ABŞ-dən olan tanınmış reper Kanye Uest iyunun 11-də Marsel şəhərində yerləşən "Stade Velodrome" stadionunda baş tutmalı olan konsert proqramını ertələyib.
Oxu.Az xəbər verir ki, bu barədə sənətçi özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Dərin düşüncə və aparılan müzakirələrdən sonra Fransanın Marsel şəhərində planlaşdırılan konsertimi yeni bir xəbərdarlığa qədər təxirə salmaq qərarını qəbul etdim", - deyə o, paylaşımında bildirib.
Qeyd edək ki, Fransa hökumətinin müvafiq qərarı ilə Kanye Uestin Marseldə çıxışının ləğv olunma ehtimalı barədə məlumatlar yayılmışdı.
Bundan öncə isə Böyük Britaniyanın Daxili İşlər Nazirliyi ifaçının ölkə ərazisinə daxil olmasına qadağa qoyaraq, onun konsertlərinin ictimai maraqlarla ziddiyyət təşkil etdiyini vurğulamışdı. Uestin London şəhərində təşkil olunacaq "Simsiz Yay Festivalı" çərçivəsində ardıcıl üç gün səhnəyə çıxması nəzərdə tutulurdu. Digər tərəfdən, iyun ayının başlanğıcında reperin iki konsertinin planlaşdırıldığı Niderlandda rəsmi qurumlar yəhudi icmaları və bəzi deputatların etirazlarına rəğmən, onun çıxışına qadağa qoymaq üçün heç bir qanuni əsasın olmadığını bəyan ediblər.