Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Belə rezonans doğuracağını gözləmirdik” - “Dərviş band” qrupunun üzvləri ilə MÜSAHİBƏ + FOTO
Son günlərdə dildən-dilə gəzən, 90-cı illərdə doğulub, maqnitofon kasetlərində aramsız dinlənilən, bütün zamanların hiti və yenidən ikinci həyatını yaşayan “Dünya sənin, dünya mənim” mahnısına yeni nəfəs verən “Dərviş band” qrupunun üzvlərinin müsahibəsi yayımlanıb.
Onların “Kaspi” qəzetinə verdikləri müsahibəni təqdim edirik:
Solist Fərid Məmmədov deyir ki, qrup hələ sovet dövründən fəaliyyət göstərir. Onların ilk adı “Razum” olub, 1989-cu ildən “Dərviş band”ə dəyişib. İlk tərkibdən sadəcə qrupun indiki rəhbəri Zaur Şıxbabayev qalıb:
“Biz 7-10 ildir ki, burada fəaliyyət göstəririk. Amma bura qədər də başqa qruplarda çıxış etmişik. Bu gün qrupun üzvləri - solist mən və Nərmin Behbudova, zərb alətində Vüqar Musayev, piano Kənan Ələsgərov, gitara Anar Bünyaddır. Qrupun rəhbəri Zaur bəy həm də bass gitarada ifa edir.
Fərid bəy deyir ki, “Dünya sənin, dünya mənim” mahnısını oxumağı ilk olaraq Anar Bünyad təklif edib:
“O, uşaqlıqdan Niyaməddin Musayevin fanatıdır. Bütün mahnılarını əzbər bilir. İlk təşəbbüs ondan gəldi. Zaur bəy də bu mahnını aranjeman etməyi təklif etdi. Biz bir ilə yaxın bu mahnını ifa etmişik. Amma belə qısa zamanda bu qədər rezonans doğuracağını gözləmirdik, açığı”.
Nərmin xanım isə mahnını studiyada yazmaq kimi bir fikirlərinin olmadığını bildirdi:
“Biz bu mahnını əvvəlcə kaver versiyada Bakının müxtəlif məkanlarında ifa edirdik. Sonra çox sevildiyini görüb studiyada yazmağı düşündük. Əvvəlcə Niyaməddin müəllimdən icazə aldıq. Mahnıda folklor və rok elementlərinin sintezi birləşərək belə maraqlı aranjemanı ortaya çıxartdı. Fəridin ürəkdən və özünəməxsus xırıltılı səslə oxuması mahnını daha da sevdirdi. Mahnıda müəyyən qədər xalq musiqisi elementləri də var. Bunu müəllif bu cür bəstələyib və birinci ifadan bu, mütləq qalmalı idi. Və əlbəttə ki, mahnının söz müəllifi olan Məmməd Arazı qeyd etməsək, olmaz. Bu mahnını həm də möhtəşəm edən sözləridir”.
Nərmin xanım mahnının İTV-də yayımlanandan sonra bir anın içində “partlamasından” da danışdı:
“Verilişin çəkilişi əvvəlcədən olmuşdu. Və açığı, efir gününü işlərin çoxluğundan unutmuşduq. Həmin gün Fərid Gürcüstanda, mənsə Bakıdaydım. Qrupun “Instagram” səhifəsini illərdir ki, mən idarə edirəm. Birdən baxdım ki, dayanmadan “izləmə” gəlir, təəccübləndim. Dedim, görəsən, nə baş verir? Uşaqlarla danışdıq, maraqlandıq ki, bu nə məsələdir. Və birdən gördük ki, sosial şəbəkələrdə insanlar mahnını paylaşır. Mahnının bu qədər seviləcəyini gözləmirdik. Gözəl səhnə, işıqlandırma böyük şərtdir. O da öz sözünü dedi. Buna qədər həmin kanalda yeni il şənliyində də oxumuşduq bu mahnını. Amma heç bir rezonans doğurmamışdı. Deməli, səhnə də öz sözünü dedi”.
Mahnı qrupun Niyaməddin bəylə duet ifasında da bəyənildi. Fərid bəy deyir ki, dueti bir dubla yazdıq:
“Onun 83 yaşı var, özü də bir qədər naxoşlamışdı. Amma bizə söz vermişdi və sözünün üstündə durdu. Gəldi və biz bu dueti yazdırdıq. Niyaməddin bəyə çox minnətdarıq. O bizə çox dayaq oldu. Onunla əlaqə qurmaqda Elnarə Xəlilova böyük dəstək göstərdi. Həmçinin, İTV kanalına minnətdarıq”.
