Müğənni Rəqsanə İsmayılova maraqlı açıqlamaları ilə yadda qalıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu gün ANS telekanalında yayımlanan “Günəbaxan” proqramında qonaq qismində iştirak edən ifaçı atasından danışıb. Son zamanlar sənətçinin yenidən ana olmaq istədiyi barədə gəzən söz-söhbətə aydınlıq gətirən Rəqsanə İsmaylova atasının 3-4 həyat yoldaşı və onlardan xeyli sayda övladları olduğunu vurğulayıb.
Çox övlad sevdiyini deyən sənətçi iki qızı olmağına baxmayaraq Allah qismət etsə bir daha ana olmaq istədiyini dilə gətirib:
“Əgər mən səhnə insanı olmasaydım, düşünürəm ki, 6-7 övladım olardı. Uşaqları çox sevirəm, Allah hər bir uşağın ruzusunu göndərir. Onları saxlamaq heç də çətin deyil. Bir bacım olmağına baxmayaraq atamın 3-4 yoldaşı, onlardan da çox sayda uşaqları var. Ailədə övladın çox olmağı yaxşıdır, böyüyəndə bir-birlərinə dayaq olurlar. Hal-hazırda planda olmasa da əgər Allah qismət bilsə yenidən ana olmaq istərdim” - deyib.
Qeyd edək ki, Rəqsanə İsmaylova ötən il sevdiyi şəxs ilə ailə həyatı qurub. Həyat yoldaşını çox sevdiyini bildirən ifaçı Rusiya, Türkiyə və Bakıda birlikdə xoşbəxt günlər keçirdiklərini vurğulayıb.
Türkmənistan prezidenti mahnısını ifa edəndən sonra gündəmdən düşməyən müğənni Rəqsanə yeniliklərindən danışıb. O, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə duet oxumaq istədiyini açıqlayıb:
“Mən o insanı çox sevirəm. Çox hörmət edirəm. Daha bilmirəm Ərdoğan mənim mahnımı oxuyar ya yox, amma onunla duet oxumağı çox istərdim”.
Qeyd edək ki, Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədov Yeni il münasibəti ilə keçirilən tədbirlərdən birində dicey pultu arxasına keçərək azərbaycanlı sənətçinin “İnanımmı” mahnısını ifa edib.
Rəqsanə indi prezidentlə görüşmək istədiyini və bu məqsədlə Türkmənistana səfərə hazırlaşdığını deyib. O artıq viza alınması ilə bağlı proseslərin başlandığını və bu istiqamətdə danışıqlar aparıldığını bildirib.