Aparıcı və xeyriyyəçi Hacı Nuran Hüseynov “ADDIM” Gənclər Təşkilatının kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirilən “Kinoya ADDIM-la” adlı layihəsinin qonağı olub.
Oxu.Az-ın məlumatına görə, layihə çərçivəsində teleaparıcı gənclərlə bərabər Park Cinemada rejissor Xorxe Qutyeresin "Книга жизни" (Həyat kitabı) 3D animasiya filmini izləyib.
Tədbirin əvvəlində "Addım" Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə çıxış edərək məhz gənclərin istəyi ilə layihəyə dəvət olunan Hacı Nuranın xeyriyyəçilik və ictimai fəaliyyətinin gənclərə örnək olmasından danışıb.
Qeyd olunub ki, məhz Hacı Nuranın istəyi ilə filmin nümayişinə Bilgəh qəsəbəsindəki internat məktəbinin uşaqları da dəvət olunub. Daha sonra layihədə ənənə üzrə ulduz qonaq qismində çıxış edən Hacı Nuran Hüseynov gənclərlə fikirlərini bölüşüb. Filmin nümayişindən sonra gənclər qonaqla fotolar çəkdirib, onları maraqlandıran mövzularda diskusiyalar aparıblar.
Film nümayişindən sonra Hacı Nuran nümayişdə iştirak edən qonaqlarla fikirlərini bölüşüb:
"İlk öncə həm gənclər,h əm də balacalarla birlikdə film izləməyə yaradılan şəraitə görə təşəkkürümü bildirirəm. Film bir nəfəsə izlənildi. Animasiyanın bu qədər maraqlı və pozitiv olacağını təsəvvür etmirdim".
Qeyd edək ki, 'Kinoya ADDIMla' layihəsi çərçivəsində Park Cinemada nümayiş olunan film Meksikada "Ölülər günü" ərəfəsində baş verən romantik əhvalatdan bəhs edir. Tədbirdən fotoları gənc fotoqraf Kərim Abbasov təqdim edib.
Aytən Sadıqzadə