“Rok Azərbaycanda hansı səviyyədədir” sualına isə Vüqar bəy cavab verdi:
“Məncə, rok bizdə bir o qədər populyar deyil. Rok özünəməxsus janrdır. Dar çərçivə üçündür. Bu janrda işləyib, kütləyə çatdırmaq çox çətin məsələdir. Amma bizim oxuduğumuz çox ağır deyil, bir qədər melodikdir. Müxtəlif nəsillərdən olan insanlar dinləyə bilər. Axırıncı işimizdə alındı, sevdirə bildik. İnşallah çalışacağıq, gələcəkdə də alınsın. Ümumiyyətlə, rokun vəziyyəti Azərbaycanda elə də ürəkaçan deyil. Ümid edək ki, gələcəkdə yaxşı olacaq. Bu mahnını çox adam, hətta roku sevməyən adamlar da dinlədi. Düşünürəm ki, bu cür ideyalar, layihələrlə roku insanlara yavaş-yavaş sevdirmək olar”.
Anar bəy deyir ki, qrupda hamı eyni fikirdə olmur:
“Bizdə tam demokratiya da deyil. Belə olsaydı, hərə bir şey deyər, bir şey istəyərdi. Qrup bu qədər irəliləməz, haradasa laxlayar, dağılardı. Qrupun rəhbəri var. Biz seçirik, Zaur bəylə müzakirə edirik. Onun təcrübəsi hamımızdan daha çoxdur. Danışırıq, ortaq bir məxrəcə gəlirik, son sözü rəhbərimiz deyir və hərə öz işini görür. Qeyd etmək istərdim ki, vokalistlərimizin oxuya bilməyəcəyi mahnı yoxdur. Sadəcə, hər şey ölçülüb-biçilməlidir”.
“Dünyada belə bir tendensiya var ki, rok ifaçıları səhnəyə çıxmazdan əvvəl alkoqollu içkilər içir, narkotik qəbul edirlər”, deyir Nərmin xanım:
“Amma maraqlısı budur ki, bizim qrup üzvləri nəinki narkotik istifadə etmir, heç alkoqol da qəbul etmirlər. Məşq və gərgin iş vaxtı əlavə enerjiyə ehtiyacımız olanda qəhvə və ya energetik içki içirik. Biz enerjini səhnədə bir-birimizdən alırıq. Hər dəfə məşqə başlamamışdan əvvəl yaxşı dəmlənmiş çay içirik”.
“Mahnı yazmağın bir resepti yoxdur” deyir Fərid bəy:
“Birdən olur ki, Nərmin musiqisini yazır, mən sözlərini, yaxud əksinə. Bəzən də hər ikisini ya Nərmin, ya mən yazıram. Gələcək repertuarımızla bağlı müəyyən planlarımız var. Öz mahnılarımızı da, bəstəkar mahnılarını da ifa edəcəyik. Biz hər cür yeniliyə açığıq. Amma xalq mahnıları ilə vəziyyət bir az çətindir. Çünki xalq mahnısına müraciət edib, onu asanlıqla korlamaq olar. Çox diqqətlə yanaşmaq lazımdır. Ola bilər ki, bu ideyanı da nə vaxtsa dəyərləndirə bilərik”.
Qrupun üzvləri gündüzlər müxtəlif sahələrdə çalışır, axşamlar isə məşqə toplaşırlar. Fərid bəy deyir ki, harada işləmələrindən asılı olmayaraq, məşqə gecikmirlər:
“Biz daha çox bura qaçırıq. Çünki burada sevdiyimiz işlə məşğuluq. Başqa sahədə çalışanlardan fərqimiz budur ki, onlar 5 gün işləyir, şənbə-bazar istirahət edirlər. Biz isə 5 gün işləyirik ki, şənbə-bazar ikiqat işləyək”.
"Niyaməddin Musayev" teqi üzrə xəbərlər
- Heydər Əliyev Mərkəzinin parkında "Yay Festivalı" bağlanış konserti olacaq
- Niyaməddin Musayev əməliyyat olundu
- Niyaməddin Musayev polislərlə videosundan danışdı: "Özümü idarə etməyim yerindədir"
- Niyaməddin Musayev: "Başdanxarab adamlardır da, hər sözdə nəsə axtarırlar"
- Niyaməddin Musayevin qızı Azərbaycandan köçüb - VİDEO
Rəylər