ABŞ Helsinki Komissiyasında keçirilən brifinqi normal dəyərləndirirəm. Bu brifinqin əsas məqsədi tərəfdaş olan iki ölkənin öz aralarında mövcud münasibətləri inkişaf etdirməkdə maraqlı olduqlarını ifadə etmək idi.
Oxu.Az xəbər verir ki, bu açıqlamanı APA-ya ABŞ Helsinki Komissiyasında Azərbaycanla bağlı brifinqdə iştirak etmiş Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin üzvü Asim Mollazadə verib.
Millət vəkili brifinqdə Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin demokratik əsaslarda keçirilməsi ilə bağlı Birləşmiş Ştatların mövqeyi ifadə olunduğunu deyib:
“Brifinqdə ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə müavininin köməkçisi Thomas Melia, Milli Demokratiya Fondunun Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy iştirak edirdi. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov brifinqdə çıxış etdi. Bundan başqa Eldar Namazov və Erkin Qədirli brifinqdə öz mövqelərini çatdırdılar. Müxtəlif məsələlər müzakirə olundu, tənqidi xarakterli məlumatlar səsləndi, Azərbaycan rəsmiləri bu fikirlərə münasibət bildirdilər. Hesab edirəm ki, bu cür brifinqlər normal hal daşıyır. Mənə elə gəlir ki, belə brifinqlərdə iştirak etmək, fikir mübadiləsi aparmaq Amerika cəmiyyətinin, Amerika siyasətçilərinin bölgə barəsində məlumatlarını artırır”.
Asim Mollazadə brifinqdə ABŞ təmsilçilərinin çıxışlarına da münasibət bildirib:
“Bu çıxışları da normal dəyərləndirirəm. Onlar Azərbaycanın qeyri-hökumət təşkilatlarından aldıqları məlumatlar əsasında öz fikirlərini ifadə edirdilər. Bu cür müzakirələr hər zaman bölgə haqqında bilikləri artırmağa, məlumatlandırmağa xidmət edir”.
Millət vəkili brifinqin keçirildiyi Helsinki Komissiyasının Konqresin müvafiq komissiyası olduğunu deyib:
“Komissiyaya həm Senatdan, həm Nümayəndələr Palatasından üzvlər daxildir. Brifinqdə Senatın və Nümayəndələr Palatasının üzvləri iştirak etmirdi. Sadəcə Konqres Aparatının nümayəndələri, üzvləri qatılmışdı. Bu komissiya ABŞ Konqresində Helsinki sazişindən sonra ATƏT-in sənədlərinin hər bir üzv ölkədə necə yerinə yetirildiyini monitorinq edən bir qurumdur”.
Asim Mollazadə brifinqdə müxtəlif mövzulara toxunulduğunu deyib:
“Brifinqdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, bir milyona yaxın qaçqın və məcburi köçkünün taleyi, Dağlıq Qarabağda azərbaycanlılara qarşı aparılan etnik təmizləmələr, Moldova ombudsmanı Aureliya Qriqoriunun İrəvanda üzləşdiyi problemlər və sair bu cür məsələlər səfir Elin Süleymanov və Səməd Seyidov tərəfindən qaldırıldı. Mənim də sual vermək imkanım oldu, bölgədə mövcud olan problemlərlə bağlı sual verdim. Bu sualım cənab Tomas Meliaya ünvanlanmışdı. O da prinsip olaraq mənim narahatlığımı bölüşdü və qeyd etdi ki, bölgədə xarici təzyiqlər heç kimə xeyir gətirməyəcək”.
Millət vəkili keçirilən tədbirin dinləmələr kimi təqdim olunmasının yanlış olduğunu qeyd edib:
“Bu dinləmələr deyil, brifinq idi. Bu ifadələr arasında fərq var. Dinləmələr senatorlar tərəfindən həyata keçirilir. Brifinq isə Konqres aparatı üçün məlumatlandırma sessiyası xarakteri daşıyır”.