"2025-ci ilin yekunlarına görə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixrac dəyəri 837 milyon ABŞ dollarını keçib".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

Onun sözlərinə görə, bunun 696 milyon dollarlıq hissəsi meyvə-tərəvəz olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31% çoxdur.
"Kənd təsərrüfatı məhsulları qarşılıqlı ticarət dövriyyəsinin strukturunda mühüm yer tutur. Rusiya bazarı Azərbaycanın qeyri-neft ixracının əsas istiqaməti olaraq qalır. Eyni zamanda, ötən il Rusiyadan kənd təsərrüfatı məhsullarının idxal dəyəri 832 milyon ABŞ dollarından çox olub", - deyə hökumət rəsmisi əlavə edib.
O, xatırladıb ki, 2025-ci ildə iki ölkə 4.9 milyard ABŞ dolları, bu ilin I rübündə isə 750 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.