Azərbaycanın məşhur aparıcısı, hazırda Almaniyada xərçəng xəstəliyindən müalicə alan Hacı Nuran Hüseynov Facebook-da məşhur qarmon ustası Ənvər Sadıqovla birlikdə çəkdirdiyi videonu yerləşdirib və geniş status yazıb.
Həmin statusu və videogörüntüləri təqdim edirik:
“... Avqust... Palata... Ağ tavan... Və mən... Tək... Tək olan zaman fikirlərimi daha da yaxşı ifadə edə bilirəm... Xoşbəxtliyi hər kəslə paylaşa bilərsən, ancaq acını paylaşmağa hər zaman ürəyim gəlmir...
... Gecə... Bütün şəhərin yatdığı zaman... Gecənin qaranlığı gözlərimə çökdü... Hələ səhərə çox var... Pəncərədən boylanıb səbirsizliklə yavaş-yavaş günəşin qalxmasını gözləyirəm… Ümidlərim də hər gün doğan günəş kimidir... Yenə də depressiya məni öz tərəfinə çəkir, yenə də kövrəlmişəm... Hər gün, hər an, hər dəqiqə səbirsizliklə müalicənin son gününü və xəstəxanadan tamam çıxmağımı gözləyirəm…
... Bu dəqiqə yanımda duyğularımı anlaya biləcək insan da yoxdur... Amma mənim üçün yalnız qayğı sağaldıcıdır... Çünki mənim bütün xəstəliklərə qalib gəlmə səbəbim ətrafımdakı insanlara məxsusdur... O insanlar da həmişə yanımda ola bilmirlər...
... İtirməkdən qorxduğumuz insanları bir gün yavaş-yavaş itiririk... Ancaq hərdən özümə də bir sual verirəm: “Məni də itirməkdən qorxan biriləri varmı?”...
... Bu cümlələri telefonla yaza-yaza yuxuya getdim... Səhər açılan kimi sükut pozuldu... Qapı açıldı və qapıda Ənvər Sadıqovun siluetini gördüm… Gözlərimə inanmadım... Yenə bir əlində çiçəklər, bir əlində qarmon...
... Bir neçə ay öncə dostum, qardaşım, Azərbaycan Respublikasının əməkdar artisti Ənvər Sadıqovla olan görüşüm məni çox sevindirdi, xəstəliyimi unutdum. Xüsusilə də Ənvərin təşəbbüsü ilə gözləmədiyim halda duet ifa etməsi məsələsi... Professional, super sənətkarla birgə ifamız dostlar arasında adi bir hal olsa da, internet istifadəçiləri arasında paylaşmaq fikrini buradakı dostlarım söylədi. Bir qədər çəkinərək bu ifanı həm də öz dostlarım baxsın deyə öz səhifəmdə paylaşdım. Böyük marağa səbəb olacağını təsəvvür etməzdim...
... Ənvərin ustalıqla məni müşayiət etməsilə ifa etdiyimiz xalq mahnısı “Laçın”, Tofiq Quliyevin “Axşam” mahnısı, Akif İslamzadənin “Ala gözlüm”, “Qarabağ” kimi xalq və bəstəkar mahnılarından qısa parçalar çalmaq mənə böyük zövq verdi… Aldığım smslər dostlarımın da bu kiçik ifanı bəyəndiyini göstərir və yazdığınız xoş sözlərə görə hamınıza təşəkkür edirəm…
... Oxuduğum şərhlərdən təsirlənərək yenə də virtuoz ifaçımız Ənvər Sadıqovla birgə ifamızdan yenilərini sizlərlə bölüşmək istəyirəm… Onu da nəzərə alın ki, musiqi məktəbi bitirmiş olsam da, çoxdandır ifa etmədiyimə görə bir az çətinlik çəkirdim…
... Fikrət Əmirovun “Mən səni araram”, xalq mahnısı “Küçələrə su səpmişəm”, “Qubanın ağ alması”, “Aman ovçu”, Tofiq Quliyevin “Bakı haqqında mahnı” kimi hədsiz dərəcədə sevilən mahnılarımızı Ənvərlə birlikdə ifa etməklə hamınızı sevindirəcəyimdən əminəm..
... P.S.: Artıq qeyd etdiyim kimi mənə burada piano hədiyyə edən, Almaniyada yaşayan, çox istədiyim, mənim dar günümdə yanımda olan gözəl bir insan Emil Həsənova bir daha sonsuz təşəkkürümü bildirirəm… Məndə tez-tez pianoda çalmaq həvəsi reallaşdırdıqlarına görə təşəkkür edirəm.. Həmçinin də bu gözəl çəkilişi lentə alan, çətin günlərimdə mənə qardaşlıq edən, vaxtaşırı öz evində saxlayan, burada yaşayan azərbaycanlıların hamısının sevgisini qazanan Rasim Əsgərova və mənə sürpriz edən, Ənvəri hava limanında qarşılayan və mənim yanıma gətirən, burada – Almaniyada mənə birinci gündən təmənnasız kömək edən, mənə çox-çox dəstək olan, həkimlərimlə daima əlaqə saxlayan İslam Nağıyevə ömür boyu minnətdar olsam da az olar.. Allah sizi həmişə var eləsin… Bütün arzularınıza çatasınız…
... Sonda bir daha deyirəm, əzizim, Ənvər, çox sağ ol. Gəlişinlə mənə nə qədər böyük sevinc bağışladın, həm də mənə yeni həvəs gətirdin, öz doğma musiqilərimizdən qürbətdə mənəvi zövq almağa, vətən ab-havası ilə yaşamağa ilham verdin…
... İnşallah, tezliklə Qarabağımızda qələbəyə nail olan gündə yeni ifalarımızı dostlarımıza təqdim etmək ümidi ilə….”.