Konçita obrazını yaratmaqla ölkəyə səs salan məşhur stilist Samiraldo bu dəfə Oxu.Az-a siyasi baxışlarından danışdı:
- Siyasi hadisələri izləyirsinizmi?
- Bəli, izləyirəm. Mən ölkədə baş verən şou xəbərləri oxumuram, dünyada və Azərbaycanda baş verən siyasi xəbərlərlə maraqlanıram. Çünki şou-biznes doğrudan da şoudur. Biri avtomobili, digəri geyimi, o biri isə qalmaqalları ilə şou yaradır. Ona görə də mən ciddi xəbərlərə önəm verirəm. Hamı məni kövrək, ürəyiyumşaq insan kimi tanıyır. Bu cür xarakterə sahib olmağıma baxmayaraq mən hətta son vaxtlar vəhhabilərin törətdikləri baş kəsmək ilə əlaqəli videoları da izləyirəm. İnsan insana qarşı necə belə qəddar ola bilər axı?
- Sizcə, Ukraynada baş verən ixtişaşların sonu necə olacaq?
- Rusiya Ukraynanın ruslar tərəfindən törədilən savaşa belə güclü cavab verə biləcəyini gözləmirdi. Rusiya hakimiyyəti elə hesab edirdi ki, Ukraynanı bir anda məhv edə bilər. Amma heç də hər şey rusların planlaşdırdığı kimi olmadı. Ona görə mən hesab edirəm ki, bu mübarizədə Rusiya geri çəkiləcək.
- İŞİD-in törətdikləri barədə nə düşünürsünüz?
- “Allahu-Əkbər” deyib, insanları diri-diri yandırmaq, körpələrin bədənini kəsmək və s. kimi vəhşiliklər törətmək müsəlmana yaraşmaz. Müsəlman müsəlmana qarşı bu cür amansız olmamalıdır.
Mənə elə gəlir ki, İŞİD-in Suriya və İraqda törətdiyi bu cür vəhşiliklər ABŞ siyasətinin nəticəsidir. ABŞ bildiyiniz kimi bir zamanlar Usamə Bin Ladenin əli ilə qırğınlar törədirdi. Hansı ki, sonda zərbə elə Amerikanın özünə dəydi. Fikirləşirəm ki, İŞİD-in törətdiklərinin bir ucu nəticə etibarilə ABŞ-a dəyən zərbə ilə nəticələnəcək. Yenə də bu, siyasətdir. Hər şey ola bilər.
İraq İŞİD məsələsində Amerikadan yardım istədi. Amerika minnətlə yalandan nəsə etmiş kimi özünü göstərdi, amma heç nə etmədi. Amma İraq yox, başqa bir xristian dövləti yardım istəsəydi, ABŞ böyük məmnuniyyətlə kömək edəcəkdi.
Amerikanın məqsədi müsəlmanların özlərini özlərinə qırdırmaqdır. Müsəlmanlar isə bunu başa düşmək istəmirlər, xristian dövlətlərinin əli ilə bir-birinə qənim kəsilirlər.
İŞİD terroru, İraqda və Suriyada baş verənlər… Hələ də insanlar anlamırlar ki, bunları kim edir, nəyə görə edir?
Aytən Sadıqzadə
www.oxu.az