Estoniyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində 2017-ci il oktyabrın 25-dən 27-nə kimi Tallində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Konfransı ilə yanaşı, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 9-cu illik toplantısı keçiriləcək.
Bu barədə Oxu.Az-a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mətbuat xidməti tərəfindən məlumat verilir.
Konfrans daha yaxşı idarəçilik, hökumətlə vətəndaş cəmiyyəti arasında dialoq, hökumətdə şəffaflığın təşviqi üçün texnologiyanın istifadəsi və iqtisadi inkişaf üçün inklüziv yanaşmaları müzakirə etmək üçün bir platforma olacaq.
Konfransın iştirakçıları demokratik inkişafa əsas maneələri müəyyənləşdirən və onları aradan qaldırmaq üçün hökumətlər və vətəndaş cəmiyyəti təşkilatlarının bir yerdə hansı işləri görə biləcəklərinə dair tövsiyələr verən Vətəndaş Cəmiyyəti Bəyannaməsini qəbul edəcəklər.
Qeyd edək ki, Şərq tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyəti ilə hökumətlər arasında yaxın əməkdaşlığı təşviq etmək üçün Avropa İttifaqı 2014-cü ildən 2016-cı ilə kimi 600-dan çox təşkilatı əhatə edən 260-dan çox yeni layihə maliyyələşdirib.
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Konfransını Estoniya sədrliyi, Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi və Avropaya inteqrasiyanı təşviq edən, islahatların həyata keçirilməsini və regionda demokratik dəyişiklikləri dəstəkləyən regional vətəndaş cəmiyyəti platforması olan Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu təşkil edib.
Bu tədbir iki ildən bir Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində keçirilir. Builki sammit noyabrın 24-də Brüsseldə baş tutacaq.
N.О.