idarə etdiyinə inanırdılar.

Lakin Trampın ilk prezidentlik müddətindən sonra ABŞ-də siyasətdə radikallaşma baş verdi. Buna görə də seçkidə Trampı dəstəkləyəcək insanların 100%-i Baydeni sevmədiyini deyir. Demokratlar Partiyasında son seçkidə Baydeni dəstəkləyənlər var, amma indi onu növbəti prezident kimi görmək istəmirlər. Buna görə də bir çox demokratların, sadəcə olaraq, səs verməyəcəyi ehtimalı var.

Son iki prezidentlik dövründə biz sorğuların ictimai rəyi ölçmək üçün yaxşı işlər gördüyünün şahidi olduq, baxmayaraq ki, onlar bir qədər səhv edirdilər. Amma indi deyə bilərik ki, Trampın qalib gəlmək şansı var. Ancaq hər şeyi seçki göstərəcək. Ona isə hələ bir neçə ay var, hələ hansı hadisələrin baş verəcəyini bilmirik.

- Gəlin qarşıdan gələn seçki fonunda ABŞ-nin xarici siyasətinə keçək. Mətbuatın ən çox yazdığı və Azərbaycanı maraqlandıran bir neçə məqamın adını çəkəcəyəm. Yaxın Şərqdəki vəziyyət (İsrailin Fələstinin radikal HƏMAS hərəkatı ilə müharibəsi və İranın müdaxiləsi ehtimalı), Çin və Tayvan ətrafında kəskinləşmə (hərbi əməliyyatlar baş verərsə, qlobal ÜDM-in 10% azalacağı proqnozlaşdırılır), Ukraynadakı müharibə, ABŞ və Türkiyə münasibətləri (Vaşinqton Ankaranın “F-16” təyyarələrini satacaqmı?), ABŞ qoşunlarının İraqdan çıxarılması, Cənubi Qafqaz və ABŞ-nin Azərbaycanla münasibətləri. ABŞ-lilər nəyə diqqət yetirirlər?

- Düşünürəm ki, ABŞ-liləri daha çox, Yaxın Şərqdəki, İsraildəki vəziyyət maraqlandırır. Xüsusilə, ABŞ-nin Yəmənə raket zərbələri endirdiyini nəzərə alsaq. Çox nəzərəçarpan olmasa da, bu, Baydenin xeyrinə işləyir.

ABŞ-də diqqət yetirilən, lakin daha az dərəcədə diqqəti çəkən başqa bir məqam isə Ukraynadır. ABŞ-lilər unutmayıblar ki, müharibə hələ də davam edir və Ukrayna ABŞ-dən çoxlu yardım alır. Amma maraq, deyək ki, bir il əvvəlkindən azdır. Sorğular göstərir ki, ABŞ-nin Ukraynaya dəstəyi xeyli azalıb. Lakin əksəriyyət hələ də Vaşinqtonun Kiyevə yardım göndərməsini istəyir.

Bütün digər məqamların isə ABŞ-dəki seçki prosesinə heç bir təsiri yoxdur. Çin hərbi əməliyyata başlamayana qədər heç kim Tayvanı müzakirə etməyəcək. Nə Türkiyə, nə “F-16”, nə də Cənubi Qafqaz müzakirə olunur, bu, başadüşüləndir, çünki ABŞ-lilərin əksəriyyəti xəritədə heç Fransanı tapa bilmir, o ki qalsın Türkiyə, Azərbaycan, ya da Ermənistan ola...

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri