Noy
2022
18:24
268
1999
85099
Virtual karabakh

Meyxanaçılar Rəşad Dağlıdan danışdı - YENİLƏNİB + FOTO/VİDEO

9 Noy, 2022
18:24
85099

Meyxanaçılar Rəşad Dağlıdan danışdı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur meyxanaçı Rəşad Dağlı noyabrın 9-u səhər saat 05:00 radələrində 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Baku TV-yə Rəşad Dağlı haqqında danışan meyxanaçılar onun səbirli, dürüst insan olduğunu deyib.

“Qətlə yetirdiyi şəxslə aralarında nə baş verdiyini deyə bilmərəm”, - deyə meyxanaçı Ağamirzə Məmmədov qeyd edib.

16:28

Məşhur meyxanaçı Rəşad Dağlı bu gün səhər saatlarında 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Baku TV-nin əməkdaşı hadisənin təfərrüatını araşdırmaq üçün Rəşad Dağlının yaşadığı binada olub.

Qonşuları meyxanaçının həmin binada ailəsi ilə birlikdə kirayədə yaşadığını qeyd ediblər.

Onlar Rəşad Dağlının cinayət törədə biləcəyinə inanmadıqlarını, onu yaxşı insan kimi tanıdıqlarını deyiblər.

15:29

“Rəşad Dağlı son dövrlər narkomaniya ilə mübarizəyə diqqət ayırırdı. Deyirdi ki, bu biabırçılığa dur demək lazımdır”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Xəzər” TV-nin efirində yayımlanan “Təsir Dairəsi” verilişində Rəşad Dağlının dostu, prodüser Ataş Hüseynov deyib.

O bildirib ki, R.Dağlını illərdir tanıyır və o, insanlara ziyan verən adam olmayıb:

“Mənim hadisənin nə şərtlərdə, nə səbəbdən baş verdiyini bilmirəm. Rəşad haqqında bir onu deyə bilərəm ki, gör nə vəziyyət yaradıblar ki, onu vurub. Düşünürəm ki, Rəşad özünü müdafiə edib. Rəşad sülhsevən adam olub. O, heç efirlərə çıxmırdı ki, qalmaqaldan, söz-söhbətdən uzaq olsun. Onu hansı həddə çatdırıblar ki, Rəşad tək gedib görüşməyə.

Rəşad Dağlı heç vaxt üzərində bıçaq gəzdirən olmayıb. Heç kim deyə bilməz ki, o, nə vaxtsa üstündə bıçaq gəzdirib. Bəlkə də bıçağı qarşı tərəf çıxarıb, kim bilir. Ola bilsin ki, özünü müdafiə edib. Bu məsələlər ekspertizadan sonra dəqiqləşəcək”.

A.Hüseynov onu da əlavə edib ki, R.Dağlının öldürdüyü İ.Mehtiyevin meyxanaçı Ələkbər Yasamallının qohumu olduğuna dair fikirlərə də münasibət bildirib:

“Ümumiyyətlə Ələkbər Yasamallı təxminən 6 aya yaxındır ölkədə deyil. O, Almaniyadadır”.

14:54

Məşhur meyxanaçı Rəşad Dağlı noyabrın 9-u səhər saat 5 radələrində 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Baku TV-nin əməkdaşı hadisənin təfərrüatını araşdırmaq üçün İ.Mehtiyevin yaşadığı ünvana gedib. 

Mərhumun nəşi yaşadığı ünvana gətirilib. 

İ.Mehtiyevin qardaşı hadisənin hansı səbəbdən baş verdiyini bilmədiyini deyib:

“Qardaşım oktyabrın 26-da həbsdən çıxmışdı. Rəşadla aramız yaxşı olub. Səhər Rəşad gəlib İskəndəri qapıdan apardı. Sonra da eşitdik ki, belə hadisə baş verib. Hadisənin səbəblərini bilmirik. Subay idi. Anasının 40 mərasimini yenicə keçirmişdik”.

Ailənin yaxını isə qeyd edib ki, İ.Mehtiyev bıçaqlanmazdan əvvəl döyülüb və üzündə xəsarətlər olub.

13:45

Gecə saatlarında qonşusu İsgəndər Mehtiyevi bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov) ifadə verib. 

Bununla bağlı Sfera.az məlumat yayıb. 

Qeyd edilib ki, Rəşad Dağlı polisə verdiyi ifadədə aralarında məişət zəminində mübahisə baş verdiyini bildirib və qətli şüurlu şəkildə, öldürmək məqsədilə törətdiyini etiraf edib.

11:23

Rəşad Dağlının törətdiyi qətllə bağlı yeni təfərrüat məlum olub. 

Baku TV-nin məlumatına görə, qətl R.Dağlıya məxsus “Niva” markalı avtomobildə baş verib. 

Əldə edilən görüntülərdə avtomobilin salonunda qan izlərinin olduğu aşkar görünür. 

Həmin görüntüləri təqdim edirik:

11:09

Gecə saatlarında qətl törədən meyxanaçı Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. 

Oxu.Az xəbər verir ki, R.Dağlının əməli sübuta yetirilərsə, onu doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

10:57

Meyxanaçı Rəşad Dağlının (Əmirov) qətlə yetirdiyi şəxslə bağlı bəzi detallar məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, qətlə yetirilən İskəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. 

O, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.

10:32

Noyabrın 9-u saat 05:00 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bununla bağlı Qaradağ Rayon Prokurorluğu məlumat yayıb. 

Bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

10:13

Rəşad Dağlının qətlə yetirdiyi şəxs meyxanaçı Ələkbər Yasamallının bibisi oğludur.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Mehtiyev İskəndər Namiq oğlu gecə saatlarında 1984-cü il təvəllüdlü Rəşad Əmirova (Rəşad Dağlı) zəng edib və mübahisə edib. 

Mübahisə zamanı o, R.Dağlıya ağır söyüşlər söyüb və təhqir edib. 

R.Dağlı söyüş və təhqirlərə dözməyərək, İ.Mehtiyevdən ünvan soruşaraq ora gedib. Telefonda yaranan mübahisə üzbəüz davam edib və nəticədə R.Dağlı İ.Mehtiyevə bıçaq zərbəsi vuraraq öldürüb. 

R.Dağlı hadisəni törətdikdən sonra dərhal ərazi üzrə polis bölməsinə gedərək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

08:55

Rəşad Dağlı qətli törətdikdən sonra polis bölməsinə gələrək cinayətini etiraf edib və təslim olub.

Bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirib. 

“Məlumata görə, onlar arasında daha əvvəl də ədavət olub”, - E.Hacıyev qeyd edib.

08:46

Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İskəndər Mehtiyev xeyli vaxt həbsxanada imiş və azadlığa yeni çıxıbmış.

Hadisəyə isə İskəndərin Rəşad Dağlının arxasıyca söyüş söyməsi səbəb olub.

Belə ki, Rəşad Dağlı İskəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və bu gün səhər saat 05:00 radələrində hər iki şəxs yaşadıqları Lökbatan qəsəbəsində görüşüblər.

Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İskəndəri bıçaqlayaraq öldürüb. 

Hadisəni törədən 1984-cü il təvəllüdlü Rəşad Əmirov polis tərəfindən saxlanılıb.

07:49

Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib.

“Report”un əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü meyxanaçı İskəndər adlı şəxsi (soyadı dəqiqləşdirilir - red) bıçaqla öldürməkdə ittiham olunur.

R.Əmirov şübhəli şəxs qismində saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən fakt “Report”a təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.

Aqil Vəlili, Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri