Məktəb yalnız bilik verilən deyil, həm də şəxsiyyətin formalaşdığı, qanuna hörmətin, məsuliyyətin və qarşılıqlı anlayışın aşılandığı məkandır. Buna görə də məktəbli forması və xarici görünüşlə bağlı tələblər təhsil mühitində nizam-intizamın və vahid yanaşmanın qorunması baxımından əhəmiyyət daşıyır.
Azərbaycan dünyəvi dövlətdir. Dünyəvilik dinə qarşı olmaq deyil, təhsilin qanunvericilik əsasında, elmi düşüncə və bərabər imkanlar prinsipləri ilə təşkil olunmasıdır. Dini inanclara hörmətlə yanaşmaqla məktəbin müəyyən edilmiş qaydalarına riayət etmək bir-birinə zidd anlayışlar kimi təqdim edilməməlidir.
Məktəbli formasına və şagirdlərin xarici görünüşünə dair tələblər qüvvədə olan hüquqi normalara əsaslanmalı, hamıya eyni və ədalətli şəkildə tətbiq edilməlidir. Bu prosesdə nə şəxsi münasibətlərə, nə də ictimai təzyiqə yer olmalıdır. Eyni zamanda, heç bir fikir ayrılığı uşağın ləyaqətinin alçaldılmasına və təhsil hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olmamalıdır.
Məktəbin əsas vəzifəsi uşaqları yalnız bilikli deyil, həm də müstəqil düşünən, fərqli fikirlərə hörmətlə yanaşan, hüquq və məsuliyyətlərini anlayan vətəndaşlar kimi yetişdirməkdir. Bunun üçün məktəb rəhbərliyi, müəllimlər və valideynlər arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq vacibdir.
Təhsil müəssisəsinin rəhbəri kimi hesab edirəm ki, vahid qaydalar yalnız ədalətlə tətbiq edildikdə öz məqsədinə çatır. Məktəbdə həm qanuna hörmət, həm insan ləyaqətinin qorunması, həm də təhsilin keyfiyyəti əsas prioritet olmalıdır.
Bizim məqsədimiz uşaqları seçim qarşısında qoymaq deyil, onlara bilik, düşüncə azadlığı, məsuliyyət və qarşılıqlı hörmət dəyərlərini aşılamaqdır. Çünki güclü cəmiyyətin təməli qanuna hörmət edən, fərqli düşüncələrə anlayış göstərən və təhsilin dəyərini dərk edən nəsillə qoyulur.
Ofeliya Muradova
"Evrika" Beynəlxalq Elm və Texnologiya Liseyinin direktoru