Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tərtər rayonu Qapanlı kəndi istiqamətində dinc sakinləri atəşə tutub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, səhər saatlarında Qapanlı orta məktəbinə gedən yolda şagirdlər ermənilərin açdığı atəşə məruz qalıblar.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Erməni ordusu məktəb yolunu təxminən 10 dəqiqə müddətində atəş altında saxlayıblar.
Ötən gecədən başlayaraq erməni silahlı qüvvələri Tovuzun cəbhə xəttinə yaxın kəndləri atəşə tutub. Ermənilər təxminən 10 saata qədər Tovuzun Əlibəyli, Hacallı, Muncuqlu, Ağdam və Qaralar kəndlərini atəş altında saxlayıblar.
Ermənilərin açdığı atəş nəticəsində Tovuzun Əlibəyli kənd sakini, 38 yaşlı Hüseynova Ruhiyyə ayaq nahiyəsindən yaralanıb. Ümumilikdə, Əlibəyli kəndi təmas xətti boyunca yerləşdiyindən əhalinin həyətlərində sərbəst gəzmələri olduqca təhlükəlidir.
Bundan başqa, Ermənistan silahlı qüvvələri son bir ayda cəbhədə fəallıq nümayiş etdirməkdədir.